KÖŞƏ

Azər Qismət

Aktyorların məvacib sevinci, teatrlara unudulmaz töhfə

18 aprel 2019 17:15
4717

Prezident İlham Əliyevin Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında imzaladığı sərəncam sevinclə qarşılandı.

Qeyd edək ki,Azərbaycan teatr sənəti ölkənin ictimai-mədəni həyatında daim fəal rol oynayıb. Teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı mühüm addımlar atılır. Elə dövlət başçısının Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında imzaladığı Sərəncam da bu sahənin tərəqqisinə yeni imkanlar yaradacaq.

Bəzən teatrların maddi cəhətdən əziyyət çəkməsi tamaşalara verilən quruluşun bəsitliyində də öz əksini tapırdı. İllərlə istifadə edilən köhnə dekorasiyalar yeni dövrün tələblərinə cavab vermirdi. Rejissorlar həmin dekorasiyaları yeni tamaşalarda da quraşdırmağa məcbur qalırdılar. Bu da yeni dövrün parametrləri ilə uyğun gəlmirdi. Teatrların inkişafı məhz maddi vəsaitlə bağlıdır. Köhnə repertuarların yenidən dövriyyəyə buraxılması da məhz yeni dekorasiyaların, paltarların tikilməməsi ilə izah olunmalıdır. Mövzu qıtlığı, yaxud tarixi mövzulara müraciətin yox səviyyədə olması teatrların maddi baxımdan əziyyət çəkməsi ilə bağlanmalıdır.

Yeni aktyorların cəlb edilməsində də problemlər yaranmışdı. Bəzən Mədəniyyət və İncəsənət Universitetinin məzunlarının işlə təminatında boşluqların yeri doldurulmurdu. Tamaşaçılar orta nəsil aktyorlarının yaradıcılığı ilə kifayətlənirdi. Gənc aktyorlar isə az məvaciblə teatrda çox duruş gətirə bilmirdilər. Hazırda teatr aktyorları təkcə ştatda olduqları qurumlarda fəaliyyət göstərmir, seriallara da çəkilirlər. Təbii ki, az məvacib onları buna məcbur edirdi. Məhz bu baxımdan dövlət başçısının imzaladığı sərəncam teatrların inkişafında yeni mərhələyə start verəcək. Üstəlik, aktyorların məvacibinin artması onların maddi vəsaitə görə müxtəlif iş dalınca getmələrinin də qarşısını alacaq. Nəticə ürəkaçan olacaq, tamaşalar daha peşəkarlıqla hazırlanıb sənətsevərlərin ixtiyarına veriləcək.  

Vurğulamaq yerinə düşər ki, xarici ölkələrdə teatrların inkişafında sahibkarlar böyük rol oynayır. İş adamları hansısa tamaşının araya-ərsəyə gəlməsinə vəsait sərf edir. Biz tamaşaçılar xarici ölkələrin teatrlarında uğurla səhnələşdirilən tamaşalardan misal çəkəndə həmin məqamı nəzərdən qaçırırıq. Unuduruq ki, hər hansı əsərin səhnələşdirilməsində maddi vəsaitin rolu danılmazdır. Təəssüf ki, əksər hallarda ölkəmizin iş adamları bu sahədə dövlətin yanında olmur. Halbuki, istənilən məsələdə sahibkarlar dövlətin həyata keçirdiyi irimiqyaslı layihələrin reallaşdırılmasında öz töhfələrini verməlidirlər.

Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti həm də ondan ibarətdir ki, tamaşaçıların qarşısına dolğun əsərlərlə çıxan sənətkarlar öz potensiallarını ortaya qoymağı bacaracaqlar. Əlbəttə, aktyor bacarığı təkcə dekorasiya və uyğun paltarla ölçülmür. Amma istər teatrın təchizatındakı dolğunluq, istərsə də aktyorun maddi-rifah halının yaxşılaşması ümumilikdə sənət əsərlərinin mükəmməlliyinə gətirib çıxarır. Bu həm də ümumilikdə teatr sənətinin daha da püxtələşməsinə xidmət edir.

Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manatın ayrılması, dövlət başçısının incəsənət xadimləri ilə görüşdə səslənən təkliflərin heç də boş sözlərdən ibarət olmadığını sübut etdi. Prezident nümayiş etdirdi ki, görüş yalnız işin xeyri üçün təşkil olunmuşdu. Üstündən az müddət sonra mədəniyyət və incəsənətin inkişafı naminə sərəncamın imzalanması da sənətsevərləri sevindirdi.

Beləliklə,  Azərbaycanda  teatrların  fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. İndi yaradıcı kollektivlərə yalnız sənətləri ilə tamaşaçıları sevindirmək qalır.

Bu dövlət bütün problemlərin həllinə çalışır. Yetər ki, ona inanaq.