Qvami Məhəbbətoğlu |
Danılmaz faktdır ki, koronavirus pandemiyası özünü təkcə xəstəlik kimi göstərmədi, bu bəla əhalinin sağlamlığına, sosial vəziyyətinə də mənfi təsir etdi. Odur ki, dünyanı cənginə alan koronavirus pandemiyası ölkəmizə çatar-çatmaz dövlətimiz insanların sağlamlığı, sosial rifahı naminə bütün imkanlarını səfərbər etdi. Üstəlik, Prezident İlham Əliyev bəyan etdi ki, bu çətin günlərdə dövlətin əsas məqsədi həm əhalinin sağlamlığını qorumaq, həm də sosial müdafiəsini təşkil etməkdən ibarət olacaq. Elə belə də oldu. Belə ki, qoruyucu vasitələr istehsal edən müəssisələr istifadəyə verməklə, yeni xəstəxanalar tikməklə, xəstələrin müalicəsi üçün hər cür şərait yaratmaqla həmişə olduğu kimi, bu dəfə də dövlətimiz öz vətəndaşının yanında olduğunu bir daha subut etdi.
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər arasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusilə təqdirəlayiqdir. Hər şeydən əvvvəl ona görə ki, pandemiya dönəmində heç bir vətəndaşımız diqqətdən kənarda qalmadı. Təkcə bir faktı qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə etdi. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 660 min işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması təmin olundu. İşsiz vətəndaşların, aztəminatlı ailələrin, qeyri-formal məşğulluq fəaliyyəti göstərən insanların sosial müdafiəsini təmin etmək üçün 600 min nəfərə 190 manat vəsait ödənildi. Yaşlı insanlar qayğı ilə əhatə olundu, fermerlərə və sahibkarlara maddi dəstək göstərildi və sair.
Mütəxəssislərin fikrincə, pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə ünvanlı sosial yardım, həmçinin məşğulluq proqramlarının icrası da öz töhfəsini verdi. Belə ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilib. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımdan faydalanır. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə etdi.
Bu dövrdə sosial sahədə atılan mühüm addımlardan biri də ictimai iş yerləri ilə bağlı oldu. Belə ki, dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırıldı. Özünüməşğulluq proqramına gəldikdə, dövlət əhalinin məşğulluğunun artmasına daha böyük önəm verdi. Bu da təbiidir. Çünki əmək qabiliyyətli əhalinin özünüməşğulluğun təmin olunması sosial müdafiənin ən yaxşı yolu hesab olunur. Cari ildə bu proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq proqramının icrası ilə bağlı demişdir: “Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də sosial siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və cari il bu baxımdan rekord göstəricidir... Biz insanları özünüməşğulluq proqramı ilə rekord sayda əhatə edəcəyik – 12 min, heç vaxt bu qədər olmayıb. Həmişə 7 min, 8 min olubdur, bu, rekord saydadır.”
Prezident İlham Əliyev avqustun 7-də “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Özünüməşğulluq proqramının daha da genişləndirilməsi üçün cari ildə bi istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 milyon manat artırılaraq 78 milyon 735 min 400 manata çatdırılıb. Bu, bir daha sübut edir ki, ölkəmizdə aparılan sosial islahatların əsas məqsədi ölkənin hər bir vətəndaşına qayğı göstərməkdir. Bu məqsədə nail olmaq üçün sosial müdafiə sahəsində daim qanunlar təkmilləşdirilir və bundan sosial qayğıya ehtiyacı olan insanlar getdikcə daha çox faydalanırlar.
Bütün bunlara istinadla qeyd etmək olar ki, həyata keçirilmiş tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir. Bu mənada dünyanı çənginə almış koronavirus pandemiyasının inkişaf etmiş ölkələri belə problemlər qarşısında qoyması fonunda ölkəmizdəki vəziyyət həqiqətən də qürurvericidir.