Zahid Rza |
Azərbaycan Silahlı Qüvvələri özünün zəfər tarixini yazır. Erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşən Azərbaycan Ordusu düşmənə ağır, sarsıdıcı zərbələr vuraraq şanlı tarix yaradır. Ordumuz torpaqlarımızı işğaldan azad edilməsi üzrə Ali Baş Komandanımızın tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə icra edir. Bu çətin günlərdə xalqımız, yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənclərimiz milli birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.
Məlum olduğu kimi, işğalçı Ermənistanın silahlı qüvvələri sentyabrın 27-si səhər saatlarında genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazidə yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutaraq mülki vətəndaşları və hərbçiləri qətlə yetirdilər. Dinc əhalini məqsədyönlü şəkildə hədəfə alan işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd addımları bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini bir daha nümayiş etdirdi.
Təcavüzkar Ermənistanın hərbi cinayətlərini durdurmaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşməni ağır məğlubiyyətə uğratdı. Düşməndən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi mövqelərdən geri çəkilməyə məcbur edilir. Əks-hücum nəticəsində işğal altında olan bir neçə kəndlərimiz, Murov zirvəsi və digər əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib.
Bütün bunlar 30 ilə yaxın müddətdə Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayan, azərbaycanlıları etnik təmizləməyə məruz qoyan, Xocalı soyqımını törədən Ermənistanın sentyabrın 27-də səhər saatlarında növbəti təxribatlarına, N.Paşinyanın Qarabağın Ermənistan olması barədə həyasız bəyanatına Silahlı Qüvvələrimizin verdiyi layiqli cavabdır.
Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli telekanallara son müsahibəsi zamanı və BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatdakı çıxışında bütün beynəlxalq təşkilatlara, Ermənistanın havadarlarına və Minsk qrupunun həmsədrlərinə xəbərdarlıq edərək Ermənistanın bir daha Azərbaycana qarşı təxribata əl atacağı təqdirdə bu dəfə tamamilə fərqli cavabla qarşılaşacağını, Azərbaycanın daha adekvat cavab verəcəyi xəbərdarlığını etmişdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etməsi ilə yanaşı, həm də vurğulayıb ki, əks halda Azərbaycanın torpaqlarını digər vasitələrlə, yəni müharibə ilə azad etmək hüququnu icra etməsindən başqa yolu qalmayacaq.
Ölkəmizin başçısı dünən Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Bu gün Ermənistan öz işğalçı əməllərinin bəlasını çəkir. Necə deyərlər, “külək əkən fırtına biçər.” Başda N.Paşinyan olmaqla ermənilər ağır məğlubiyyətin şokunu yaşayırlar. Dünən Ermənistanda sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdan ağ bayraqla qaçan ermənilərin görüntülərini paylaşıblar. Baş nazir Nikol Paşinyan qondarma Qarabağ rejimindəki ermənilərə müraciət edib. N.Paşinyan müraciətində Azərbaycan Ordusunun hücumunun qarşısında dayana bilmədiklərini etiraf edib. O, həmçinin qondarma rejimdəki erməniləri Ermənistana köçməyə çağırıb. Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığı yarnıb. İşğalçı ölkədə xəstəxanalar xəstə qəbulunu dayandırıb. Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan əmr imzalayıb.Yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələrə reanimasiya və ya qəbul həyata keçiriləcək. Eyni zamanda, xəstəxanada tibbi yardım alan xəstələrin sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra ilkin tibbi yardım müəssisələri vasitəsi ilə növbəti nəzarətin təşkili ilə onların evə buraxılması təmin ediləcək. Düşmən ölkədə yaralılara görə bütün xəstəxanaların dolduğu bildirilir. Bu qərarla yaralı erməni hərbçilər üçün yer hazırlandığı vurğulanır. Qarabağda ermənilərin şəxsi heyət sayında kəskin çatışmazlıq yaranıb. Paşinyan hökuməti bunun qarşısını almaq üçün polisləri məcburi olaraq cəbhə xəttinə göndərir.
Azərbaycanın qəti mövqeyi belədir ki, işğalçı Ermənistana, ermənilərə və onların havadarlarına heç bir güzəşt olmamalıdır və olmayacaq. Hazırda düşmənə layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri onun hərbi mövqelərinə zərbələr endirir, öz torpağında ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə qoruyur. Xaqlmız öz ordusuna inanır. Əminik ki, tam və qəti qələbəmiz uzaqda deyil. Qətiyyətlə demək olar ki, şanlı ordumuz öz igidliyi və əzmi sayəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə bu günləri daha da yaxınlaşdırır. Çünki Azərbaycanın işi haqq işidir. Ali Baş Komandanımızın dediyi kimi, “Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.