KÖŞƏ

Zahid Rza

Erməni kilsəsinin mahiyyəti: Xaç və silah

05 aprel 2021 23:36
1436

Son iki yüz il ərzində erməni qriqorian kilsəsinin və katalikoslarının təlimat və göstərişləri ilə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən böyük terror aktları törədilmiş, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliam və soyqırımına məruz qalmış, yaşayış məskənlərimiz, mədəni və dini abidələrimiz məhv edilmiş, məscidlərimiz yandırılmış, təhqir olunmuşdur.

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşündə bu barədə deyib: “Təəssüflə qeyd edirəm ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edirlər”. 

A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu II Qaregin dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcək.

Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan 44 günlük müharibə zamanı erməni qriqorian kilsəsinin nümayəndələri, xüsusilə katolikos II Qaregin Ermənistan silahlı qüvvələrinin müharibə zamanı dinc əhaliyə qarşı qadağan olunmuş silah-sursatlardan istifadə olunanda nəinki səsini çıxartmayıb, əksinə qeyri-humanist, dini, etnik və irqi ayrı-seçkilik mövqeyi nümayiş etdirərək bu cəlladların insanlıq əleyhinə yönəlik fəaliyyətinə rəvac verib. Şübhəsiz, bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərində, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub. Erməni katolikosu Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin tarixi, mədəni və dini abidələri dağıtmasına, meşələri məhv etməsinə, həmçinin su mənbələrini zəhərləmələrinə bir din xadimi, Allah adamı kimi də etiraz etməyib. Əksinə, II Qaregin öz sələflərinin yolunu davam etdirərək münaqişənin başladığı ilk vaxtlardan, eləcə də indi onu dini müstəviyə çəkmək, xristian-müsəlman savaşı kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır, dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır. Bu da təsadüfi deyil. Belə ki, erməni kilsəsi yarandığı vaxtdan bu günə qədər dini siyasi alətə çevirərək, din pərdəsi altında terrorla məşğul olaraq ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinə rəhbərlik edib. Erməni Qriqorian kilsəsi hətta bir sıra erməni terror təşkilatlarının yaradılmasının baş memarı rolunu oynayıb.

Ermənistandan fərqli olaraq Azərbaycanda yüz illər boyunca ayrı-ayrı dinlərin nümayəndələri dinc şəraitdə yaşayıblar. Ölkəmizdə tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar. Azərbaycan bu bu baxımdan dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Əzəli diyarımız Qarabağın tarixi-mədəni irsi, bu ərazilərdə islam və xristianlıq dinlərinin yanaşı inkişaf etməsi, məscidlərlə bərabər, xeyli sayda alban məbədlərinin də olması Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin bariz nümunəsidir. İnsanlıqdan uzaq olan erməni faşistləri bub əksinə olaraq 30 illik işğal zamanı həmin dini abidələri, məscid və məbədləri dağıdıb, qədim Alban irsinə ziyan vuraraq onları özününküləşdirmək, xristian dini abidələrinin mənşəyini belə dəyişdirmək üçün ən çirkin vasitələrdən istifadə ediblər. Xüsusilə qədim alban xristian abidələrini mənimsəməklə onlara xas olan detal və yazıları qazıb erməni element və yazılarını əlavə ediblər.

Monoetnik dövlət olan Ermənistan fərqli olaraq Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur və inşa edilir. Ölkəmizdə hətta katolik kilsəsi inşa edilib. Bundan başqa, Bakıda erməni kilsəsi dövlət səviyyəsində qorunur. Ermənilər tarixən torpaq işğalı ilə yanaşı, mənəvi təcavüzə əl ataraq  bizim dini abidələrimizi də təhqir ediblər. Bu vəhşilər məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar göstərərək dini-mədəni abidələrimizə, bütövlükdə İslam mədəniyyətinə qarşı əsl vandal kimi davranıblar. Bütün bunlar göstərir ki, başda II Qaregin olmaqla dünya erməniliyi üçün müqəddəs heç nə yoxdur və olmayacaqdır da…