KÖŞƏ

Qvami Məhəbbətoğlu

Erməni nasizmi növbəti dəfə ifşa olundu

23 sentyabr 2020 18:23
2306

Bu gün dünya miqyasında ən böyük təhdidlərdən biri də Ermənistanda nasizmin yenidən dirçəlməsidir. Özü də işğalçı ölkədə faşizm ideyaları yalnız sözdə deyil, əməllərdə də əksini tapır. Onların bu əməllərini təsdiqləyən kifayət qədər faktlar da var. Elə mənfur ermənilərin nasist general Qaregin Njdeni milli qəhrəmana çevirmələri, ona abidə ucaltmaları buna bir nümunədir. Halbuki o, İkinci Dünya müharibəsi illərində hitlerçilərlə çiyin-çiyinə insanlığa qarşı kütləvi cinayətlər törətmişdir. Bu kimi addımlara isə faşizmə qarşı mübarizə aparmış bütün xalqlara və millətlərə, o cümlədən bu yolda canlarından keçmiş milyonlarla insanın xatirəsinə ən böyük hörmətsizlikdən, təhqirdən, xəyanətdən başqa ad vermək olmaz.

Njdenin cinayətləri təkcə İkinci Dünya müharibəsi illərində törətdiyi cinayətlərlə məhdudlaşmır. Belə ki, o, dinc Azərbaycan əhalisinə qarşı qəddarlıq, soyqırımı törətmişdir, minlərlə günahsız azərbaycanlını qətlə yetirmişdir. Bütün bunlar da tarixi faktlardır. Şübhəsiz, nasist ideologiyasına nifrət edən xalqların nümayəndələrinə qarşı amansızlığı ilə fərqlənən Njdeyə İrəvanda abidə ucaldılması Ermənistan hakimiyyətinin nasizmə  məhəbbətindən irəli gəlir. Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında, ərazi iddialarında da ermənilərin faşizmə olan sevgisi böyük rol oynayır. Elə son illər cəbhə bölgəsində onların dinc əhalini - qadınları, körpələri, yaşlı insanları qətlə yetirmələrindən zövq almaları da bunu sübut edir. Bütün bunlar işğalçı ölkədə ancaq Njdeyə pərəstiş edən və bu yolda cinayət etməyə hazır olan gənc nəsil yetişdirilməsinin, bir sözlə, faşizm prinsiplərinin tam bərqərar olmasının nəticəsidir.  Şübhəsiz, Ermənistan rəhbərliyinin də hədəfi məhz budur.

Almaniya faşizmi üzərində qələbəyə öz misilsiz töhfələrini verən Azərbaycan artıq neçə illərdir ki, erməni faşizmi ilə təkbaşına mübarizə aparır. Ölkəmizin xarici siyasətində, iştirak etdiyi beynəlxalq tədbirlərdə də bu vacib məsələ bir qayda olaraq vurğulanır. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev bu problemi bir daha dünyanın diqqətinə çatdırdı. Bildirdi ki, artıq nasizmin – alman faşist ideologiyasının şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının  iclasında çıxış edən Prezident İlham Əliyev tutarlı faktlarla işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bəyan etmişdi. Dövlət başçımızın bu çıxışı geniş əks-səda doğurmuşdu və  bunun təsiri  özünü Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin  sökülməsində göstərmişdi. Güman etmək olar ki, dünyanın mötəbər trubanasından Prezident İlham Əliyevin işğalçı ölkənin faşist ideologiyası ilə bağlı səsləndirdiyi fikirlər də tezliklə öz bəhrəsini verəcək. Bu məsələdə isə dünya birliyinin əməkdaşlığı olduqca vacibdir. Unutmayaq ki, faşist Almaniyasını darmadağın edən də elə dünya birliyi olub.  Bu mənada demək olar ki,  bəzi mötəbər qurumların, eləcə də dünyanın inkişaf etmiş ölkələrinin susqunluğunun nəticəsidir ki, Ermənisitan öz faşist ideologiyasını daha geniş miqyasda həyata keçirir. İşğalçı ölkənin Azərbaycana qarşı yürütdüyü nasist siyasətinin əsasında da bu amil dayanır. Artıq Ermənistan bu siyasətində tamamilə həyasızlaşıb.  Ona görə də regionun və dünyanın gələcəyi üçün narahat olan heç kəs bu vəziyyətdə susmamalıdır, Ermənistanın nasizmdən təmizlənməsi günün tələbi olmalıdır. Prezident İlham Əliyevin beynəlxalq aləmdəki yeni problemlərdən narahatlıq ifadə edərək  BMT–nin fəaliyyəti haqqında səsləndirdiyi: “…biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleya­nın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq” fikrini də buna bir mesaj kimi dəyərləndirmək olar.