KÖŞƏ

Zahid Rza

Biz haqq yolundan dönməyəcəyik

26 oktyabr 2020 18:09
1703

Şanlı Azərbaycan Ordusu dünya hərb tarixinin çağdaş dövrünün ən parlaq səhifələrini yazır, sözün əsl mənasında tarix yaradır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olunur. Təcavüzkar Ermənistanın başıpozuq, ümidsiz silahlı qüvvələri dəyəri yüzmilyonlarla ölçülən döyüş texnikası və hərbi sursatlarını qoyub cəbhə bölgəsindən qaçırlar. Rəşadətli Azərbaycan əsgəri onları iti qovan kimi qovur. Dövlətimizin başçısının dediyi kimi, biz onları torpaqlarımızdan elə qovuruq ki, dabanlarına tüpürüb qaçırlar. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını demək olar ki, məhv etmişik. Prezident İlham Əliyev dünən xalqımıza növbəti müraciətində yeni işğaldan azad edilən ərazilərin adlarını açıqlayıb. Ordumuz Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndlərini, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Cələbilər kəndlərini, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollaburhan kəndlərini, Qubadlı şəhərini işğaldan azad edib.

Öz havadarlarının hərbi, maliyyə dəstəyi ilə zorla ayaqda qalan terrorçu Ermənistanın nizami ordusu artıq diz çökdürülüb. Təcavüzkar ölkənin cinayətkar hərbi-siyasi rəhbərliyi demək olar ki, hər gün xalqa səfərbərlik çağırışı ilə müraciət etsə də, heç nəyə nail ola bilmir. Çünki Ermənistandakı iqtisadi tənəzülün yaratdığı kəskin demoqrafik çətinliklər və miqrasiyanın geniş vüsət alması, mühacirətin davamlı xarakter daşıması orduya çağırışçıların sayını sürətlə azaldıb. Şəhər merləri, kənd icra orqanlarının, bələdiyyə rəhbərlərinin həyata keçirdikləri inzibati metodlar fayda vermir, çağırışçılar hərbi xidmətdən yayınır, ruh düşkünlüyü, kütləvi fərarilik baş alıb gedir. Erməni gənclər orduya getməkdən imtina edir, valideynlərini, yaxınlarını xəbərdar edirlər ki, əgər onları zorla orduya göndərərlərsə intihar edəcəklər. Düşmən ölkədə orduda xidmətdən boyun qaçıranların məsuliyyətə cəlb edilməsi ilə bağlı görülən tədbirlər heç bir nəticə vermir. İşğalçı Ermənistanda hərbi çağırış məntəqələrinin fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşüb. Müqavimət qabiliyyəti qırılan erməni ordusu PKK terrorçularının, muzdluların və qədim peşə sahibi olan qadınların ümidinə qalıb.

Bu günlər güclü iqtisadiyyatı, qüdrətli ordusu olan Azərbaycan tarixi ədaləti bərpa edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarını böyük qəhrəmanlıqla davam etdirən şanlı Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. Erməni əsgərləri güclü ordumuz qarşısında tap gətirməyib ağır  itkilər verərək, texnikalarını döyüş meydanında qoyaraq, qorxaqcasına qaçır.  Bundan sonra da belə olacaq. Çünki şanlı Azərbaycan Silahlı Qüvvələrinin, müzəffər Ali Baş Komandanın arxasında sarsılmaz birliyi və həmrəyliyi olan xalq dayanıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə bildirib ki, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik: “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!”