KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanda xunta rejimi diz çöküb, onun başından elə vurmuşuq ki, ayıla bilmir

27 oktyabr 2020 19:34
2188

Neçə il idi ki, Prezident İlham Əliyev dünyanın müxtəlif ali tribunalarından, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən Ermənistanda formalaşmış xunta rejimindən söz açırdı. Hətta BMT kürsüsündən demişdi ki, bu xunta yeni müharibəyə hazırlaşır, işğalçı Ermənistan dayandırılmalıdır. Bildirmişdi ki, bu, hamını narahat etməlidir, həm beynəlxalq təşkilatları, həm də dünya liderlərini. Çünki terrorizmin baş alıb getdiyi bir zamanda bu cür rejimin mövcudluğu həm region, həm də dünya üçün təhdiddir. Üstəlik, bu məsələ  ilə bağlı dünyanın bir sıra qurumlarının susmasını vurğulayan dövlətimizin başçısı qeyd etmişdi ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib.

Faşizm xislətindən əl çəkməyən təcavüzkar Ermənistanın ordumuzun mövqelərinə hücumuna və cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatları zamanı bu xuntanın öz xalqına qənim kəsilməsi bir daha bəlli oldu. Belə ki, öz mənafeyini hər şeydən üstün tutan, Sorosun əlaltısı olan Nikol Paşinyan darmadağın olmuş ordusunu “nizama” salmaq məqsədilə qocaları, qadınları, həmçinin uşaqları döyüş bölgəsinə göndərir, mülki əhalinin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdırır, həmçinin işğal olunmuş Azərbaycan ərazilərində məqsədli şəkildə hərbi obyektləri yaşayış məntəqələrində yerləşdirməklə insanların həyatını birbaşa təhlükəyə atır. Məhz buna görə də bu gün erməni xalqı Nikol Paşinyana lənətlər yağdırır. Məsələn, bu kimi məsələlərlə bağlı sosial şəbəkələrdə ermənilər tərəfindən yayılan şərhlərin birində deyilir: "Bəsdir bizləri öldürdünüz!” Onlar, həmçinin bu kütbeyin siyasətçidən canlarını qurtara bilməmələrindən də şikayətlənirlər. Bu mənada Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun davam edən zəfər yürüşü  Ermənistan vətəndaşlarının, eləcə də Dağlıq Qarabağda və ətraf rayonlarında hərbi siyasi rəhbərliyin məskunlaşdırdığı insanların da  xunta rejimindən xilasıdır desək, səhv etmərik.  "Erməni xalqının ən böyük düşməni ona rəhbərlik edən hərbi xuntadır. Xalq onu zəlil gününə qoyan, dövləti dalana dirəyən cinayətkar rejimdən xilas olmalıdır” sözlərini dəfələrlə vurğulayan Prezident İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində bir daha bildirmişdir ki, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin də canı bu xuntadan qurtarılmalıdır: “Əgər özləri öz canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik.” Dövlətimizin başçısı, həmçinin demişdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır.

Görünən odur ki, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli əks-həmlə əməliyyatları nəticəsində beynəlxalq hüquqa arxa çevirən, Xocalı soyqırımını törədən, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayan xunta rejimi demək olar ki, çökməkdədir. Dövlətimizin başçısının bildirdiyi kimi,  Ermənistan, yəni xunta rejimi diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Bununla da Azərbaycan nələrə qadir olduğunu, daha doğrusu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini əsas tutaraq təkbaşına xuntanı ram etməyi bacardığını dünyaya nümayiş etdirir. Qarabağda hərbi əməliyyatların gedişi də göstərir ki, Azərbaycan tezliklə yekun qələbəni təmin edəcək və xunta rejimini birdəfəlik susduracaq.

Bütün bunlara rəğmən, bu süqutu ləngitmək istəyən qüvvələr də var. Belə ki, müəyyən dairələr döyüş meydanında nəzarəti ələ keçirmiş Azərbaycana böyük təzyiq göstərirlər. Bununla da Nikol Paşinyanın xunta rejimini dəstəkləməyə, kütləvi surətdə silahlar göndərməklə ona yeni nəfəs verməyə, onu xilas etməyə çalışırlar. Məsələn, bu günlərdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə istinad olunmayan bəyanat layihəsi hazırlamışdılar.  Lakin Qoşulmama Hərəkatı  ölkələrinin prinsipial mövqeyi nəticəsində həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini rəsmən geri götürmüşlər. Digər tərəfdən, son bir ay ərzində Ermənistana kütləvi surətdə göndərilən silahların sayı-hesabı yoxdur. Bu faktlar bir daha sübut edir ki, həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən hələ də əl çəkə bilmirlər.

Bu kimi çətinliklərə rəğmən Ali Baş Komandanımız xuntanı tamamilə çökdürməkdə israrlıdır: “Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük... Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır.”