KÖŞƏ

Zahid Rza

Düşmənlərimizə qahmar çıxan antimilli ünsürlər

19 aprel 2021 23:56
1525

30 ilə yaxın müddətdə anti-Azərbaycan qüvvələrlə işbirliyinə girərək düşmən dəyirmanına su tökən dağıdıcı müxalifətin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların ətrafındakılar bu gün də Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirərək dünya erməniliyi ilə eyni cəbhədə yer alırlar. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə başlatdığı bərpa-quruculuq işlərini sürətləndirməsi, soydaşlarımızın 30 illik düşmən işğalından azad edilmiş torpaqlara qaytarılması istiqamətində görülən işlər, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dövlətimizin başçısının xalq arasında inam və etibarının gündən-günə güclənməsi, reytinqinin yüksəlməsi, deyəsən, bu antimilli dəstənin yuxusunu ərşə çəkib.

Başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifətdə təmsil olunanlar bu günə qədər işğalçı Ermənistanın hərbi cinayətləri ilə bağlı bir kəlmə də olsun danışmayıblar. Bu satqınlar düşmən ölkənin minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırması ilə bağlı cınqırlarını belə çıxarmayıblar. Axı onlar yaxşı anlayırlar ki, bu minalar Azərbaycanın hərbçiləri və mülki şəxsləri arasında çox ciddi itkilərə səbəb olur. Ermənilər tərəfindən basdırılan minalar münaqişədən sonrakı dövrdə mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün çox ciddi təhdiddir. Hazırda işğaldan azad edilmiş ərazilərin kütləvi minalanması Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə ciddi əngəl yaradır.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Belə olan halda görəsən, niyə dağıdıcı müxalifətin başbilənləri, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri bu məsələlər ilə bağlı ağızlarına su alıb durur, bir dəfə də olsun etiraz səslərini ucaltmırlar? Bu xəyanətkarların bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşünə də münasibət bildirməmələri, bütün bunları görməzdən gələrək susqunluqla qarşılamaları da əslində çox mətləblərdən xəbər verir.

Dağıdıcı müxalifətin dəstəbaşıları özləri də yaxşı bilirlər ki, təcavüzkar Ermənistanın hərbi cinayətləri yalnız bunlarla da bitmir. İşğalçı ölkə regionda uzunmüddətli sülhə və təhlükəsizliyə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edən, 2020-ci il noyabrın 10-da Rusiya Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozur və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər, daha doğrusu, terrorçular göndərir. Belə ki, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərə göndərilib. Bu təxribatçı dəstə Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Ə.Kərimli, C. Həsənli, G. Hacıbəyli və bu kimi nadürüst xainlər bu günə qədər bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə bir dəfə də olsun müraciət etməyiblər. Cəmiyyətimiz bu dağıdıcı, pozucu, xəyanətkar zümrənin Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra milli maraqlarımıza xidmət edən mövqeyinə, bir çıxışına və bəyanatına heç rast gəlməyib. Əksinə, onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün erməni lobbisi ilə işbirliyinə girərək şəxsi maraqları və ambisiyaları naminə milli maraq və mənafelərimizə qarşı zidd əməllərini bu gün də davam etdirirlər.  Antimilli ünsürlər tarixi Zəfərimizə kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər. Satqın, şərəf və ləyaqətini itirən məlum antimilli qüvvələr bu gün hətta Rusiya Federasiyası Dövlət Dumasının ermənipərəst və anti-Azərbaycan fikirləri ilə tanınan deputatı Vitali Milonov və erməni lobbisi ilə, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını nümayiş etdirməkdən, Hərbi Qənimətlər Parkı ilə bağlı düşmənlərimizin söylədiklərinə qahmar çıxmaqdan belə çəkinmirlər. Daha nə deyəsən? Belələri haqqında dahi M.Ə. Sabir hələ yüz il bundan əvvəl belə deyib: “Kim nə deyər bizdə olan qeyrətə?!  Qeyrətimiz bəllidir hər millətə!”...