Zahid Rza |
Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin edir, irəliyə doğru inamlı addımlar atır
Dünyanı cənginə alan qlobal pandemiyanın yaratdığı çətinliklərin ayrı- ayrı ölkələrin iqtisadiyyatına göstərdiyi mənfi təsir fonunda Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyası sayəsində Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik ölkələr sırasında yer alır. Azərbaycanın bugünkü iqtisadi inkişaf mənzərəsi belə bir uğurlu nəticəni göz önündə sərgiləyir.
Ölkəmiz bu ağır şəraitdə ixrac məsələsində yenə üstünlüyünü qoruyub saxlayır. Belə ki, bu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637 milyon dollarını, yaxud 39,4 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. Cari ilin birinci rübündə qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artıb.
Bu gün planeti cənginə alan pandemiyanın dünya ölkələri üçün törətdiyi mühüm fəsadlardan biri iqtisadiyyatın durğunlaşması, eləcə də həm daxili, həm də xarici investisiyaların həcmində qeydə alınan azalma ilə bağlıdır. Bu bəzi ölkələr üçün daha kəskin xarakter alıb və onların iqtisadi inkişafının geriləməsində əsas rol oynayan faktora çevrilib.
Danılmaz həqiqətdir ki, pandemiya ilə əlaqədar olaraq xarici kapitallı şirkətlər bir sıra ölkələri tərk edirlər. Azərbaycan ilə bağlı isə bunun əksi baş verir. Respublikamızda qeyri-neft sektorunun davamlı olaraq yüksək artım tempinin təmin edilməsi, infrastrukturun əhəmiyyətli dərəcədə müasirləşdirilməsi, sənaye sektorunun inkişafına yönəldilən investisiyaların ölkədə elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə imkan verməsi ölkə iqtisadiyyatına yatırılan sərmayələrin ümumi həcminin davamlı artmasına əlverişli imkan yaradır. Həmçinin biznes mühitinin əlverişliliyi, sərmayədarların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, azad rəqabət mühitinin olması, ölkəmizin özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi yerli və xarici sərmayədarların Azərbaycana investisiya yatırmasını şərtləndirən başlıca amillərdir.
Son illərdə qeyri-nef sektorunun inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlar, həyata keçirilən tədbirlər də bu məsələdə həlledici rol oynayıb. Prezident İlham Əliyev bununla əlaqədar bildirib: “Xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanın çox gözəl imkanları var. Biz özümüzü etibarlı tərəfdaş kimi göstərdik və Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir.”
Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan bu gün də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir. Hazırda xarici kapitallı şirkətlər Azərbaycanda fəaliyyət göstərməyə, ölkə iqtisadiyyatına sərmayə qoymağa maraq göstərirlər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin verdiyi məlumata görə, bu ilin aprel ayında Azərbaycanda xarici kapitallı 21 şirkət qeydiyyata alınıb. Yeni şirkətlər xidmət, ticarət və sənaye sahələrində işləmək niyyətində olan Pakistan, İran, Türkiyə, Gürcüstan, Hindistan vətəndaşları və hüquqi şəxsləri tərəfindən yaradılıb.
Göründüyü kimi, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin böyük əksəriyyətində iqtisadiyyatın zəifləməsinə, ümumi daxili məhsulun rekord həddə qədər geriləməsinə yol açan koronavirusun törətdiyi fəsadlara baxmayaraq strateji hədəflərin düzgün müəyyənləşdirilməsi, iqtisadi modernləşdirilmənin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, genişmiqyaslı iqtisadi, siyasi, hüquqi, kadr və struktur islahatlarının uğurla reallaşdırılması, COVID-19-un iqtisadiyyatın bütün sahələrinə təsirini azaltmaq üçün atılan çevik addımlar sayəsində Azərbaycan qlobal pandemiya dövründə də iqtisadiyyatının dayanıqlığını təmin edir.