KÖŞƏ

Zahid Rza

Erməni vandalizmi sərhəd tanımır

10 mart 2021 17:09
1844

Erməni vandalları 30 illik işğal zamanı Azərbaycanın tarixi torpağı olan Qarabağda mədəni irsimizə qarşı sözün əsl mənasında soyqırımı həyata keçiriblər. Bu müddət ərzində Azərbaycanın yüzlərlə tarixi-dini abidələri, maddi-mədəniyyət nümunələri erməni vandalizmi nəticəsində məhv edilib.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları talan edilib, rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları dağıdılıb.

İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi məhv edilib.

Britaniyalı müəllif Tomas de Vaalın “Qara Bağ” kitabında “ruhlar şəhəri” adlandırdığı Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilib.  Ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş xalqımıza məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistana qanunsuz olaraq aparılıb.

Təcavüzkar Ermənistanın işğalından əvvəl Arazboyunun dilbər güşəsi olan Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri-Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu ermənilərin dağıdıcılıq xislətinə məruz qalıb.

Prezident İlham Əliyev Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi sayəsində azad edilmiş torpaqlarımıza hər səfərində erməni vandallarının Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Şuşada illərlə törətdikləri vəhşi əməllərə diqqət yönəldərək bu cinayətkarların viran qoyduqları şəhər və kəndlərimizdən, dağıdılan, təhqir edilən məscidlərimizdən, talan edilən mədəni irsimizdən söhbət açır.

Dövlətimizin başçısı, həmçinin 30 illik işğal nəticəsində erməni vandalları tərəfindən viran edilmiş bu tarixi torpaqlarımızda bütün işlərin ardıcıllıqla həyata keçiriləcəyini, keçmiş məcburi köçkünlərin doğma yurdlara qayıdışı üçün ərazilərin minalardan təmizlənəcəyini, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün onların vurduqları ziyanın qiymətləndiriləcəyini də bəyan edir.

Sevindirici haldır ki, artıq bu istiqamətdə başladılan işlər gündən-günə sürətlənir. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Qarabağ ən qısa zamanda çiçəklənən diyara çevirləcək, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq.