Zahid Rza |
Şuşanı, Laçını satıb əvəzində hakimiyyət alan, iqtidar olan xəyanətkarlar tarixin və xalqın əbədi lənət ünvanına çevriliblər
İnsan olan vətənini satarmı,
Suyun içib, çörəyini yediniz...
Onu didik-didik didiklədilər,
Saçlarından tutub sürüklədilər.
Götürüb kafirə: «Buyur»,- dedilər,
Bəylər, bu Vətənə necə qıydınız?
Böyük türk şairi Nazim Hikmətin “Bu Vətənə necə qıydınız?” şeirinin hər misrası istər-istəməz bizə ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı xaos və anarxiyadan bəhrələnib, “fürsət bu fürsətdir” deyib hakimiyyəti zəbt edərək ölkəni viranə qoyan, Vətən torpaqlarını hərraca çıxaran vicdanı sönük “bəylər”in birillik iqtidarı dövrünü xatırladır. Həmin tarixi anların, o məşum illərin canlı şahidi kimi heç bir hissə qapılmadan deyə bilərik ki, bu şeirin bütün bənd və misraları sanki, dövrümüzün Yusif Sərracları olan o həşəmətli “bəylər”in boyuna biçilib.
Tərəddüdsüz deyə bilərik ki, çoxəsrlik tariximizin ən qaranlıq səhifələrindən birini təşkil edən 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycana çox böyük zərbələr, sağalmaz yaralar vuruldu. 1988-ci ildən başlayan xalq hərəkatından sui-istifadə edərək müxtəlif xarakterli münaqişələrin təşkili, yağlı tikə olan Azərbaycanı ələ keçirmək niyyətində olan xarici qüvvələrin dəstəyi, ən ümdəsi isə öz dilləri ilə desək, “9 dövlətin razılığı ilə” hakimiyyəti zəbt edən bu qaragüruhun xəyanətkarlığı nəticəsində əcdadımızın mədfəni, övladımızın məskəni olan torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Qarabağın tacı Şuşanı, Laçını rayonunu və digər ərazilərimizi itirdik. Nəticədə yüzminlərlə soydaşımız öz ata-baba yurdlarından didərgin düşdü, milli qürurumuz sındırılaraq, xalqımızda özünəinamsızlıq yarandı, dövlətçiliyimizə ağır zərbələr vuruldu.
Bu günlərdə işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olan Prezident İlham Əliyev bir daha bildirdi ki, bu torpaqlarımız AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinin qurbanı olub: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq”.
Tarixi reallıq budur ki, o dövrdə Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində AXC-Müsavat hakimiyyəti günahkardır. Bu gün sosial şəbəkələrdə yalanları, iftiraları və tarixi təhrif etməsi ilə ikrah doğuran o vaxtkı müdafiə naziri “əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam” deyirdi. Şuşa xəyanətkarlığın qurbanı oldu, erməni quldurları tərəfindən işğal olundu, ancaq bu sözləri deyən o müdafiə nazirinin heç ruhu da incimədi.
1992-ci ildə - Qarabağ və ətraf rayonlarun başı üstünü qara buludların aldığı bir dövrdə iqtidarda olan bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım atmadılar, ən ağır günlərdə insanların çağırışına fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. O dəhşətli günlərdə insanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə qalmışdılar. Başı korrupsiyaya, rüşvətə qarışmış bu çayxana “qəhrəmanlarının”, bazarkomların yadına nə ordu quruculuğu, nə də Qarabağ düşmürdü.
Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan, dövlət idarəçiliyində yüksək vəzifə tutan şəxslərin hər birinin tabeliyində başıpozuq hərbi dəstələr mövcud idi. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlardan dövlət katibi, parlament sədri, müdafiə və daxili işlər nazirləri xalqın maraqlarına uyğun gəlməyən mövqelər sərgiləyir, onların başıpozuq dəstələri arasında tez-tez silahlı qarşıdurmalar baş veirirdi. Artıq hamıya bəlli idi ki, AXC-Müsavat hakimiyyəti Azərbaycanı uçuruma aparır.
Bu gün 7-dən 77-yə hamı bilir ki, Dağlıq Qarabağ münaqişəsi, Şuşanın, Laçının, Kəlbəcərin, Cəbrayılın, Qubadlının, Ağdamın Zəngilanın, bütövlükdə Vətən torpaqlarımızın işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi birbaşa AXC-Müsavat hakimiyyətindən qalan ağır mirasdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşməni diz çökdürərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi, AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində itirlmiş torpaqlarımızı 30 illik yağı əsarətindən xilas etdi.
Elə buna görə də siyasi tərcümeyi-halı xəyanətlərlə dolu əli kərimli, eləcə də cəmil həsənli, arif hacılı, vidadi mirkamal kimi tarixi həqiqətləri, bu günün gercəklərini bilərəkdən təhrif edərək sosial şəbəkələrdə, internet tv-lərdə lotuluqla meydan sulayan bu əqidəsiz, məsləksiz, inkarçı vətənşüvənlər öz abırlarına kor olub yerlərində otursalar daha yaxşı olar. Çünki tarix və xalqımız onların birillik hakimiyyətinin Azərbaycana necə baha başa gəldiyinə bir dəfə şahidlik edib...