KÖŞƏ

Zahid Rza

Ermənistanın anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti C.Sorosun maraqları kontekstində

22 aprel 2021 21:46
1527

Sirr deyil ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan dünyanın ayrı-ayrı ölkələrində baş tutan “rəngli inqilabların” xaç atası Corc Sorosun rəhbərlik etdiyi Soros fondunun əli ilə “inqilab” edərək hakimiyyətə gəlib. Buna görə də siyasi aləçox vaxt Ermənistanın baş nazirini və komandasını “Sorosun uşaqları” adlandırırlar. Onun komandasında təmsil olunanların böyük əksəriyyəti demək olar ki, Soros fondunun, Açıq Cəmiyyət Təşkilatının və “Amnesty International”ın nümayəndələridir. Bu barədə ölkəmizin başçısı deyib: “Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünükü rəhbərliyi Soros fondunun təsiri olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub”.

Gizli deyil ki, N.Paşinyanın iqtidarında əsas vəzifələri məhz Corc Sorosun dəstəklədiyi QHT-çilər tuturlar. Məsələn, “Qazeta.Ru” Raffi Ovanisyanın başçılıq etdiyi qərbyönümlü “İrs” partiyasının üzvü, Ermənistan Dövlət Nəzarət Xidmətinin keçmiş rəhbəri David Sanasaryan haqda yazırdı ki, məhz bu şəxs RF səfirliyinin binasını yumurta atəşinə tutması ilə məşhurlaşıb. Həmçinin mətbuatda yazılanlardan məlum olmuşdu ki, Xüsusi Ermənistan İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı-Soros fondunun İdarə Şurasının sədridir. Eyni zamanda, 27 yaşlı Rüstəm Badasyanın ədliyyə naziri vəzifəsinə təyin olmasına qədər Soros fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın protejesi, yəni himayəsində olan şəxs olub. “Rosbalt”ın yazdığına görə, Soros fondu respublikada KİV, jurnalist araşdırması, siyasi araşdırma, gənclər siyasəti, insan hüquqları müdafiəsi, elm, təhsil və s. daxil olmaqla, demək olar ki, bütün faəliyyət sahələrini əhatə edən “Açıq cəmiyyət”in himayəsi altında 60-a yaxın təşkilatı maliyyələşdirir. Soros fondu Ermmənistana COVID-19-la mübarizə üçün 600 min dollar ayırıb. Yeri gəlmişkən, Ermənistan yeganə ölkələrdəndir ki, koronavirusla mübarizədə Soros fondu tərəfindən yardım edilib. Təkcə 2019-cu ildə Soros fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib.

Hazırda Ermənistanda C.Soros və onun fondu haqqında tənqidi fikirlər səsləndirmək demək olar ki, qeyri-rəsmi olaraq qadağan olunub. Onun haqqında həqiqətləri söyləyənlər təqib və işgəncələrə məruz qalırlar. Bir müddət əvvəl Sorosun və onun strukturlarının Ermənistanın siyasi və ictimai həyatında iştirak etməsini tənqid edən “Veto” təşkilatının fəalları güc strukturlarının əməkdaşları tərəfindən repressiyalara uğrayıblar. 2020-ci ilin əvvəllərində “Veto”nun təsisçisi Narek Malyan və müxalif “Adekvat” partiyasının funksioneri Konstantin Ter-Nakalyan onlara aid edilən “qanunsuz silah saxlanılmasına və gəzdirilməsinə görə” polis tərəfindən saxlanılıblar.

Əslində bütün bunlar Ermənistan ictimaiyyətinə bəllidir. Bir müddət əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan yerli televiziyaya müsahibələrinin birində bildirmişdi ki, Sorosun fəaliyyəti Ermənistana təhlükə yaradır.Təsadüfi deyil ki, ötən ilin noyabr ayında N.Paşinyanın əleyhinə keçirilən mitinqlər zamanı etirazçılar Soros fondunun ofisinə basqın edərək oranı dağıtmışdılar.

Bu gün dünyanın ayrı-ayrı ölkələrində insan haqları, demokratiya, azadlıq pərdəsi altında “rəngli inqilablar”, ixtişaşlar, üsyanlar törədərək öz məkrli məqsədlərinə nail olmağa çalışan Soros fondunun əsas hədəflərindən biri də bizim ölkəmizdir. Azərbaycana düşmənçilik mövqeyi ilə tanınan bu fond ölkəmizə qarşı təxribatçı əməllərini bu gün də davam etdirir. Soros fondunun Azərbaycana qarşı təxribatçı fəaliyyəti, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və bəzi beynəlxalq təşkilatlarda maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə almaq cəhdi, Sorosun Ermənistan hakimiyyəti ilə əlaqələri, eləcə də erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti üzdəniraq C.Sorosun maraqları ilə uzlaşır. Bu günlərdə işğalçı ölkənin “hərbi əsirlər” məsələsinin AŞPA-nın yaz sessiyasının gündəliyinə salmaq üçün həmin lobbiçi və sorosçu deputatlardan aldığı dəstək də bunun əyani təsdiqidir. Əslində isə AŞPA-dakı ermənipərəstlər də yaxşı bilirlər ki, onlar “hərbi əsir” yox, noyabrın 26-da, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törətmək üçün göndərilən təxribatçı cinayətkarlardır.

Bu gün 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə düçar olan, iqtisadi-sosial, hərbi -siyasi böhran məngənəsində sıxılan, humanitar fəlakətin pik nöqtəsinə çatdığı Ermənistanda N.Paşinyanın avtoritar idarəçiliyi, vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən təqiblər, aksiyaların dağıdılması, onun təşkilatçılarının həbs olunması və s. Soros “demokratiyasının” iç üzüdür.