KÖŞƏ

Qvami Məhəbbətoğlu

Niderlandın fransızsayağı gedişi

10 dekabr 2020 17:10
2165

Xalqımızın öz əzəli torpaqlarını erməni işğalından azad etməsi fonunda Azərbaycan beynəlxalq medianın diqqət mərkəzindədir. Dünyanın əksər ölkələri qələbəmizlə nəticələnmiş 44 günlük Vətən müharibəsinin ərazi bütövlüyümüzün bərpasında mühüm rol oynadığını birmənalı şəkildə qeyd edirlər. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevi qalib Sərkərdə, Azərbaycan Ordusunu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bildirirlər. Lakin erməni lobbisinin, erməni diasporunun təsiri altında olan Fransa Senatı hələ də faşizmi dövlət siyasətinə çevirən Ermənistana rəğbət bəsləyir, bununla da işğala məruz qalan Azərbaycana qarşı ədalətsiz mövqe tutur.

Artıq Nideland da ölkəmizə fransızsayağı  münasibət sərgiləməkdədir. Belə ki, Niderland parlamentindəki islamofob qüvvələr Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabr Bəyanatını hədəfə alıblar. Daha doğrusu, Niderland parlamenti də beynəlxalq hüquqa zidd olaraq Fransa Senatı kimi absurd qətnamə qəbul edib. Həmin qətnamədə Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. bu kimi cəfəng çağırışlar, bir neçə “tövsiyə”  öz “əksini tapıb.” Halbuki Azərbaycana, Türkiyəyə qara yaxan Niderland da Fransa kimi tarix səhifələrinə soyqırım və vəhşiliklərlə iz qoymuş, xalqları əsarətdə saxlamış bir ölkədir. Təkcə bir faktı qeyd edək ki,  dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu Niderland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb.

Yeri gəlmişkən qeyd edək ki, Niderland da digər Avropa dövlətləri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Digər tərəfdən hələ də Niderland parlamentariləri anlamırlar ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq təmin edib. Üstəlik, erməni daşnaklarının ölkəmizin ərazisində ikinci erməni dövləti yaratmaq kimi xülyalarının üstündən birdəfəlik xətt çəkilib. Artıq bir aydır ki, atəşkəs rejiminə əməl olunur. Görünən odur ki, ölkəmizin bu şanlı, möhtəşəm zəfəri, əldə etdiyi uğurlar Fransada olduğu kimi, Niderlanddakı ermənipərəst qüvvələrin də ürəyincə deyil.

Burada bir məqama da toxunmaq istərdik. Vətən müharibəsinin başa çatmasından sonrakı ilk günlərdə bu ölkənin parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülmüşdür. Prezident İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən bu məsələyə toxunaraq demişdir: “…ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək.”

Xanım Paulin Eizema mənsub olduğu ölkənin xarici işlər nazirinə istinadən bildirmişdir ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Buradan belə qənaətə gəlmək olar ki, Niderland dövlətinin belə bir absurd qərarı təsdiqləməsi gerçəklikdən çox uzaqdır.

Bir də dövlət başçımızın dəfələrlə bildirdiyi kimi, Azərbaycanı haqq yolundan heç kim və heç nə döndərə bilməz. Azərbaycan öz əzəli dədə-baba torpaqlarını beynəlxaq hüquq normalarına uyğun olaraq işğalçılardan təmizləyib və orada özünün suverən hüquqlarını bərpa edib. Buna isə başqa bir don geyindirmək istəyənlər faşizm ideologiyasına xidmət edən Ermənistanı dəstəkləyən, erməni lobbisinin əlində alətə çevirilən qüvvələrdir. Amma onlar unudurlar ki, heç bir hüquqi təsir gücünə malik olmayan “tövsiyə” xarakterli belə qətnamələrin, eləcə də onu qəbul etdirmək istəyənlərin qatarı çoxdan gedib.