Qvami Məhəbbətoğlu |
Bu dəfə də Azərbaycan Ordusu ilə bacara bilməyən işğalçı ölkənin hərbi qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq cəbhə xəttinin müxtəlif istiqamətlərində dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Belə ki, qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Tərtərdə, Naftalanda, Ağdamda mülki əhalidən 14 nəfər həlak olub, 46 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Məlumata görə, həlak olanlardan - ikisi Naftalan futbol klubunun üzvü Şəhriyar və Fidan Qurbanovlar Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Təcavüzkar Ermənistanın mülki obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evi, həmçinin, 26 mülki obyekt yararsız vəziyyətə düşüb, o cümlədən Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.
Şübhəsiz, bu hadisələri Ermənistanın iyulun 12-16-da dövlət sərhədinin Tovuz rayonu istiqamətində, eləcə də bundan öncə təmas xəttinə yaxın yaşayış məskənlərində törətdikləri zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirmək olar. Bütün bunlar da Ermənistan faşizminin eybəcər sifətini bir daha açıq-aydın göstərir. Bir sözlə, rəsmi İrəvan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi, beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsi və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin Cenevrə Konvensiyasının tələblərinə də məhəl qoymur. Ermənistanın beynəlxalq hüquq normalarını pozmasını təsdiqləyən saysız-hesabsız faktlar var. Amma bəzi beynəlxlaq qurumlar hələ də erməni vəhşiliyinə göz yummaqdadırlar. Odur ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edən Azərbaycan işğalçı ölkənin növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.
Mütəxəssislərin fikrincə, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilir. Daha doğrusu, işğalçı Ermənistanın cəbhəboyu zonadakı yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam etməsi onları öz yurd-yuvalarından didərgin salmaq, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Bu mənada mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır. Bu məqamda sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın.”
Amma cəbhəboyu ərazilərdə yaşayan sakinlər düşmənin bu xain hücumlarını çox soyuqqanlı qarşılayırlar; hər kəs öz yerindədir. Yəni, ermənilərin bu kimi genişmiqyaslı təxribatlarına baxmayaraq, onlar öz yurd-yuvalarını tərk etmək niyyətində deyillər. Təki erməni işğalına son qoyulsun. Təki qələbə qazanılsın. Təqdirəlayiq haldır ki, bu gün cəbhə bölgəsində yaşayan sakinlər bu mətinlikləri ilə öz Ali Baş Komandanına və müqəddəs amal uğrunda vuruşan müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirirlər. Yeri gəlmişkən, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdə əldə etdiyi uğurlar onlarda da döyüş ruhunun, əzmkarlığın daha da yüksəlməsinə səbəb olub. Onlar inanırlar ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda düşməni doğma torpaqlarımızdan qovub çıxaracaq, bizə zəfər bayramı yaşadacaq.