KÖŞƏ

Qvami Məhəbbətoğlu

Mayası faşist ideologiyası ilə yoğrulan Ermənistan

04 noyabr 2020 18:19
1912

İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatları bir aydan çoxdur ki, davam edir. Müzəffər Azərbaycan Ordusu döyüş meydanında işğalçılara, sözün həqiqi mənasında, dərs verir, onları torpaqlarımızdan qovur. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib.

Döyüş meydanında ordumuzun qabağında dayana bilməyən Ermənistan cəbhəboyu, həmçinin döyüş zonasından uzaq məsafədə yerləşən rayon və kəndlərimizi, şəhərlərimizi  hər gün ağır artilleriya qurğuları və ballistik raket sistemlərindən atəşə tutur, bununla da  insanlığa sığmayan əməllər törədir. Sentyabrın 27-dən noyabrın 4-dək baş nazir Nikol Paşinyanın göstərişi ilə erməni ordusunun namərd atəşləri nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 405  nəfər mülki şəxs xəsarət alıb. Şübhəsiz, bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan almaq məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan düşmən o qədər azğınlaşıb ki, hətta humanitar atəşkəslərə riayət etmir. Şübhəsiz, bütün bunlar alman nasistləri ilə əməkdaşlıq etmiş Qaregin Njde kimiləri qəhrəmanlaşdıran, nasist ideologiyasına xidmət edən düşmənin faşizmdən də betər xislətindən irəli gəlir. Bu mənada Azərbaycan XXI əsrdə Cənubi Qafqazda faşist Almaniyasının ənənələrini davam etdirən, terroru dövlət siyasətinə çevirən və bu xisləti ilə  öyünən Ermənistanın simasında faşizmə qarşı mübarizə aparır.

Siyasətçilərin fikrincə, mayası faşist ideologiyası ilə yoğrulan  Ermənistanın əsas hədəfində Azərbaycan olsa da, işğalçı ölkənin belə bir siyasəti region üçün də böyük təhlükədir. Belə ki, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqaz regionunun sosial-iqtisadi inkişaf dinamikasına mənfi təsir edir. Digər tərəfdən, işğalçı ölkə zəngin iqtisadi potensiala malik bu bölgənin resurslarından yetərincə istifadə imkanlarının qarşısını alır, həyata keçirilən irimiqyaslı layihələr üçün cid­di risklər yaradır. Ermənistanın dünyanın əhəmiyyətli qlobal enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, eləcə də Səngəçal terminalını raket atəşinə tutmaq istəyini buna misal göstərmək olar. Bu kimi faktlar bir daha göstərir ki, dünya birliyi tərəfindən hələ də tam qınaq obyektinə çevrilməyən Ermənistan regionda artıq daha böyük təhlükə mənbəyidir. Bu mənada Azərbaycanın faşist ideologiyasının tüğyan etdiyi Ermənistana qarşı apardığı haqq savaşı bölgənin də xilasına xidmət edir. Yəni Azərbaycanın məqsədi həm də bölgəyə sabitlik, əmin-amanlıq gətirməkdir. Bu mənada Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın haqq savaşında region ölkələri üçün böyük önəm kəsb edən bu kimi məqamlar çoxdur.

Yeri gəlmişkən qeyd edək ki,  Prezident İlham Əliyev müsahibələrində, çıxışlarında Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar olma­sı, terror əməlləri törətməklə faşist xislətini büruzə verməsi, regional təhlükə barədə dəfələrlə söz açıb. Dövlətimizin basçısı noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevini qəbul edərkən bir daha bu məsələyə toxunaraq demişdi: “Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.”

Buradan bir daha belə qənaətə gəlmək olar ki, Prezident İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan XXI əsrin erməni faşizmini tamamilə məhv etməkdə israrlıdır. Bu mənada Ali Baş Komandanımız həm də regionun xilaskarlıq missiyasını yerinə yetirir. Onu da qeyd edək ki, bir zamanlar faşist Almaniyasına qarşı mübarizədə demək olar ki, bütün dünya səfərbər olunmuşdu. Lakin bu gün erməni faşizminə qarşı Azərbaycan təkbaşına mübarizə aparır. Hadisələrin gedişatı da göstərir ki, ölkəmiz bu çətin sınaqdan şərəflə çıxacaq. Bir sözlə, Almaniya faşizmi üzərində qələbəyə öz misilsiz töhfələrini verən Azərbaycan erməni faşizmini də birdəfəlik susduracaq. Bununla da Cənubi Qafqaz bölgəsi Prezident İlham Əliyevin sayəsində sülhə, daha etibarlı təhlükəsizlik mühitinə qovuşacaq.