KÖŞƏ

Qvami Məhəbbətoğlu

Dəmir yumruğumuz birliyimizin rəmzidir

02 dekabr 2020 22:37
2114

Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə işğalçı ölkənin ordusunun belini qırdı. Şübhəsiz, bu mübarizədə dəmir yumruğumuz önəmli rol oynadı. Yəni, dəmir yumruğumuz erməni işğalçılarını ərazilərimizdən qovub çıxardı. Bu yumruq onları başa saldı ki, işğal etdikləri  yaşayış məskənlərinin öz sahibi var.  Elə 2020-ci il noyabrın 10-da  Ermənistanın baş naziri də məlum Bəyanatı, daha doğrusu, kapitulyasiya sənədini öz xoşu ilə deyil, məhz bu dəmir yumruğumuzun hesabına imzaladı. Çünki baş nazir  gördü ki, dəmir yumruğumuz onun “məğlubedilməz” ordusunun səksən faizini  sıradan çıxarıb, qalanlarını isə fərarilər yığnağına çevirib.

Bu yumruq təkcə Ermənistan ordusunu məhv etmədi, işğalçı ölkəni bütövlükdə çökdürdü, onun gələcəyini sual altında qoydu. İşğalçının imdadına çatmaq istəyənlər də bu dəmir yumruğun qorxusundan ona qahmar çıxmaqda çətinlik çəkdilər. Bir sözlə, dəmir yumruğumuz bütün dünya və beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzü bərpa etdi, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdı. Bu mənada dəmir yumruğumuz tarix yazmaqla yanaşı, Qələbəmizin, Zəfərimizin nidasını qoydu.

Dəmir yumruğumuzun mahiyyətini isə Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində belə açıqlamışdır: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir.” Məhz xalq-iqtidar birliyi ölkəmizi daha qüdrətli dövlətə çevirdi. Bu birlik, yəni dəmir yumruq, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya miqyasında layiqli yer tutmasına da öz töhfəsini verdi.

Dövlətimizin başçısı dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunma­sı münasibətilə xalqa müraciətində də Vətən müharibəsində bu dəmir yumruğun qüdrətini, gücünü  bir daha xüsusi vurğulayaraq bildirib ki, məhz o, başqa sözlə desək, xalq-iqtidar birliyi tarixi Qələbəmizin ilhamvericisi oldu, tariximizə əbədi həkk olunan şanlı zəfəri təmin etdi. Bu birliyin əbədi olacağını əminliklə qeyd edən Prezident İlham Əliyev onunla erməni barbarlarının viranəyə çevirdikləri yaşayış məskənlərimizdə müasir standartlara cavab verən kənd, qəsəbə və şəhərlərin salınacağını bildirib: “İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var.”  Şübhəsiz, bu birlik, bu dəmir yumruq bizə gələcəkdə  bütün vəzifələri icra etmək üçün daha real imkanlar yaradacaq. Bu mənada birliyimiz, həmrəyliyimiz bizim gələcək inkişafımız üçün əsas stimuldur desək, səhv etmərik.