KÖŞƏ

Zahid Rza

Terror Ermənistanın dövlət siyasəti, əsl mahiyyətidir

28 oktyabr 2020 17:37
1854

“Mən ermənilərlə heç zaman dil tapa bilmədim.
Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz,
əclaflığı olduqca təəssüfləndiricidir.”

Fransız səyyahı qraf De-Şolye

Son iki yüz ildə öz havadarlarının köməyi ilə Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən terrorçu, barbar Ermənistan bu gün də faşist ideologiyasından əl çəkmir. Terrorçu Ermənistanın bu mənfur siyasətinin təməlində azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə qəbilə-mağara təfəkkürlü, saxtakar erməni  ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq xülyası dayanıb.

Özlərini tarixən “əzabkeş”, “soyqırımı qurbanı” kimi təqdim etməyə çalışan erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı kütləvi qırğın - soyqırımı həyata keçiriblər. Həmin il martın 30-31-də Stepan Şaumyanın başçılıq etdiyi erməni-daşnak birləşmələri Bakıda dinc əhaliyə qarşı qətliamlara başlamış, 12 min kişi, qadın və uşağı milli-etnik zəmində qətlə yetirmişlər. Şəhəri qarət edən erməni vandalları evləri, tarixi mədəniyyət abidələrini dağıtmış, eyni zamanda, insanlığa zidd bu əməllərini Qarabağ, İrəvan, Zəngəzur, Quba, Şamaxı və digər bölgələrdə də davam etdirmişlər. Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının devrilməsindən sonra Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin qətli “Daşnaksütyun”un əsas vəzifələrindən biri oldu. Bu məqsədlə 1919-cu ildə Yerevanda “Daşnaksütyun”un IX qurultayında əsl adı Qaregin Pastermacyan olan Armen Qaronun rəhbərliyi altında “Nemesis” (“Cəza”) xüsusi terror təşkilatının aksiyasının başlanması haqqında qərar qəbul edilmişdi. O, Osmanlı parlamentinin keçmiş deputatı idi və Birinci Dünya müharibəsinin başlanğıcında qaçıb çar Rusiyası tərəfə keçmişdi. “Nemesis” əməliyyatlarının koordinatoru Amerikada yaşayan, Akop Ter-Akopyan olan Türkiyədən gəlmə erməni Şahan Natali idi. Maliyyə, logistika və kadrların hazırlanmasına Aron Saçaklyan cavabdeh idi. “Nemesis”in siyahısına Türkiyə və Azərbaycanın 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi. 1920-ci ilin cəmi bir neçə ayı ərzində ADR-in görkəmli xadimləri N.Yusifbəyli (may, 1920-ci il), F.Xoyski və X.Xasməmmədov (19 iyun 1920-ci il), H.Ağayev (19 iyul 1920-ci il) erməni terrorçularının qurbanları oldular.

“Şər imperiyası”- SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”, ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq cəbhəsi” və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.

1983-cü ilin iyul ayında Paris Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Məşhur terrorçu, Daşnaksütyun partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının həyata keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı”adına layiq görülmüşdür. Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.

Bundan başqa, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Azərbaycana məxsus “Mİ-8” vertolyotu vuruldu. Vertolyotun bütün heyəti və sərnişinləri həlak oldular. Həmçinin 28 yanvar 1992-ci ildə erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin vertolyotu vuruldu. 3 heyət üzvü, 41 nəfər sərnişin, əsasən qadın və uşaqlar həlak oldular. Beynəlxalq terrorizmin ən qaniçən dəstələrindən olan erməni terrorçuları 1992-ci ildə Xocalı soyqırımını törətdilər.

Terrorçu Ermənistan bütün bunlarla kifayətlənmədi. 28 fevral 1993-cü ildə Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarı partladıldı. 2 iyun 1993-cü ildə Bakı Dəmiryolu Vağzalının ehtiyat məntəqəsində dayanmış sərnişin qatarı partladıldı. Partlayışla əlaqədar həbs edilən Rusiya vətəndaşı İ.Xatkovski ifadəsində etiraf etmişdir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Can Ohanesyan tərəfindən əməkdaşlığa cəlb edilmiş və Azərbaycan terror aktları törətmək məqsədi ilə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, bu qrup 1991-1994-cü illər arasında Rusiyadan Bakıya gələn dəmiryol qatarlarında partlayışlar təşkil etmişdir. Partlayış nəticəsində 47 nəfər həlak olmuş, 85 nəfər yaralanmışdır.

 Ermənistan xüsusi xidmət orqanları öz terror fəaliyyətlərinin həyata keçirilməsi üçün digər terrorçu və separatçı qurumlarla çox yaxın əlaqələr yaratmağa müvəffəq olmuşlar. 19 mart 1994-cü ildə Bakı Metropoliteninin 20 Yanvar stansiyasında həyata keçirilən partlayış bunu sübut edir. Bu partlayış zamanı 14 nəfər ölmüş, 49 nəfər yaralanmışdır. Əməliyyatın gedişindən aydın olur ki, partlayış Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş və separatçı “Sadval” hərəkatı tərəfindən həyata keçirilmişdir.

Ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədilmiş, o cümlədən  oktyabr ayının 4-də, 11-də, 17-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Ağdam, Ağcabədi, Mingəçevir, Goranboy, Bərdə, Tərtər rayonları raket zərbələrinə məruz qalmışdır. Ermənilərin bu terrorçu əməlləri nəticəsində onlarla mülki vətəndaşmız- qadın, uşaq həlak olmuş, yüzlərlə insan nəfər yaralanmış, minlərlə yaşayış evinə və çoxmərtəbəli binaya, yüzlərlə mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Oktyabrın 27-də və 28-də Bərdə rayonuna endirilən raket zərbələri nəticəsində onlarla günahsız insan həlak olmuşdur.

 Terror, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək ermənilərin əsl xislətidir. Bu gün şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda antiterror əməliyyatları apararaq erməni faşistlərini diz çökdürür. Terror, soyqırımları və başqalarının torpaqlarına zorla yiyələnməyə çalışan erməni terrorçularına tarixi dərs verməyin  yeganə ədalətli yolu budur.