Zahid Rza |
Azərbaycanda iqtisadi siyasətin əsas parametrlərindən biri də sahibkarlığın daha da inkişaf etdirilməsidir. Genişmiqyaslı islahatların davam etdirilməsi, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər, regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, infrastruktur təminatının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bank sektorunun sağlamlaşdırılması, vergi və gömrük sahəsində sistemli islahatların aparılması sahibkarlığın inkişafına böyük töhfələr verib.
Bundan başqa, ölkə başçısının Fərman və sərəncamlarının, Dövlət proqramlarının uğurlu icrası, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də sahibkarlığın inkişafına ciddi təkan verib.
Bu gün ölkə başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş kənd təsərrüfatı sahəsində davamlı inkişafın və dayanıqlılığın artırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılması və aqrar sığortanın tətbiqi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər, aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır.
Bu günlərdə Prezident İlham Əliyevin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydalarını təsdiq etməsi və Fondun nizamnaməsində dəyişikliklər etməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilməlidir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.
Mövcud iqtisadi paket çərçivəsində hazırda sahibkarlara yarım milyard manat güzəştli kreditin təklif edilməsi nəzərdə tutulub. Həmin kredit portfelinin 60 faizinə dövlət özü zəmanət verəcək. Bununla yanaşı, sahibkarlara veriləcək 1 milyard manatadək kreditə subsidiya tətbiq olunacaq. Yəni həmin kreditlərin 10 faizi dövlət tərəfindən subsidiya kimi veriləcək. Digər tərəfdən, güzəştli kreditlərin verilməsinin yeni qaydalarının təsdiq edilməsi onu göstərir ki, sahibkarların postpandemiya dövründə güzəştli kreditlərdən istifadə imkanları genişlənəcək. Bu da imkan verəcək ki, sahibkarlar güzəştli kreditlərdən daha geniş şəkildə istifadə etsinlər.
Təbii ki, bütün bunlar sahibkarların kredit təminatına müsbət təsir göstərməklə bərabər, bu sahədə dayanıqlı inkişafın təmin edilməsinə, istehsalın artmasına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi təkan verəcək. Eyni zamanda, iqtisadi aktivliyin bərpa olunması ilə yanaşı, kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılmasını, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunu daha da artıracaq, bütövlükdə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə böyük töhfələr verəcək.