Qvami Məhəbbətoğlu |
Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden qondarma “erməni soyqırımı” ifadəsini işlədib. Bununla da o, 1915-ci il olaylarından sui-istifadə edərək, daha doğrusu, tarixi həqiqətləri təhrif yolu seçməklə dünya tarixini saxtalaşdırmağa, yeni bir tarix yazmağa cəhd göstərib. Qondarma “erməni soyqırımı” məsələsini siyasətçilər deyil, tarixçilər araşdırmalıdır” deyən siyasətçilərin fikrincə, Türkiyənin bu məsələdə mövqeyi bəllidir: tarixçilərdən ibarət ortaq komissiya yaradılmalı və arxivlər açılmalıdır. Türkiyə buna tam hazırdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifi hələ də aktualdır. Amma üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan arxivlərini açmır. Çünki dünyada Türkiyəyə qarşı apardıqları iftiranın arxivlərinin açıldığı təqdirdə üzə çıxacağını yaxşı bilirlər. Odur ki, ermənilər dünya liderlərini ələ almaqla öz çirkin niyyətlərinə çatmağa çalışırlar. ABŞ-ın dövlət başçısının tarixi həqiqətləri danaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qiymətləndirməsi isə bu ölkədə erməni diaspor təşkilatlarının təzyiqi kimi dəyərləndirilməlidir. Bunu həm də regionla bağlı marağı olan bir dövlətin addımı kimi xarakterizə etmək olar.
Şübhəsiz, ABŞ prezidentinin erməni havadarlarını sevindirmək məqsədilə belə bir populist addım atması son illər inkişaf etmiş Türkiyənin dünya miqyasında, eləcə də Cənubi Qafqazda yüksələn nüfuzuna xələl gətirməkdən başqa bir şey deyil. Amma ermənipərəst Bayden unudur ki, bu gün onların qarşısında böyük iqtisadi, siyasi, hərbi və diplomatik gücə malik Türkiyə dövləti dayanıb. Artıq bu, bir həqiqətdir ki, ABŞ-la strateji əlaqələrinə baxmayaraq, bu gün bəzi məqamlarda Türkiyə müstəqil qərarlar verir, öz milli maraqlarını üstün tutur. Şübhəsiz, bu da ABŞ-ın da maraqlarına uyğun gəlmir.
Qardaş Türkiyə edilən təzyiqlərə baxmayaraq, milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Aprelin 24-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Baydenin fikrinin yanlış olduğunu bildirməklə yanaşı, Azərbaycanın da hər zaman Türkiyənin, yəni haqqın, ədalətin yanında olduğunu bir daha vurğulayıb.
Şübhəsiz, Co Baydenin belə addımı həm də ABŞ kimi bir ölkənin vaxtilə həyata keçirdiyi bu kimi əməliyyatların üzə çıxmasının qarşısını almağa yönəlib. Bu ölkənin tarixində isə belə soyqırımlar kifayət qədərdir. Bu məqamda Nobel mükafatçısı, biokimyaçı-alim Aziz Sancarın xatirələrini müraciət etsək, yerinə düşərdi. O yazır: “Bir gün Los-Ancelesdə alış-veriş edirdim. Çıxışda kassir qız soruşdu:
- Siz haralısınız?
- Türkiyəli, türkəm.
- “Midnight Express” filmini izlədim. Siz türklər faşistsiniz.
- Xanım, mən isə Naqasaki və Xirosimanı izlədim. Amma bu, film deyildi". Biz hələ dünyanın ən güclü ölkəsi sayılan ABŞ-ın 19-cu əsrdə minlərlə hinduya, eləcə də digər xalqlara qarşı sözün həqiqi mənasında həyata keçirdiyi digər soyqırım aktlarını demirik. Siyasətçilərin fikrincə, dünyada ölkələrin soyqırım indeksi hazırlansa, bu siyahıda ABŞ birinci yerdə olar. Belə bir ölkənin Ermənistana havadarlıq etməsi isə çirkin siyasi oyundan başqa bir şey deyildir.
Doğrudur, artıq işğalçı Ermənistan və ermənilər Baydenin işlətdiyi ifadədən öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün cəhdlər edəcəklər. Artıq buna başlayıblar. Elə həmin gün Nikol Paşinyan və digərləri Baydenin işlətdiyi ifadənin “erməni soyqırımı” üçün yeni səhifə açacağını da bəyan ediblər. Amma onların bu cəhdlərinin beynəlxalq aləm tərəfindən qəbul olunmayacağı şəksizdir.
Co Baydenin həmin açıqlamasının ABŞ-a nə verəcəyini isə zaman özü göstərəcək. Amma görünən budur ki, Türkiyəni heç vaxt törətmədiyi cinayətdə ittiham edən ABŞ prezidenti işlətdiyi sərsəm ifadə ilə Amerikanın müsəlmanlarla bağlı məsələlərə ikili standartlardan yanaşmaqda davam etdiyini göstərir. Şübhəsiz, bu həm də bölgədəki əməkdaşlıq, həmçinin sabitlik ümidlərini zədələməyə yönəldilmiş bir açıqlamadır.