KÖŞƏ

Qvami Məhəbbətoğlu

Kim müharibəni tamaşa predmetinə çevirir: Ərazilərini işğalçılardan təmizləyən Azərbaycan, yoxsa təcavüzkarı dəstəkləyən Fransa?

15 aprel 2021 21:15
8300

Ermənistanın havadarları Vətən müharibəsindən sonra da faşizm ideologiyasına xidmət edən bu işğalçı ölkəni dəstəkləməyə çalışırlar. Hətta bəzi ölkələrin erməni lobbisinin təsiri altında olan rəsmiləri bununla bağlı çıxışlar da etməkdədirlər. Başqa sözlə desək, onlar hələ də özlərini Ermənistanın vəkilləri kimi aparmaqdadırlar. Görünür, belələri hələ də Azərbaycanın erməni vəhşiləri üzərindəki Qələbəsini həzm edə bilmirlər. Bunu dünyanın bəzi mətbuat orqanlarında dərc olunan materiallardan, sosial şəbəkələrdə edilən paylaşımlardan görmək olur. Utandırıcı haldır ki, onların sırasında beynəlxalq hüquq normalarına məhəl qoymayan rəsmi şəxslər də var. Məsələn, bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Ermənistandakı səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərh verərkən, “müharibə tamaşa predmeti olmamalıdır” ifadəsini işlədib. Bununla da fransalı diplomat bir daha erməni faşizminə xidmət etdiyini açıq-aydın büruzə verib.

Bəri başdan həmin səfirin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda təşkil edilmiş Hərbi Qənimətlər Parkı erməni faşizmi üzərində qələbəmizin simvoludur. İkincisi, dünya praktikasında belə parklar, muzeylər mövcuddur. Buna misal kimi Çin Xalq Azadlıq Ordusunun Muzeyini, eləcə də İkinci Dünya müharibəsi zamanı Sovet ordusunun ələ keçirdiyi hərbi qənimətlərin Qorki şəhərində (indiki Nijni Novqorod) sərgiləndiyi hərbi qənimətlər parkını göstərmək olar. Bununla da onlar öz zəfərlərini əbədiləşdiriblər. Eyni zamanda, müharibənin ölkələrə, insanlara gətirdikləri müsibətləri dünyaya bəyan etməyə çalışıblar.

Elə Ermənistanın faşist xislətini olduğu kimi, real faktlarla ortaya qoyan Hərbi Qənimətlər Parkı da bu missiyadan irəli gəlib. Amma erməni lobbisinə xidmət edən, ermənilərin səhnələşdirmək istədikləri tamaşalarda əcnəbi aktyor kimi çıxış edən  bu binəva səfir hələ də anlamır ki, istənilən qalib, müzəffər ordunun şanlı qələbəsini əks etdirən uğurların gələcək nəslə çatdırılmasını, xalqın döyüş ruhunun yüksək qalmasını təmin etmək üçün belə addımların atılması zəruridir. Şübhəsiz, burada nümayiş olunan real faktlar min illər boyu təkcə Azərbaycan xalqının deyil, insanlığın erməni faşizmindən qorumasına xidmət göstərəcək. Bu məsələdə hansısa tamaşa barədə danışmaq isə ağılsızlıqdan başqa bir şey deyil. Bir də bu fransız səfir unutmamalıdır ki, nəyi, Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparıb və özünün ərazi bütövlüyünü təmin edib. Dağlıq Qarabağ Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır.

Yeri gəlmişkən qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə həmsədr ölkə kimi bitərəfliyini tam unudan Fransa açıq-aşkar Ermənistana dəstək nümayiş etdirib. Bunu müharibə zamanı Fransa prezidenti Makronun, ölkənin xarici işlər nazirinin bəyanatları da təsdiqləyir. Eyni zamanda Fransadan təcavüzkar ölkəyə silah-sursat göndərilib. Bütün bunlar azmış kimi Fransa terrorçu PKK və ASALA kimi qrupların üzvlərinin Ermənistana aparılması üçün şərait yaradıb. Zənnimizcə, digər məsələləri də vurğulamaq yerinə düşərdi. Müharibə dövründə təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırıb. Bundan əlavə, Fransa Senatının və Milli Assambleyası da Ermənistanı dəstəkləyib. Bu ölkənin diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və həmin fəaliyyət sonra da davam etdirilib. Bütün bunlarla da demokratiyadan az qala bütün dünyaya dərs keçməyə cəhdlər edən Fransa kimi ölkə digər bir dövlətin işğaqalçılıq siyasətinə bəraət qazandırmağa çalışıb. Bu mənada Fransa  ermənipərəstliyi, erməni “sevgi”si ilə özünün dövlət siyasətini əhəmiyyətli dərəcədə zədələyib.

Bu səfir hələ də anlamaq istəmir ki, müharibəni əsl tamaşa predmetinə çevirən erməni vandallarıdır. Özü də həmin səfir bu tamaşaya hər gün baxır. Bu baxımdan faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin təəssübünü çəkmək görəsən hansı əxlaqa, yaxud beynəlxalq normalara uyğun gəlir? Odur ki, Fransanın Ermənistandakı səfirinin insana nifrətdən danışmağa, ermənilərin maraqlarına uyğun tamaşalar hazırlamağa heç bir haqqı yoxdur.

Bu məqamda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransanın Ermənistandakı səfirinin Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhinə münasibəti ilə bağlı suala cavabını da diqqətə çatdırmaq istərdik: “Fransanın Ermənistandakı səfirinin hər hansı bir məsələ ilə bağlı şərh bildirmədən öncə öz ölkəsinə nəzər salması, bu və ya digər məsələlərin onun ölkəsində nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsi yaxşı olardı. Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!”