KÖŞƏ

Qvami Məhəbbətoğlu

Revanşistlərə xatırlatma: Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir

05 aprel 2021 21:27
4720

Otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, təkcə düşmən üzərində yox, həm də ikili standartlar üzərində qələbə kimi yaddaşlara həkk olundu.  Təəssüf ki, düşmən dairələr bu gerçəkliyi hələ də qəbul edə bilmirlər. Hətta onlar iddia edirlər ki, guya 44 günlük müharibəni uduzan erməni xalqı, hətta erməni ordusu yox, fərasətsiz Baş nazir Nikol Paşinyan və onun hökumətidir. Bir sözlə, Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiyaya qarşı çıxır,  Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Yəni, bu gün də Ermənistanda köhnə iqtidar klanlarına, hərbi xuntaya məxsus bəzi siyasi qüvvələr - koçaryanlar, sarkisyanlar, həmçinin onların tör-töküntüləri  revanş niyyətindədirlər.

Onlar özləri kimi şovinist qüvvələri ətraflarına toplayıb Qarabağla bağlı alçaq planlar qururlar. Hətta bu qüvvələrin məsləhətləri, çağırışları ilə müxtəlif təşkilatların yaradılmasına da cəhdlər göstərilir. Məsələn, 1992-ci ildə Şuşanın işğalının əsas təşkilatçılarından biri olmuş və bu günlərdə, daha doğrusu, martın 31-də gəbərmiş erməni general-mayor Arkadi Ter-Tadevosyan tərəfindən təşkil edilmiş “Vətəndaş şura”sını buna misal göstərmək olar. Bir neçə gün öncə həmin qurumun üzvü Tatul Manaseryan bildirib ki, Şuşanın azad edilməsi olduqca realdır. Hətta o, ərz edib ki, bu məqsədlə  Vətəndaş Şurasında hər biri öz imkanlarını səfərbər etmiş 12 qrup fəaliyyət göstərir və bu iş davam etdiriləcək.

“Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Qarabağ qazisi, hərbi ekspert Əhliyyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  əgər erməni faşizmi bir daha baş qaldırsa işğalçı ölkənin bir dövlət kimi varlığına son qoyula bilər: “Unutmasınlar ki, Vətən müharibəsində düşmənə qan udduran Azərbaycanın dəmir yumruğu hazır vəziyyətdədir və bu missiyanı da yerinə yetirməyə qadirdir. Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyev da öz çıxışlarında Azərbaycanın hər hansı bir təcavüzün qarşısını yerindəcə almağa qadir olduğunu dəfələrlə  bəyan edib. Bu reallığın fonunda faşist xislətli revanşistlərin çağırışları, hıçqırtıları bütün hallarda havada qalacaq və  heç bir qüvvə bizi bundan sonra azad etdiyimiz  torpaqlardan, o cümlədən unikal döyüş əməliyyatı ilə xilas edilmiş Şuşadan tərpədə bilməyəcək. Odur ki, Ermənistan bu gün regionda yaranmış reallıqla hesablaşmalı, ağlını başına yığıb təcavüzkar və revanşist siyasətindən əl çəkməlidir.”

Tarixi faktlar da sübut edir ki, əsassız torpaq iddiaları, qonşularla qatı düşmənçilik siyasəti heç bir topluma xeyir gətirməyib. Əgər onlar revanşizmə qədəm qoysalar, başlarına dəyəcək dəmir yumruq bu dəfə daha güclü olacaq. Bir sözlə, revanşist fikirlər Ermənistana yaxşı heç nə vəd etmirlər.

Müsahibimiz, iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə də toxundu: “Onların bu kimi fikirləri daxildə hakimiyyət uğrunda mübarizəyə xidmət edir. Elə bu kimi səbəblərdən də onlar daxili auditoriyaya hesablanan bəyanatlar verirlər, çıxışlar edirlər.”