KÖŞƏ

Elçin Zaman

Paşinyan Ermənistanda tam bir diktatura rejimi formalaşdırıb

30 noyabr 2020 20:37
2097

Məğlub baş nazir rəqiblərinin istefa tələblərinə həbslər və sui-qəsdlərlə cavab verir

Azərbaycanla 44 günlük müharibədə acı məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiyadan sonra hələ də gizləndiyi yerdən çıxa bilmir. Ermənistanda sıravi vətəndaşlar və müxalifətçilər onun tapılıb mühakimə edilməsi iddiasındadırlar. Lakin Paşinyan ötən 2 il ərzində ölkəsində elə bir diktatura rejimi qurmağı bacarıb ki, artıq hətta üzə çıxmadığı bir vaxtda rəqiblərinə qarşı repressiya  prosesini davam etdirir.

Məhz bu gün Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə «milli xəyanət» kimi təqdim olunur. Ötən günlərdə  Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilirlər. Hətta Ermənistanın kapitulyasiya elan etməsindən sonra parlamentə hücum edən nümayişçilərdən birinin cəsədi tapılıb.  Ermənistan KİV orqanlarının yaydığı məlumata görə, Raik adlı etirazçının meyiti İrəvanda Hrazdan körpüsünün altında aşkarlanıb. Bildirilib ki, mərhumun yaxınları bunu hakimiyyət orqanlarının qisası kimi qiymətləndirirlər. Qeyd edək ki, Raik etirazların ilk günündə Ermənistan Parlamentinə daxil olaraq spikerin kreslosunda əyləşərək siqaret çəkmişdi.

Bu gün Paşinyan artıq qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını da itirib, ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. Qərb dairələri isə 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini «demokratik inqilab», hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı «demokratik lider» kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir hüquq müdafiə təşkilatı qalmayacaqdı. Əksinə, bu işğalçı ölkədə hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar nə üçündür və bu ədalətsizlik, selektiv münasibət nə vaxtadək davam edəcək?

Əvəzində Prezident İlham Əliyevlə müsahibəsində bəzi KİV nümayəndələri feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verir, ancaq bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gələrək heç nə baş verməmiş kimi davranaraq bu barədə Paşinyana heç bir sual ünvanlamırlar. Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır, onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər. Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə, Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Bəli, heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ 7-ci ayında «demokratik ölkə»də  siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi. Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə də göz yumdu. Həmçinin hakimiyyətdə olduğu cəmi 2 il ərzində «korrupsiyaya qarşı mübarizə» adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini «narahat etmədi.»

Təbii ki, bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyan cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb. Beynəlxalq jurnalist təşkilatları yenə susublar.

Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığını və cinayətlərini tənqid edə bilmirlər. Hətta diktaturanın ciddiliyi özünü onda göstərir ki, burada vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur.

Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin «önəm verdiyi» bütün dəyərlər ayaq altına salınmışdır. Sual yaranır: Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Son hadisələrdən sonra Ermənistanda Paşinyanı təkcə məğlub rəhbər deyil, həm də diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Bu gün artıq Ermənistanda totalitar inqilabi diktatura qanunları hökm sürür. Hakimiyyət böhranının dərinləşdiyi məğlub Ermənistanda Paşinyanın öz kadrlarını bir-birinin ardınca vəzifədən uzaqlaşdırmasının səbəbi onunla əlaqələndirilir ki, son vaxtlar həm diplomatiyada, həm də cəbhədəki məğlubiyyətlərin günahkarı guya baş nazir yox, digər vəzifə sahibləri imiş. Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Paşinyanın və onun komandasının, yeni hakimiyyətin vəzifədən uzaqlaşdırdıqlarının narazılıqları ictimai fikirdə xüsusi çəkiyə malikdir. Artıq yerli politoloqlar və tanınmış ictimai-siyasi xadimlər də bu vaxta qədər Ermənistana Nikol Paşinyan kimi təsadüfi, savadsız, qəddar, dövlət idarəçiliyindən bixəbər birisinin rəhbərlik etmədiyini açıq şəkildə bildirirlər. Məsələn, ötən həftə Rossiya-1 telekanalında yayımlanan «Vladimir Solovyovla axşam» verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq artisti Karen Şahnazarov Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illüziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb. Kinorejissor həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalı olduğunu vurğulayıb. O, bütün baş verənlərin Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsi olduğunu bildirib.

Nikol Paşinyan əhalinin diqqətini ölkəsinin acınacaqlı məğlubiyyətindən yayındırmaq üçün müxtəlif populist fikirlər səsləndirir, guya Azərbaycan Ordusunda türk əsgərləri və digər ölkələrdən gətirilmiş muzdluların olması barədə yalan məlumatlar yayır. Ancaq onun bu yalanlarına öz ölkəsində də inanan yoxdur. Onun iddialarını dinlədikcə, aydın görünür ki, bu şəxs özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə suda boğulanın saman çöpündən yapışmasını xatırladır. Axı insani, müasir hərbi texnika və silah-sursat, maliyyə imkanları, ordunun hazırlığı və digər parametrlərə görə Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır? Faşizm ideologiyasına sədaqətini nümayiş etdirən Paşinyan sanki öz xalqına qənim kəsilib. Əgər özünə güvənin yoxdursa, niyə vətəndaşlarını qırğına verirdin?

Bəli, bütün bunlar bir daha təsdiqləyir ki, baş nazir Paşinyanı çox biabırçı aqibət gözləyir. Bu gün Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır ki, bu da ölkənin ümumi daxili məhsulunun 70 faizindən çoxunu təşkil edir. 2 milyard dollara qədər rezervləri olan ölkə üçün 8 milyarddan çox xarici borcun olması ciddi neqativ iqtisadi nəticələrə gətirib çıxaracaq. Göründüyü kimi, işğalçı ölkə həm siyasi, həm də iqtisadi burulğanda boğulur. Bu da daxildə vəziyyəti daha da gərginləşdirib. 44 günlük müharibədə hər gün 40 milyon dollaradək vəsait itirən bu ölkə ümumilikdə 2 milyard dollara yaxın zərər gördü. Bu isə məğlub Paşinyanın narazı erməni cəmiyyəti tərəfindən çarmıxa çəkilməsi anlamını verir.