Qvami Məhəbbətoğlu |
Təcavüzkar Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində 200-dən artıq yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunub. Hazırda rəşadətli ordumuz öz xilaskarlıq missiyasını uğurla davam etdirməkdədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq.
Bu zəfərin qarşısını almaq məqsədilə işğalçı ölkənin baş naziri Nikol Paşinyan dəridən-qabıqdan çıxmaqdadır. Onun bu günlərdə Rusiya Prezidenti Vladimir Putinə 29 avqust 1997-ci il tarixli “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edərək hərbi dəstək almaq məqsədilə göndərdiyi məktub da bunu sübut edir. Amma bu zavallı hələ də başa düşmək istəmir ki, onun kömək istəməsi tamamilə qəbuledilməzdir. Yəni, buna heç bir əsas yoxdur. Çünki onun istinad etdiyi müqavilənin maddələrinə əsasən, tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur. Döyüşlər isə Azərbaycanın dünya tərəfindən tanınmış sərhədləri daxilində, daha doğrusu, ermənilərin işğal etdikləri ərazilərimizdə gedir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində bununla bağlı açıqlama da yerləşdirilib. Bununla da Moskva indiki halda rəsmi şəkildə İrəvana hərbi yardımın mümkünsüz olduğunu birmənalı şəkildə açıqlayıb.
Şübhəsiz, küçə siyasətçisi Nikol Paşinyanın həmin məktubu Ermənistanın döyüş meydanında ağır duruma düşməsindən bir daha xəbər verir. Prezident İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edərkən bu məsələdən söz açaraq bildirmişdir ki, Nikol Paşinyanın Rusiya Prezidenti cənab Vladimir Putinə məktub göndərməsi onun əslində, etirafıdır: “Etiraf edib ki, Ermənistan məğlub olub... Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin.”
Dövlətimizin başçısı, həmçinin vurğulamışdır ki, amma Nikol Paşinyan tam təslim olmaq istəmir. Belə ki, onun göstərişləri ilə cəbhə bölgəsindən uzaqlarda yerləşən yaşayış məskənlərimiz atəşə tutulur, üstəlik, onlar ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər.
Siyasətçilərin fikrincə, müharibədə uğursuzluğa düçar olan, hazırda döyüşlərə göndərməyə adam tapmayan Nikol Paşinyanın bu kimi hərəkətləri, eləcə də Vladimir Putinə məktubu onun öz hakimiyyətinin ömrünü uzatmaqdan, başqa sözlə desək, siyasi mövcudluğunu qorumaqdan başqa bir şey deyil. Çünki labüd siyasi və hərbi məğlubiyyətinin dəhşətli və sağalmaz şokunu yaşayan Nikol Paşinyan bilir ki, vədlərlə hakimiyyəti qəsb etməsi, amma öz yarıtmaz siyasəti ilə Ermənistanı daha pis duruma salması ona olduqca baha başa gələcək. Bir sözlə, Nikol Paşinyanı olduqca qorxulu bir gələcək gözləyir. Yəni, bu gün Nikol Paşinyanın işğalçı ordusu döyüş bölgəsindən necə qaçırsa, Azərbaycanın müzəffər ordusu döyüş meydanında son akkordlarını vuranda o da Ermənistandan elə qaçacaq.