KÖŞƏ

Azər Qismət

1 ildə 100 ilin uğuru

09 aprel 2019 15:48
4222

Ötən ilin aprelində növbəti dəfə Azərbaycan xalqının böyük etimadını qazanan Prezident İlham Əliyevin rəhbərliyi altında son 1 il ərzində bir sıra dünya miqyaslı layihələrə imza atıldı. Dövlət başçımız bunları etməyi bacardı. Onların sırasında Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən olan TANAP-ın açılışlarını xüsusi qeyd etmək olar. Şübhəsiz, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrini Azərbaycan xalqı da görür və ona dəstək ifadə edir.  

Bu gün hər bir Azərbaycan vətəndaşı 2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə genişmiqyaslı islahatlar kampaniyasının həyata keçirildiyini görür. Bu islahatlar tək siyasi və iqtisadi deyil, eləcə də cəmiyyət həyatının digər sahələrini əhatə edir. İlham Əliyev daxili ictimai-siyasi sabitliyin möhkəmənməsi, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqlarının qorunması istiqamətində atlan addımlarla bağlı vədi müvəffəqiyyətlə yerinə yetirir. Təsadüfi deyil ki, hazırda daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bundan başqa, ölkəmiz regional müstəvidə də öz sözünü deyir, bir sıra ikitərəfli, üçtərəfli və çoxtərəfli formatların əsas iştirakçısı sayılır. Respublikamızın iştirakı ilə dünyanın enerji təhlükəsizliyi sistemində əhəmiyyətli rol oynayan bəzi strateji layihələrin həyata vəsiqə qazanması məhz dövlət başçısının prezidentlik səlahiyyətlərinin ötən 1 ilinə təsadüf edir.

Müşahidəçilər ötən il Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə açılışı reallaşan STAR zavodunun da enerji əməkdaşlığında müstəsna rol oynadığını vurğulayırlar. İki dost və qardaş ölkənin bu nəhəng layihədə iştirakı Bakı və Ankara arasında əlaqələrin digər istiqamətlər üzrə də dərinləşməsinə müsbət təsir göstərir.

Şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrini Azərbaycan xalqı da görür və ona dəstək verir. Xüsusən, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıran hadisələr daha çox diqqət çəkir. Məsələn, keçən il üçüncü peykin orbitə buraxılması bir daha göstərdi ki, texnoloji baxımdan Azərbaycan sürətlə inkişaf edir və kosmik sənayenin inkişafı ölkəmizin əsas prioritetlərindən biridir.

Ümumiyyətlə, Azərbaycanda icra olunan iqtisadi proqramlar ciddi nəticələr verməkdədir. Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası, yeni zamanın tələblərinə uyğun infrastrukturun qurulması, elektrik enerji və qaz ehtiyatları ilə tam təminat, şəhərlərin əksəriyyətinə təmiz içməli su xətləri çəkilişi sahəsində görülən işlər ötən 1 ilin əsas iqtisadi göstəricilərindən sayılır. Məhz bunun nəticəsidir ki, Davos Ümumdünya İqtisadi Forumu yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycanı dünya miqyasında 34-cü yerə layiq gördü. Bu proses dayanmır və Prezident İlham Əliyev respublikada dərin islahatlar prosesinin fasiləsiz olaraq davam edəcəyini bildirir.

Azərbaycan bir çox sahələr üzrə dünyaya nümunə ola biləcək addımlar atır. Çoxmənzilli binaların sənədləşdirilməsi, habelə, problemli kreditlərin həlli ilə bağlı imzalanan mühüm fərmanlar beynəlxalq müstəvidə analoqu olmayan hadisə kimi qiymətləndirilir. 800 min insanı əhatə edən problemli kreditlərlə bağlı proqramın qəbulu bir daha göstərir ki, dövlət öz vətəndaşının yanındadır. Bundan başqa, Prezidentin zəlzələ və təbii fəlakətlərdən əziyyət çəkən insanlara birbaşa baş çəkməsi dövlət müstəvisində bir çox çətin məsələlərin həllində əhəmiyyətli rol oynayır. Sahibkarlara, məcburi köçkünlərə, tələbələrə, aztəminatlı əhali kateqoriyasına yardımlar Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi “mən hər bir azərbaycanlının prezidenti olacağam” deyimini bu gün də qətiyyətlə həyata keçirdiyindən xəbər verir. 

Beynəlxalq və yerli mütəxəssislər Prezident İlham Əliyevin hakimiyyəti dövründə, o cümlədən ötən 1 il ərzində iqtisadi-enerji sahəsində ciddi uğurlara imza atıldığını bəyan edirlər. Bu gün respublikamızda qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf edir, iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə göstərir. Siyasi və hərbi sahədə qəbul edilən qərarlar, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, struktur dəyişikliklərin həyata keçirilməsi qarşıya qoyulan hədəflərə daha effektiv şəkildə çatmağı təmin edir.

Bəli, haqqında danışılan bu kimi yüzlərlə faktlar onu göstərir ki, Prezident İlham Əliyev ali vəzifəsinin icrasına başlayarkən verdiyi vədləri ardıcıl şəkildə yerinə yetirir, hər zaman xalqının xidmətində olduğunu nümayiş etdirir. Xalq da öz prezidentinə inanır və onun liderliyi ilə ölkəmizin qarşıdakı illərdə bütün sahələrdə daha böyük  zəfərlərə imza atacağına əmindir.