Qvami Məhəbbətoğlu |
Bu günə qədər ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayı 8530 nəfərdir. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 14 mini ötüb. İşğalçı ölkədə ölənlərin sayı da hər gün artır. Belə ki, ölənlərin sayı 227 nəfəri keçib. Azərbaycanda isə bu göstərici 102 nəfər təşkil edir. Bu, əhalisi 3 milyondan da az olan Ermənistan üçün əsl faciədir. Bu yerdə xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyana da koronavirus diaqnozu qoyulub. Ekspertlərin bildirdiklərinə görə, Ermənistan Cənubi Qafqazda koronavirus pandemiyası ilə bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir. Nikol Paşinyan koronavirusa yoluxma hallarının kəskin artmasına görə ölkənin cəhənnəmə çevrildiyini etiraf edib.
Şübhəsiz, bu da işğalçı ölkənin koronavirus pandemiyasının yesirinə çevrilməsindən, eləcə də güc strukturlarının və səhiyyə sisteminin, bir sözlə, Nikol Paşinyan hökumətinin həssas dönəmlərə hazır olmadığından xəbər verir. Elə bu səbəbdən sözügedən ölkənin siyasətçiləri, ziyalıları bu məsələdə Nikol Paşinyanı günahlandırırlar. Belə ki, onlar iddia edirlər ki, hər bir ölümdə Ermənistanın baş nazirinin əli var, çünki dövlət bu bəlaya qarşı mübarizədə operativlik göstərməyib, ancaq öz siyasi rəqiblərini zərərsizləşdirməkdə, daha çox inandıqlarını vəzifələrə gətirməkdə davam edib. Bu mənada Nikol Paşinyan insanların sağlamlığını deyil, yalnız öz hakimiyyətini saxlamaq üçün mübarizə aparır. Amma hökumətdəki kadr dəyişiklikləri heç bir uğurla müşayiət olunmur. Bu da baş nazirin öz komandasında birliyin olmamasından xəbər verir.
Hətta iş o yerə çatıb ki, Nikol Paşinyan indi də qısa zamanda etimad göstərib vəzifəyə gətirdiyi insanları istefaya göndərir. Bununla da Nikol Paşinyan bütün məsuliyyəti öz kadrlarının üzərinə atmaqla, onları karantin tədbirlərini lazımi səviyyədə təşkil edə bilməməkdə ittiham etməklə öz imicini xalqın gözündə qoruyub saxlamağa çalışır. Amma bu da onun köməyinə yetmir. Belə ki, verdiyi vədlərin heç birini yerinə yetirməyən Nikol Paşinyan artıq xalqın da gözündən düşüb. Bu məqamda Prezident İlham Əliyevin iyunun 9-da üç modul tipli xəstəxananın açılışında dediyi bu sözləri xatırlatmaq yerinə düşərdi: “Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”. Bu isə o deməkdir ki, koronavirus pandemiyası populist çıxışları ilə hakimiyyəti zəbt etmiş Nikol Paşinyan və onun komandasının yarıtmaz fəaliyyətini bir daha ortaya qoyub.
Qeyd edək ki, indi Nikol Paşinyana lənət oxuyanların arasında bir vaxtlar onunla ən yaxın müttəfiqlik münasibətlərində olan qüvvələr də var. Məsələn, Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” Partiyası arasında qarşıdurma artıq pik həddə çatıb. Hətta partiya onu istefaya da səsləyib. Nikol Paşinyan bu partiyanın fəallarını məhv edəcəyi ilə hədələsə də, onlar geri çəkilməyəcəklərini bildiriblər. Üstəlik, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan “İşıqlı Ermənistan” Partiyası da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığı qənaətindədir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan da fəallaşıb. Hətta erməni mətbuatının yazdığına görə, Paşinyan ondan xüsusi təhlükə hiss edir. Yaranmış vəziyyət eks-prezident Serj Sarkisyanın komandasını da fəallaşdırıb, onlar artıq revanş götürməyə hazırlaşırlar. Bu arada erməni hərbi ekspert Hayk Nahapetyan bütün nüfuzlu siyasi qüvvələri birləşməyə çağırıb. Onun fikrincə, hazırda Ermənistanda koronavirusdan xilas olmağın yolu Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdan keçir. Bir sözlə, işğalçı ölkədə mövcud siyasi gərginlik artmaqdadır.