KÖŞƏ

Zahid Rza

Zəngəzur dəhlizi o zaman açıla bilər ki,..

15 aprel 2021 20:58
1729

 

44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanan Azərbaycan noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğulu fəaliyyət göstərir. İstər bu Bəyanat, istərsə də yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmaların məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə, dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmiryolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Bu razılaşmalar əsasında açılması nəzərdə tutulan Zəngəzur dəhlizi mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Əvvəla, ölkə başçısının söylədiyi kimi, ilk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Burada vacib məqamlardan bir də odur ki, bu dəhliz vasitəsilə Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışı təmin ediləcək. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsinin geosiyasi əhəmiyyətini artıracaq, həmçinin türk dünyasının əlaqələrini xeyli möhkəmləndirəcək, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təminatçısı rolunu oynayacaq. Zəngəzur dəhlizinin reallaşması ilə türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq, bu coğrafiyada mövcud əməkdaşlıq daha da dərinləşəcək. Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək bu dəhliz Orta Asiya ilə Avropanı birləşdirəcək, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək.

Göründüyü kimi, Zəngəzur dəhlizinin region ölkələrinə təqdim etdiyi bütün imkanlar deməyə əsas verir ki, bu dəhlizin yaradılması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə əlverişli şərait yaradacaq, region ölkələri arasında qarşılıqlı iqtisadi münasibətləri daha da dərinləşdirəcək. Beləliklə, dayanıqlı iqtisadi inkişaf, sülh, əməkdaşlıq, təhlükəsizlik, öz növbəsində, gələcəkdə yeni münaqişələrin yaranmasının qarşısını alacaq.

 Zəngəzur dəhlizi Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Öz növbəsində, sosial-iqtisadi, siyasi, hərbi böhran məngənəsində sıxılan Ermənistan da bu dəhlizin bütün üstünlüklərindən, regional əməkdaşlıqdan faydalanmaq, iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə təcavüzkarlıq siyasətindən, qonşularına, ilk növbədə, Azərbaycana və Türkiyə Respublikasına qarşı ərazi iddialarından əl çəkməli, qondarma “erməni syqırımı”ndan imtina etməlidir. Əks təqdirdə, bu ölkə yenə də regional layihələrdən kənarda qalar, böhran, işsizlik, mühacirət və yoxsulluq uzunmüddətli prosesə çevrilərək bu ölkəni çökdürər. Ermənistan xüsusilə bu məsələlərdə qardaş Türkiyənin varlığını, mühüm rolunu heç vaxt unutmamalıdır.

Prezident İlham Əliyev bu günlərdə ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda bir daha vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz: “Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir”.