KÖŞƏ

Qvami Məhəbbətoğlu

Erməni faşizminin iç üzünün açılmasına xidmət edən səfərlər

09 aprel 2021 23:07
6280

Prezident İlham Əliyev ötən il noyabrın 6-da BBC News-a müsahibəsində torpaqlarımız azad ediləndən sonra atacağımız ad­dımların məzmun və miqyasını, daha doğrusu, qaniçən düşmənlərimizin işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşiliklərin bu və ya digər formada dünyaya  çatdırılacağını bildirmişdi. Həmin formalardan biri kimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin, eləcə də müxtəlif beynəlxalq təşkilatların üzvlərinin, ictimai fəalların işğaldan azad edilmiş məkanlara səfərlərinin təşkili nəzərdə tutulmuşdu.

Son günlər daha da intensivləşən bu missiya uğurla davam etdirilir. Məqsəd ondan ibarətdir ki, hər kəs erməni barbarlığını, onların müstəmləkəçilik siyasəti ilə müqayisə olunacaq vəhşiliklərini görsün. Görsün ki, Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda, regionda meydan sulamağa cəhd edən erməni faşizmini məhv edib. Bir sözlə, Ali Baş Komandanın təlimatına uyğun olaraq səfirlərin hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərlərinin, beynəlxalq təşkilatların üzvlərinin, həmçinin xarici jurnalistlərin artilleriya hücumlarına məruz qalmış şəhər və kəndlərimizə, eləcə də işğaldan azad edilmiş rayonlara səfərlərinin təşkili dünya ictimaiyyətinin erməniləri daha yaxşı tanımasına xidmət edir.

Diplomatların  və digər qurumların nümayəndələrinin gördüklərindən sonra dilə gətirdikləri heyrət və qəzəbin miqyasında bütün bunların şahidi olmaq mümkündür. Məsələn, Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra açıqlamasında bildirmişdir ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”. Bütün bunlar bir daha Azərbaycanın haqq işinin hamı tərəfindən dəstəkləndiyindən xəbər verir. Bu baxımdan demək olar ki, səfərlərin hər biri tarixi hadisə kimi dəyərlidir.

Elə bu diplomatik addımların nəticəsidir ki, bu gün  yalnız  müsəlman dövlətləri deyil, dünyanın bütün ölkələri Azərbaycanın Qələbəsini alqışlayır, son 30 ildə ərazilərimizin 20 faizini viranəyə çevirmiş terrorçu, təxribatçı,  vəhşi xislətli düşmənlərimizi lənətləyirlər. Bu isə son dərəcə vacibdir. Çünki bu addımlar həm də ölkəmizin beynəlxalq aləmdə reytinqinin daha da yüksəlməsinə xidmət edir.

Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən bu vacib məsələyə toxunaraq demişdir ki, onlar şahidi olduqları erməni vəhşilikləri barədə açıq bəyanatlar verirlər. Şübhəsiz, bu da erməni faşizminin iç üzünün bir daha açılmasında mühüm rol oynayır: “Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır.”