Qvami Məhəbbətoğlu |
Ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə dövründə əvvəlki vaxtlarda olduğu kimi, sosial layihələr uğurla həyata keçirilir, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri daim diqqətdə saxlanılır. Hətta Şamaxı, Ağsu və İsmayıllı rayonlarında ötən ilin fevralın 5-də baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri belə çətin dönəmdə uğurla davam etdirilir.
Bu diqqət və qayğı sayəsində görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, qısa zaman kəsiyində çoxlu fərdi evlər, o cümlədən çoxmərtəbəli binalar tikilib, təmir olunub. Məsələn, bu ilin may ayında Şamaxıda olan dövlətimizin başçısına məlumat verilmişdi ki, ötən il baş vermiş zəlzələdən sonra rayonda bütövlükdə 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində belə deyil. Əgər həmin ölkələrdə təbii fəlakət baş verirsə, evlər uçursa, təmir-bərpa işləri sığorta şirkətlərinin üzərinə düşür. Ölkəmizdə isə göründüyü kimi, təbii fəlakətin fəsadları vətəndaşın dövlətə etimadı, dövlətin isə vətəndaşının qayğısına qalmaq vəzifəsinin birliyi sayəsində həll olunur.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin zəlzələ baş verən ərazilərə baş çəkərkən insanlarla həmsöhbət olması onlarda ruh yüksəkliyi yaratmışdı. Yəni onlar bir daha əmin olmuşdular ki, zəlzələnin fəsadları dövlətimizin başçısının diqqət və qayğısı sayəsində aradan qaldırılacaq. Prezident İlham Əliyev bu ekstremal hadisəyə operativ reaksiya verməklə hər zaman öz vətəndaşlarının yanında olduğunu bir daha nümayiş etdirmişdir. Ümumiyyətlə, daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərinin operativ həlli istiqamətində tədbirlər görmək dövlət başçımızın fəaliyyətində önəmli yer tutur.
Bu gün, daha doğrusu, koronavirus pandemiyasının ölkəmizdə müəyyən çətinliklər yaratmasına baxmayaraq həmin maddi və mənəvi dəstək davam etdirilir. Belə ki, avqustun 20-də Prezident İlham Əliyev Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədi ilə həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə üç milyon manat ayrılıb. Bu yerdə Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq... Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır.”
Bu mənada həmin Sərəncamı dövlət başçımızın söylədiyi fikirlərin əməli işdə təsdiqi kimi dəyərləndirmək olar. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev indiyədək həmin zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə son sənədi də nəzərə alsaq, 7 Sərəncam imzalayıb. Bu sərəncamlar əsasında həmin rayonlara 30 milyon manata yaxın vəsait ayrılıb
Xatırladaq ki, ötən il Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələlər nəticəsində onlarla fərdi yaşayış evləri qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərə ziyan dəymişdi. Belə ki, aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalı vəziyyətə düşmüşdür. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac vardı. Bunlardan başqa, Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirinə ehtiyac duyulurdu.