Zahid Rza |
İşğalçı Ermənistanın silahlı qüvvələri sentyabrın 27-si səhər saatlarında genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərdə yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutaraq mülki vətəndaşları və hərbçiləri qətlə yetirdilər. Dinc əhalini məqsədyönlü şəkildə hədəfə alan işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd addımları bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini bir daha nümayiş etdirdi. Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını, BMT -nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı ərazilərdən yüzlərlə kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrini, Gəncə, Beyləqan, Bərdə, Göygöl, Zərdab, Ağcabədi və Mingəçevirin dinc əhalisini, mülki obyektləri, evləri, məktəbləri raketlərlə atəşə tutur.
Prezident İlham Əliyev bu günlərdə “Əl-Ərəbiya” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır atilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, işğal olunmuş ərazilərdə əcnəbilərin məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyasını kobud şəkildə pozur. İşğalçı Ermənistan məqsədli şəkildə mülki şəxsləri, infrastruktur obyektlərini hədəf alır. Bunun nəticəsində sentyabrın 27-dən bu günə qədər 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb, 300-dən çox evə və mülki obyektlərə ciddi ziyan dəyib.
Bütün bunlar erməni barbarlığının, vandalizminin göstərcisidir. Ancaq başlarını itirən ermənilər nə etsələr də faydası olmayacaq.Torpaqlarımızın işğaldan azad edilməsi üzrə Ali Baş Komandanımızın tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə icra edən Azərbaycan Ordusu tərəfindən ağır itkilərə məruz qalan düşmən ölkənin hərbi-siyasi rəhbərliyi təşviş içindədir. İndi Ermənistanda hər kəs Qarabağ müharibəsində uduzduqlarını etiraf edir. Qarabağın erməni kilsəsinin baş keşişi arxiyepiskop Parqev Martirosyan indiki müharibənin ötən əsrin 90-cı illərində gedən müharibədən çox fərqləndiyini etiraf edib.
Təcavüzkar Ermənistanın hərbi cinayətlərini durdurmaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşməni ağır məğlubiyyətə uğratdı. Düşməndən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o, sıxışdırılaraq əldə saxlamaq istədiyi mövqelərdən geri çəkilməyə məcbur edilir. Əks-hücum nəticəsində işğal altında olan kəndlərimizdən Suvoquşan, Talış, Qaraxanbəyli, Kənd Horadiz, Qərvənd, Karxulu, Çərəkən, Mahmudlu, Böyük Mərcanlı, Çaxırlı, Şəybəy və başqaları, Murov zirvəsi və digər əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.
Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli telekanallara son müsahibəsi zamanı və BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatdakı çıxışında bütün beynəlxalq təşkilatlara, Ermənistanın havadarlarına və Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq edərək Ermənistanın bir daha Azərbaycana qarşı təxribata əl atacağı təqdirdə bu dəfə tamamilə fərqli cavabla qarşılaşacağını, Azərbaycanın daha adekvat cavab verəcəyi xəbərdarlığını etmişdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulayıb ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq. Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Bu cinayətkar rejim artıq qəbul etməlidir ki, Qarabağ Azərbaycandır!