KÖŞƏ

Elçin Zaman

Əli Kərimlinin qrantları təkbaşına yemək təcrübəsi

01 iyun 2018 14:20
4210

Artıq sıravi cəbhəçilər partiyaya gələn maliyyə vəsaitinin Əli Kərimlinin ailə xərclərinə yönləndirilməsinə üsyan edirlər

Azərbaycan Respublikası Prokurorluğu və Daxili İşlər Nazirliyinin bu həftə birgə yaydıqları məlumata görə, Rusiya vətəndaşı, 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra hakimiyyəti başçısı vəzifəsində işləmiş Saleh Rüstəmov orada AXCP-yə sponsorlar axtarıb tapıb və onlardan hər ay 30 min dollar toplayaraq Bakıya göndərib. Burada qurulmuş xüsusi şəbəkə vasitəsilə həmin pullar Əli Kərimliyə çatdırılıb. 2016-cı ilin martından bəri Kərimliyə 412 min dollar verilib.

İndi məlum olur ki, niyə Əli Kərimli həmin dövrdə heç bir ehtiyac olmadan tez-tez mitinqlər keçirirmiş. Çünki pul göndərənlərə iş göstərmək lazım idi. Axı Kərimliyə Rusiyadan pul göndərən ayrı-ayrı şəxslər, biznesmenlər hər halda, axmaq deyillər, onlar göndərdikləri pulun müqabilində Azərbaycan hakimiyyətinə qarşı müəyyən fəallıq görmək istəyiblər. Amma məsələnin ən maraqlı tərəfi də məhz bundan sonra başlayır.

Əslində, Əli Kərimlinin keçirdiyi aksiyaların təşkili üçün böyük vəsaitin lazım olmadığı da məlumdur. İki ildə keçirilən bütün aksiyalara Kərimlinin həmin müddətdə aldığı 412 min dolların (bu, 700 min manat edir) ən yaxşı halda onda biri xərclənə bilərdi. Bəs qalan pulları, təxminən 600 min manatı AXCP sədri nə edib?

Təbii ki, ənənəvi şəkildə həzm-rabedən keçirib. İndiyə qədər partiyasına gələn bütün qrantları təkbaşına xərclədiyi kimi... Bu istiqamətdə onun böyük təcrübəsi var. Partiyaya gələn maliyyə vəsaitinin cüzi bir hissəsi görüləcək işlərə və oradakı insanlara ayrılır, qalanı isə Əli Kərimlinin ailə xərclərinə yönləndirilir. 

İndi aydınca görünür ki, Əli Kərimlinin ətrafındakı insanların onu tərk etməsinin əsas səbəblərindən biri də məhz onun pul işlərində hər dəfə öz komandasını aldatması olub. AXCP sədri partiya üçün gələn vəsaiti özü mənimsəyir, ətrafındakılara isə “kasıbçılıqdır” deyərək onları yola verir. Bu zavallı cəbhəçilər isə daha belə yalanlara dözməyərək, partiyanı sürətlə tərk edirlər.

Təbii ki, bu dəfə də  AXCP- ni tərk edənlərin sayı artacaq. Çünki AXCP-nin sıravi üzvündən tutmuş rayon rəhbərlərinə kimi çoxu ona hər ay Rusiyadan 30 min dolların gəldiyini bilmirdilər. Yəqin ki, bu, hələ ancaq bir mənbədən gələn maliyyədir, şübhəsiz ki, xeyli başqa qaynaqlar da var... Prokurorluğun bu işin üstünü açması və məsələni ictimailəşdirməsi, çox güman ki,  AXCP-də yeni qırğınlara səbəb olacaq. Amma Kərimli üçün işin ən pis tərəfi heç də bu deyil. Yəqin ki, bu hadisədən sonra onun Rusiyadan gələn maliyyə kanalı quruyacaq.   Bax, Kərimlini narahat edən də məhz bu amildir.

Ümumiyyətlə, məlum olub ki, Əli Kərimli kənardan yardım adı ilə daxil olan bütün vəsaitləri özünün nəzarətinə alaraq, bu barədə təşkilatdakı ən yaxınlarına belə düzgün məlumat vermədən, xüsusi məqsədlər üçün xərcləyib. Zillət və yoxsulluq içində yaşayan sıravi və funksioner cəbhəçilərin heç bir ehtiyacları qarşılanmadığı halda, həmin pullar AXCP sədrinin İngiltərədə yaşayan ailə üzvlərinin təminatlı yaşam tərzini təmin etmək üçün xərclənib.

Ötən həftə cəmiyyət AXCP sədrinin daha bir riyakarlığının şahidi oldu. O əvvəlcə Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin istintaq təcridxanasında ölməsi barədə yalan məlumatı dövriyyəyə buraxdı. Düzdür, bir gün sonra yalanını özü təkzib etdi. Təbii ki, burada sual yaranır ki, belə bir dezinformasiyanı buraxmaqda onun məqsədi nə olub?

 Əli Kərimli oyununun məqsədi Saleh Rüstəmovu “öldürməklə” diqqəti istintaq prosesindən yayındırmaq idi.  Eyni zamanda, belə bir görüntü yaratmaq istəyirdi ki, guya Saleh Rüstəmovdan ifadələr almaq üçün ona işgəncə verilib. Cəmiyyətdə belə bir fikir yaratmaq cəhdi Kərimlinin qabaqlayıcı gedişi idi. Çünki o bilirdi ki, hüquq mühafizə orqanları artıq maliyyə maxinasiyalarının izinə düşüblər və yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək. Belə bir vəziyyətdə Saleh Rüstəmovun həqiqətən də ölməsini Kərimli çox istəyərdi, amma gücü ancaq özünün Rusiyadakı  qanunsuz maliyyə menecerini yalandan 1 günlüyə öldürməyə çatdı.

Artıq cəbhəçilər yaxşı anlayırlar ki, mənəvi cəhətdən təmiz olmayan insanların onlara rəhbərlik etməyi düzgün deyil.