KÖŞƏ

Zahid Rza

04 may 2020 10:30
2547

Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün heç nə edə bilmərik

Paşinyandan acizanə etiraf: Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün heç nə edə bilmərik

Koronavirus böhranı dövründə Ermənistanda 4300 abunəçinin elektrik enerjisi kəsilib, 700-dən çox abunəçinin qaz təchizatı dayandırılıb

COVİD-19 pandemiyası onsuz da sosial-iqtisadi tənəzzül keçirən Ermənistanı xaotik vəziyyətə salıb. İşğalçı ölkə bu gün faktiki olaraq iflic vəziyyətindədir. Baş nazir Nikol Paşinyanın Ermənistanda apardığı səbatsız siyasət bu ölkəni ağır sosial gərginlik məngənəsinə salıb sıxmaqdadır.

Məhz buna görə də hazırda işğalçı ölkədə ictimai-siyasi gərginlik durmadan güclənir. İş o yerə çatıb ki, Ermənistan ictimaiyyəti və KİV-lər koronavirusla, eləcə də ölkədəki acınacaqlı sosial-iqtisadi vəziyyətlə bağlı ayrı-ayrı hakimiyyət nümayəndələrinin verdikləri ziddiyyətli açıqlamalara inanmadıqlarını bildirirlər. Ermənistan baş nazirinin müavini və eyni zamanda fövqəladə vəziyyət komendantı Tiqran Avinyan “Novosti Armeniya” saytına verdiyi açıqlamada bildirib ki, may ayının 4-dən sonra bəzi sahələrin, o cümlədən gözəllik salonlarının və bərbərlərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin götürüləsi ehtimalı olsa da, tikinti sektorunda və nəqliyyatdakı yüksək risklər nəzərə alınaraq bu sahələrlə bağlı məsələləri mayın ortalarında nəzərdən keçirmək olar.

Tiqran Avinyanın bu açıqlamaları sosial şəbəkələrdə qısa müddətdə lağ obyektinə çevrilib. Məsələn, Ermənistanın “Qolos Armenii” saytındakı yazının müəllifi komendanta belə bir sual ünvanlayıb: “Bu gün şəhərdə fəaliyyəti ləğv edilən nəqliyyatı bərpa etmədən fövqəladə vəziyyət rejimini necə asanlaşdırmaq olar? Belə görünür ki, komendantın dediyi kimi, fəaliyyəti bərpa ediləcək gözəllik salonu və ya bərbərxanaların işçilərinin iş yerinə gəlib çatıb-çatmaması onların öz problemidir”.

Paşinyan hökumətinin COVID-19 virusu ilə mübarizə adı altında vətəndaşların telefon zəngləri vasitəsilə izlənilməsi də ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb. Belə ki, Ermənistan parlamenti çərşənbə axşamı “Mənim addımım” əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini Prezident Armen Sarkisyan təsdiqləyib. Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir. Müxalif fraksiyalar isə bu qanun layihəsini demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər.

Bütövlükdə Ermənistan hökuməti ölkədəki problemləri həll etmək iqtidarında deyil. İş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan özünün başçılıq etdiyi Nazirlər Kabinetini “keyfiyyətsiz bir komanda” adlandırıb. Ermənistan mətbuatının yaydığı məlumatdan aydın olur ki, bu ölkənin baş naziri Nikol Paşinyan bu günlərdə “Facebook”da canlı yayımda Ermənistan cəmiyyəti üçün bir sıra sensasion açıqlamalar verib. Ermənistan lideri hətta gələn ilin Ermənistan üçün çox pis olacağını söyləyib: “Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq heç nə edə bilmərik. İndi kim deyə bilər ki, koronavirus böhranı nə qədər davam edəcək? Məsələn, mən bunları deyə bilərəm: Hesablamalarımız göstərir ki, ən azı gələn ilin martına qədər bu böhran içində boğulacağıq. Deyirəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistana, hökumətə, siyasi hakimiyyətimizə və ən əsas da nüfuzumuza təsir edəcək.”

Erməni mediası Paşinyanın Ermənistan cəmiyyətinə “gələcək addımlar” barədə düşünməyi, yəni hökumətin istefasını tələb etməyi təklif etdiyini də yazıb.

 Bu məsələ ilə bağlı Ermənistanın Politik.am saytı belə yazıb: “Bu anda belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. Bundan əlavə, baş nazir Ermənistan dövlətinin pensiya ödəmək gücünə malik olmayacağı bir vəziyyətin yarana biləcəyini belə istisna etməyib.”

“Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmun Marukyan Nikol Paşinyan hökumətini tənqid edərək bildirib ki, hökumət koronavirus böhranı dönəmində insanları ac saxlayır: “Siz ehtiyacınız olanda onları seçki məntəqələrinə gəlməyə çağırırsınız. İndi bu insanlar acdır, siz isə onların qaz və elektrik enerjisini kəsirsiniz. Qənaət edilmiş vəsait var, amma bu pulu vermirsiniz”.

E.Marukyan, həmçinin deyib ki, 4300 abunəçinin elektrik enerjisi kəsilib, 700-dən çox abunəçinin qaz təchizatı dayandırılıb və minlərlə insan qida, elektrik enerjisi üçün son pulunu verib: “Bütün dünyada insanlara pul verilib və bu, ən effektiv haldır. İndi mən hökumətdən ÜDM-in neçə faizini verməyə hazır olduğunu soruşanda, bu suala cavab vermirlər.”