KÖŞƏ

Qvami Məhəbbətoğlu

Prezidentimizin yenilməz iradəsinin daha bir bariz nümunəsi - Füzuli-Şuşa avtomobil yolu

18 noyabr 2020 19:39
2044

8 noyabr 2020-ci il tariximizə şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərini 28 il yarımlıq işğaldan azad etdi.

Xəbər verildiyi kimi, noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Elə həmin gün də dövlətimizin başçısı Füzuli rayonundan Qarabağın tacı olan, Qafqazın incisi sayılan Şuşa şəhərinə avtomobil yolunun çəkilişi ilə bağlı göstəriş verib. Artıq həmin yolun inşasına başlanılıb. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, işğaldan azad edilmiş və vəhşi düşmən tərəfindən yerlə-yeksan olunmuş ərazilərimiz tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək. Nəticədə “Böyük qayıdış”a uyğun olaraq iqtisadiyyatın qurulması, yaşayışın təmin edilməsi və həyatın canlandırılması baş verəcək.

Füzuli-Şuşa yolunun timsalında cəsarətlə demək olar ki, əldə olunan tarixi Qələbəmizlə ölkəmiz artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş torpaqlarda icra edilən Füzuli-Şuşa avtomobil yolu isə bu istiqamətdə həyata keçirilən ilk  layihədir. Düşmən tapdağından azad edilmiş ərazilərimizdə quruculuq işlərinə belə bir yolun çəkilişi ilə start verilməsi heç də təsadüfi deyil. Unutmayaq ki, yol mədəniyyət, intibah, rahatlıq, müasirlikdir, həm də ölkənin inkişaf səviyyəsini göstərən əsas faktorlardan biridir. Möhtərəm Prezidentimizin də Füzuli rayonunda sakinlərlə görüşü zamanı dediyi kimi, bu yolun çox böyük əhəmiyyəti var: “Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.” Yeri gəlmişkən qeyd edək ki, məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Məhz Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, təsadüfi deyil ki, məhz bu zəfərimizdən sonra düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.” Fikrimizcə, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Alxanlı qəsəbəsindən Füzuli-Şuşa yolunun inşasına başlanması Prezident İlham Əliyevin yenilməz iradəsinin daha bir bariz nümunəsidir.

 Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, biz Şuşanı dirçəldəcəyik. Mütəxəssislərin fikrincə, Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini   özündə birləşdirən yaradıcı sənayenin mərkəzinə çevriləcək. Belə ki, Turşsu yaylaqları, İsa bulağı, Cıdır düzü və s. məkanlar turizm üçün geniş perspektivlər vəd edir. Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xan qızı Xurşidbanu Natəvanın evi, Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyovun ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər də cəzbedici məkanlardır. Ancaq bu, bir faktdır ki, mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim bu cür mədəni irsimizə böyük zərbə vurub, bizim tarixi abidələrimizi dağıdıb. “Biz indi Şuşaya qayıtmışıq” deyən Prezident İlham Əliyevin bildirdiyi kimi, biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Bu isə o deməkdir ki, digər işğaldan azad olunan ərazilərimiz kimi, Şuşanın da sürətli inkişafı gözlənilir. Doğrudur, bu, çətin bir proses olacaq. Lakin qurucu liderimiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərin aradan qaldırılacağına kimsə şübhə etmir. Artıq Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə də başlanılıb. 

Bir sözlə, 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlıda olduğu kimi, erməni tapdağından xilas olan yaşayış məskənlərimizin  hər biri, o cümlədən Şuşa öz normal həyatına qovuşacaq. Yəni, bu şəhər əvvəlkindən də abad olacaq. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, həyat və gülüş çox qısa zamanda Azərbaycanın işğaldan azad edilmiş bu qədim şəhərinə də qayıdacaq.