KÖŞƏ

Qvami Məhəbbətoğlu

Bizim yumruğumuz bizim birliyimizdir

23 oktyabr 2020 18:50
3234

Yəqin, fikir vermisiniz… Prezident İlham Əliyev hər dəfə xalqa müraciət edəndə “Bu işğala son qoyulmalıdır və son qoyulacaq. Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” deyəndə bir qayda olaraq yumruğunu düyünləyir. Şübhəsiz, bu, Azərbaycan xalqı, Azərbaycan Ordusu tərəfindən erməni həyasızlığına, erməni irticasına, erməni terroruna ən ağır zərbəninin  vurulacağına işarədir. Bu, həm də xalqımızın  işğalçı Ermənistana qarşı mübarizədə birliyinin simvoludur. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim yumruğumuz sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil: “Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.”

Bəli, bu gün hər kəs təcavüzkar Ermənistanın sentyabrın 27-də yenidən törətdiyi təxribata cavab vermək üçün Ali Baş Komandanın hər bir əmrinə hazır olan, ümumi məqsəd,  Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə onun ətrafında yumruq kimi birləşən xalqımızın göstərdiyi həmrəyliyin şahididir. Sentyabrın 28-də Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan ediləndə minlərlə insanın "Cənab Prezident, Sizin ətrafınızda birləşərək Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün canımızdan keçməyə hazırıq” deyərək böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yollanması bunun bariz nümunələrindən biridir. Cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan soydaşlarımızın raket, mərmi zərbələri  altında düşmənə meydan oxuması da birliyimizin nəticəsidir. Bu səbəbdən onlar öz evlərini, yurdlarını tərk etmirlər. Maddi, mənəvi itkilər verən bu şəxslər “Vətən sağ olsun” deyərək, müharibənin davam etdirilməsini və ərazi bütövlüyümüzün bərpasını istəyirlər. Çünki hər kəs əmindir ki, onu qoruyan güclü ordusu və müdrik rəhbəri var. Bu yerdə bir məqamı da vurğulamaq yerinə düşərdi. Vətən müharibəsi başlanan ilk gündən Azərbaycanın 50 siyasi partiyası birgə bəyanat yayaraq, işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək nümayiş etdirdilər. Bax, budur xalqın birliyi.  Bu gün mənfur düşməni təşvişə salan da  elə bütün Azərbaycanın tək yumruğa çevrilməsidir. Şübhəsiz, bütün bunlar xalqımızın, millətimizin genetik xarakterindən irəli gəlir. Bu mənada bu gün Azərbaycan həm də dünyaya öz həmrəyliyini nümayiş etdirir. Bu birlik gələcəkdə də böyük qürur, fəxr və ehtiramla anılacaq.

Bəli, bu gün Azərbaycanda hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq öz Prezidentinə inanır və əmindir ki, ölkəmizin iqtisadi inkişafına nail olan dövlət başçımız nəyi necə, nə vaxt etmək lazım olduğunu çox yaxşı bilir. Ona görə də hər kəs həmişəkindən daha çox həmrəy olmağa çalışır. Şübhəsiz, müasir standartlara uyğun yenidən qurulan və təchiz olunan, haqq yolunda vuruşan və qələbə marşını davam etdirən ordumuz da bu dəstəyi hiss edir və  daha inamla vuruşur. Ordumuzun hər bir əsgəri, zabiti bilir ki, onların arxasında xalqımız  dayanır.

Bu gün ordumuz Vətən müharibəsində qalibiyyət yürüşünü davam etdirir. Artıq işğal altında olan neçə-neçə yaşayış məskənimiz, eləcə də strateji yüksəkliklər düşmən tapdağından azad olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bildirdiyi kimi, mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır: “Bizim birgə qələbələrimizin tarixini!” Bəli, xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi də yaxınlaşdırır. Bir daha qeyd edək ki, bu zəfər yürüşünün əsasında  bizim yumruğumuz, yəni, bizim birliyimiz dayanır. Başqa sözlə desək, bu zəfər ölkəmizdəki daxili həmrəyliyin, həm də siyasi birliyin təcəssümüdür.  Məhz birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaqdır. Qarabağ Azərbaycandır!!!”