KÖŞƏ

Azər Qismət

Milli maraqlar naminə Azərbaycan prinsipiallığı

03 sentyabr 2020 11:26
7524

Son illər Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsi və heç bir dövlətin forpostu olmaması Prezident İlham Əliyevin verdiyi bəyanatlarda, xüsusilə digər ölkə prezidentləri, diplomatları ilə keçirdiyi görüşlərdə açıq-aşkar görünməkdədir.

Dünyanın super güclərindən biri olan Rusiyanın Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistana silah-sursat göndərilməsi barədə narazılığı da onu göstərir ki, Prezident İlham Əliyev daim milli maraqları əsas götürür və rəhbərlik etdiyi dövlətin təhlükəsizliyi naminə bütün addımları atır, lazım olan sözləri kəskin şəkildə söyləməyi bacarır.

Elə dost Serbiyanın da həmin günlərdə Ermənistana silah daşıması ilə bağlı təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatlardan sonra da eyni narazılıq ifadə olundu. Nəticədə Serbiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, daha sonra adıçəkilən ölkədən nümayəndə heyəti Azərbaycana təşrif buyurdu. Prezident İlham Əliyev bütün nitqlərində açıq şəkildə bəyan edir ki, “biz dost və strateji ölkələrlə etibarlı tərəfdaşlığımızı davam etdirir, onların marağına zidd heç bir addım atmır, qərar qəbul etmirik”. Amma nəyə görəsə bəzən qarşılıqlı etimadı ala bilmirik. Bu, müstəqil Azərbaycanın heç bir ölkədən asılı olmadığını göstərir. Biz lazım gələndə öz fikrimizi açıq şəkildə söyləyirik və açıq dialoq tələb edirik.

Dünyanın siyasi düzəninin qarışıq dönəmində artıq bütün münasibətlərdə şəffaflıq hökm sürməli, gizli oyunlar aradan qalxmalıdır. Məhz Azərbaycan bütün münasibətlərdə şəffaflığın tərəfdarı kimi çıxış edir. Daha o dövr deyil ki, kimin dost və yaxud düşmən olduğunu fikirləşəsən. Biz dost ölkələrlə etibarlı tərəfdaş olacağıq, lazım gəldikdə biznes mühitinin yaxşılaşması üçün investisiya qoyacağıq, bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Zatən, Azərbaycan həmişə belə edib. Elə Tovuz hadisələri zamanı Ermənistanı silahlandıran Serbiya həmişə tərəfimizdən müdafiə edilib, düşmən ölkədən fərqli olaraq Kosova məsələsində onun xeyrinə qərar qəbul olunub. Lakin görünən odur ki, həmin ölkələr hansısa qüvvələrin təsiri altında Azərbaycana münasibətdə sapınmalara yol verirlər. Deməli, onların müstəqilliyi yalnız kağız üzərindədir.

Elə Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən də iki ölkə arasındakı kiçik narazılığa aydınlıq gətirilməsi tövsiyə edildi. Həmin narahatlıq Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlıdır. Yeni səfirin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev bütün diplomatik qaydaları gözləyərək öz fikirlərini çatdırdı. Bu, onun diplomat kimi dünya arenasında qazandığı təcrübə və mühüm ali təhsili ilə bağlıdır. Məsələn, dövlət başçısının fikrinə diqqət çəkək: “Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim”. Bu fikirlər onu göstərir ki, Azərbaycan Yunanıstanla əlaqələri tam qırmaq niyyətində deyil. Və bu məsələ ayrı-ayrı qızışdırıcı qüvvələr tərəfindən qarşı tərəfə tam fərqli şəkildə ötürülə, yaxud informasiya şəklində yazıla bilər. “Məndən eşitməyiniz yaxşıdır” fikri isə bütün baş verəcək qızışdırıcı hadisələrin qarşısının alınmasına yönəlib. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Çünki Ermənistan özünü gələcəkdə hansısa digər ölkələrdən əhalisini qorumaq məqsədi ilə həmin silahları almır, yaxud hərbi ittifaq qurmur. Bu yalnız Dağlıq Qarabağ münaqişəsinə, torpaqları işğal altında saxlamağa görədir. Məhz bu baxımdan Azərbaycan tərəfinin narahatlığını anlamaq mümkündür. Yunanıstan səfiri ilə söhbətdə Azərbaycanın öz fikrini açıq şəkildə ifadə etməsinin digər nüansı da qabarıq şəkildə ifadə edildi. Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistana silah ötürülməsi məsələsi elə o söhbətlə bitməyibmiş. Azərbaycan Prezidenti yenə də silahla təchizat məsələsini qaldırdı. Həmin telefon danışığından sonra Müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfəri zamanı söylədiyi fikir və əsaslandırmalar Azərbaycan tərəfini qane etməyib. Bu da Yunanıstanın ölkəmizə yeni təyin edilən səfiri ilə danışıqdan bir daha aydın oldu. Prezident İlham Əliyev həm də dünyanın siyasi arenasının nəzərinə çatdırdı ki, dünənki tarixə qədər yenə də Rusiyadan Ermənistana silah-sursat ötürülüb. Bu, həm də o deməkdir ki, Azərbaycan tərəfi hər hansı məsələyə tam aydınlıq gətirilməyən, üstəlik milli maraqlara cavab verməyən istənilən ölkənin əməlinə görə daim bəyanat verəcək. Bu, həm prinsipiallıq, həm də siyasi iradə məsələsidir.

Azərbaycan təkcə özünün milli maraqlarına görə deyil, eyni zamanda, qardaş Türkiyənin də təhlükəsizliyi üçün narahatlıq ifadə edir. Azərbaycan Prezidenti Şərqi Aralıq dənizi məsələsində Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədi. Bu, o deməkdir ki, Azərbaycan daim Türkiyənin milli maraqlarını qoruyacaq, təhlükəsizliyinə olan təhdidin qarşısının alınmasında bütün vasitələrdən istifadə edəcək. Buna nümunə kimi 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitində baş verənləri göstərmək olar. Azərbaycan Prezidenti o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək Türkiyəni müdafiə etmişdi. Masa arxasında Türkiyə nümayəndəsinin olmamasına baxmayaraq, Azərbaycan tərəfi qardaş ölkənin əvəzinə müdafiə istehkamı qurmuşdu. Və bütün bunlar o deməkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlara əsaslanan siyasət  nümunəsidir.