KÖŞƏ

Zahid Rza

Ermənistanın yeni reallıqlarla hesablaşmaqdan başqa yolu yoxdur

01 aprel 2021 23:14
1396

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra kapitulyasiya aktına imza atmış Ermənistan rəsmiləri tərəfindən artıq kommunikasiyaların açılması fikirləri səsləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə həmin məsələlərə toxunaraq bir daha qeyd edib ki, ermənilərin mənafeyi baxımından bu, çox aktualdır. Şübhəsiz, bütün bunlar Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin təzahürüdür. Qonşu ölkədə təkcə baş nazir deyil, ağlı başında olan, rasional düşünə bilən siyasətçilər də anlayırlar ki, bölgədə davamlı və uzunmüddətli sülhün bərqərar olması yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan asılıdır. Bu gün onlar ölkədəki revanşist qüvvələrə, qisasçılıq hissi ilə yaşayan faşist düşüncəli insanlara anlatmağa çalışırlar ki, kommunikasiya xətlərinin açılması, xüsusilə də Naxçıvan ilə Azərbaycanın qalan əraziləri arasındakı dəhliz Ermənistan üçün heç bir problem yaratmır. Əksinə, iqtisadi-sosial, siyasi böhran məngənəsində çırpınan, iqtisadiyyatı məhv olan və bu üzdən çıxılmaz vəziyyətə düşən Ermənistanın yeganə xilas yolu qalib Azərbaycanın tələblərinə, eləcə də 10 noyabr və 11 yanvar bəyanatlarına əməl etməkdən keçir. Bunun üçün ilk növbədə Azərbaycana qarşı düşmənçilik münasibətləri dəyişməli, qonşu ölkələrə qarşı ərazi iddialarından və müharibə ritorikasından imtina edilməli, region dövlətləri ilə normal münasibətlər qurulmalı, sərhədlər açılmalı, 2020-ci ilin 10 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarındakı kommunikasiya xətlərinin açılmasına dair şərtlər yerinə yetirilməlidir.  

Baş nazir Nikol Paşinyan Armavir vilayətinə səfəri zamanı deyib ki, bu yeni vəziyyətdə biz vəzifə qarşıya qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Qeyd edib ki, bu gün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Baş nazir bildirib ki, elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir.

O, habelə dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara getmək lazım gələcək: “Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar Azərbaycandan keçir. Biz başa düşməliyik: Elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin”.

Əslində N. Paşinyan bir müddət əvvəl Ermənistanın “1in.am” informasiya saytına müsahibəsində bu məsələlərə toxunaraq Rusiya vasitəsilə Azərbaycanla təmasların davam etdiyini vurğulamışdı. O, regional layihələrdə Ermənistan dövlətinin və xalqının da maraqlı olduğunu bildirərək etiraf etmişdi ki, kommunikasiyaların açılması barədə konstruktiv və qarşılıqlı fayda verəcək qərar regiona uzunmüddətli və dayanıqlı sülhü gətirəcək əsas faktorlardan biridir.

N.Paşinyanın ardınca Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da bəyan etmişdi ki, Naxçıvanla Azərbaycanın qalan əraziləri arasında nəqliyyat dəhlizi Ermənistan üçün heç bir problem yaratmır, əksinə, faydalıdır: “Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün bütün tələbləri icra edəcək”.

Göründüyü kimi, qonşu ölkədə N.Paşinyan başda olmaqla artıq çoxları yaxşı dərk edirlər ki, məğlub Ermənsitanın  Azərbaycanın 44 günlük müharibədəki şanlı Qələbəsi və dəmir yumruğu ilə yaratdığı yeni reallıqlarla barışmaqdan və hesablaşmaqdan başqa yolu yoxdur. Prezident İlham Əliyev daim vurğulayır ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq: “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.