Zahid Rza |
Hazırda dünya ölkələri ötən ilin sonlarından etibarən planetimizi vahiməyə salan koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir.
Ölkəmizdə COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemioloji durum pisləşir. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Pandemiyanın qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb. İndiki vəziyyət onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.
Müşahidələr göstərir ki, son vaxtlar Bakı şəhərində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlər tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etmirlər. Həmçinin ictimai nəqliyyatda həddən artıq sərnişin sıxlığı yaşanır. Məsələ burasındadır ki, bu gün karantin rejiminə əməl etməyənlərin, xüsusilə tibbi maska taxmayanların sayı azalmır, əksinə, məsuliyyətsiz və biganə insanların sayı artır. Sərnişinlərin sosial məsafə gözləmədən bir-biriləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus infeksiyasına kütləvi şəkildə yoluxma riskini daha da artırır. Təbii ki, bütün bunlar ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir. Ona görə də Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir. İctimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlarımızdan tələb olunur ki, avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər.
Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.
Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaşımız ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər birimiz olduğumuz yerdən asılı olmayaraq, həm özümüzə, həm də ətrafımıza qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməliyik. Hər birimiz şəxsi məsuliyyətsiz, intizamsız və ictimai borcu layiqincə dərk etməyənlərə qarşı barışmaz olmalı, necə deyərlər, ictimai nəzarətiçyə çevrilməliyik.
Unutmamalıyıq ki, öz məsuliyyətimizlə, nizam-intizamımızla, qaydalara ciddi əməl etməyimizlə həm ön cəbhədə erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan şanlı ordumuza, həm də arxa cəbhədə gözəgörünməz düşmən olan koronavirusa qarşı mübarizə aparan fədakar həkimlərimizin müqəddəs işinə, hökumətin gördüyü tədbirlərə dəstək verməliyik. Hamımız çəkici bir zindana vurmalı, yumruq kimi birləşməliyik. Bu günlərdə ən böyük şüarımız “Biz birlikdə güclüyük!” olmalıdır.
Zahid Rza, “İki sahil”