Zahid Rza |
Azərbaycan bütün bəşəriyyəti lərzəyə salan COVİD-19 virusu ilə mübarizə tədbirləririni uğurla davam etdirir. Bu gün ölkəmizdə koronavirus xəstələrinin ən yüksək şəraitli xüsusi xəstəxanalarda müalicə olunması, onların müalicəsinə yüksək ixtiasalı tibb işçilərinin cəlb edilməsi nəticəsində bu virusa yoluxanlar arasında sağalma prosesi gedir. Mütəxəssislər bildirirlər ki, koronavirusa yoluxan insanların yüksək şəraitdə müalicə edilməsi, onların müayinəsinin düzgün aparılması üçün lazım olan bütün avadanlıqların mövcudluğu, o cümlədən testlərin alınaraq xəstələrə tətbiq edilməsi bu nəticələrin əldə olunmasının əsas səbəblərindəndir .
Respublikamızda COVİD-19 virusuna qarşı həyata keçirilən mübarizə tədbirləri, xüsusilə karantin rejiminin daha da sərtləşdirilməsi, xəstəliyin yayılmasının qarşısının alınması üçün görülən bütün işlər bu prosesə müsbət təsir edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi davamlı tədbirlər nəticəsində artıq bu virusdan sağalananların sayı ilə yoluxanların sayı arasında fərq azalmaqdadır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciətində bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində respublikamızda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb.
Onu da xüsusi vurğulamaq lazımdır ki, koronavirus xəstəliyi ilə mübarizədə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında çox səmərəli əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə qədər qoyub. ÜST-ün ekspert qrupu ölkəmizə dəvət olunub. Ekspert qrupu aidiyyəti dövlət qurumları, xüsusi ilə də səhiyyə təşkilatları ilə birlikdə ətraflı müzakirələr aparıb. Ümumilikdə ÜST Azərbaycanda koronavirusla mübarizədə görülən işlərə çox yüksək qiymət verib.
Bundan əlavə, tanınmış beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan hökumətinin gördüyü preventiv təhlükəsizlik tədbirləri sayəsində ölkə ərazisində COVID-19-un yayılma dinamikası digər dövlətlərlə müqayisədə çox azdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyət göstərir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb. Eyni zamanda, ölkəmizdə insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün qabaqlayıcı tədbirlər görülür. Hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bundan başqa, ölkə başçısının təşəbbüsü ilə ən müasir standartlara cavab verən “Yeni klinika” tibb ocağı istifadəyə verilib. Bütün müalicə və müayinə işini ən yüksək səviyyədə, dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən bu tibb müəssisəsində koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsi nəzərdə tutulub. Karantində olan vətəndaşlarımız Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir.
Azərbaycanın hökumətinin dünyada tüğyan edən koronavirusla mübarizə istiqamətində gördüyü bu işlər, həyata keçirdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşünə qoşulan ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Azərbaycana təşəkkür edib: “COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm”.