Elçin Zaman |
Koçaryandan sonra Serj Sarkisyanın da həbsinə hazırlıq gedir
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən panel müzakirələrdə ölkəmizin başçısının qətiyyətli və arqumentlərlə zəngin çıxışı Paşinyanın siyasi nüfuzunu həm ölkəsində, həm də beynəlxalq miqyasda sıfıra endirib. Ermənistanda isə Paşinyana qarşı ciddi iradlar və hətta təhqirlər başlayıb. Eyni zamanda, erməni diasporu Paşinyanın bu məğlubiyyətindən ciddi narahat olduğunu ifadə edib.
Digər tərəfdən, Ermənistanda bütün sahələrdə, o cümlədən sosial sferada artan problemlər də artıq baş nazir üçün ciddi çətinliklər yaradır. Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlar atır. Ona qarşı çıxan qüvvələr indi baş naziri müxtəlif məsələlərdə sərt şəkildə ittiham edərək, ölkəni uçuruma yuvarladığını bildirirlər.
Paşinyan isə hakimiyyətini möhkəmləndirmək üçün keçmiş iqtidar təmsilçilərini həbs etdirərək məqsədinə nail olmaq niyyətini açıq şəkildə göstərir. Bunun ən real təsdiqlərindən biri Ermənistanın keçmiş prezidenti Robert Koçaryandan sonra Serj Sarkisyanın da həbs təhlükəsi ilə üzləşməsidir. Belə ki, sabiq prezident haqqında cinayət işi məhkəməyə göndərilib və ilk məhkəmə prosesi fevralın 25-də keçirilib. O, vəzifədə olarkən 1 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Ermənistan baş prokurorluğunun mətbuat katibliyinin məlumatına görə, prokuror ittihamnaməsində göstərilir ki, Serj Sarkisyan bir milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasında təqsirləndirilir. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və “Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb. Hətta ötən ilin dekabrında Sarkisyanın əmlakı üzərinə həbs qoyulub.
İstintaqın gəldiyi nəticəyə görə, vəzifədən sui-istifadə kəndlilərə dizel yanacağının münasib qiymətlərlə satılması üzrə hökumət proqramı çərçivəsində baş verib. Cinayət işinin materiallarına əsasən, Sarkisyan tabeçiliyindəki şəxslərə dizel yanacağının tədarükçüsü qismində “Fleş” şirkətini seçməyi tapşırıb. Halbuki digər şirkət - “Masxur” şirkəti daha ucuz qiymət təklif etmişdi. Müstəntiqlər hesab edirlər ki, sabiq prezident tamah məqsədilə sövdələşmədən özü üçün maksimum mənfəət götürmək niyyəti güdüb.
Paşinyan hakimiyyətinin əhaliyə verdiyi əsas vədlərdən biri sosial-iqtisadi problemlərin həlli, yeni iş yerlərinin yaradılması ilə bağlı idi. Amma son vəziyyətin təhlili göstərir ki, iqtidar nəinki yeni iş yerləri açır, əksinə, olanları da bağlayır. Bu da Ermənistanda kütləvi narazılıq yaradır, Paşinyana qarşı çıxanların sayının sürətlə artdığını göstərir. İşğalçı ölkədə vurğulanır ki, Nikol Paşinyanın hakimiyyətə olan hədsiz yanğısı onun əldə etdiyi bütün “uğurları”na artıq kölgə salmaqdadır.
Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Paşinyan etdiyi hər canlı yayım, hər sosial şəbəkələrdəki statusu və hər mətbuat konfransı ilə reytinqini, cəmiyyətin ona olan inamını itirir. Qeyd olunur ki, bir vaxtlar müxalif deputat kimi çıxışları ilə xalq arasında az da olsa nüfuz qazanan Nikol Paşinyan Ermənistanda baş nazir olandan sonra qazandığı bu nüfuzu artıq xərcləyib qurtarmaq ərəfəsindədir. Təsadüfi bir adamın hakimiyyəti ələ keçirib əsassız iddialarla çıxış etməsi, təbii ki, “bəhrəsini” verməkdədir.
Erməni ekspertlərin fikrincə, Ermənistan vətəndaşları sabaha ümidsiz baxırlar. Hesab edirlər ki, Paşinyanın məğlubiyyəti ilk növbədə bölgələrdən və kəndlərdən başlayacaq. Səbəbi də indiyə kimi effektli idarəetmə sisteminin yaradılmaması ilə bağlıdır. Yəni, inqilabçı baş nazirin verdiyi vədlərin fiaskoya uğramasıdır. Effektiv idarəetmə sisteminin yaradılmaması əyalətdə yaşayan insanların həyat şəraitinin pisləşməsinə səbəb olub. Ona görə də son aylarda bölgələrdə mütəmadi olaraq etiraz aksiyaları keçirilir. Burada digər bir məqam isə Paşinyan komandasının yekcins və təcrübəsiz olmasıdır. Komanda təcrübəsiz olduğundan fikir ayrılıqları yaranmaqda və bu proses dərinləşməkdədir.