Zahid Rza |
Siyasəti sağlam təməllərdən uzaqlaşdırıb çirkli oyunlara alət edən bu Azərbaycan əleyhdarları fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində yerli əlaltıları olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, gündə bir səngər dəyişən Gültəkin Hacıbəyli kimiləri qrantlarla bəsləyərək ölkəmizin əleyhinə “qara piar” kampaniyasını daha da genişləndiriblər. Anti-Azərbaycan şəbəkə bu dəfə daha “orijinal” üsula əl ataraq Avropanın müxtəlif ölkələrində məskunlaşan, erməni lobbisinin təsiri altında olan qüvvələrin toruna düşən bəzi səbatsız, Vətən, xalq təəssübündən uzaq xain gəncləri - “sapı özümüzdən olan baltalar”ı da öz məkrli oyunlarına alət ediblər. Belələrindən Orduxan Teymurxan, Emin Hüseynov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid kimi “marionetkalar” yalançı “imtiyazlı həyat şərtləri” vədlərinə şirniklənərək dövlətimizin və onun simvollarının əleyhinə məkrli, ikrahdoğurucu fəaliyyət göstərərək öz ağalarından aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu marginal dəstənin baş koordinatoru da AXCP sədri Əli Kərimlidir. Əslində Ə.Kərimli siyasətlə yox siyasətbazlıqla, “siyasi məhbus” alveri ilə məşğuldur.
Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz anti-milli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.
Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, anti-milli ünsürlərin, Vətən əxlaqını itirənlərin çirkli niyyətlərinə yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib. Sosial baza və elektorat sarıdan korluq çəkən dağıdıcı müxalifət başbilənləri fevralın 9-da keçiriləcək parlament seçkilərində məğlub olacaqlarını əvvəlcədən bildiklərindən müxtəlif əsassız bəhanələrlə seçkiləri boykot etmək yolunu seçiblər. İşbirliyində olduqları anti-Azərbaycan dairələrdən aldıqları ənamların müqabilində onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalan bu merkantillər həm qaçılmaz məğlubiyyətlərini ört-basdır etmək, həm də xarici Azərbaycan əleyhdarları olan ağalarının qəzəbinə tuş gəlməmək üçün müxtəlif vasitə və variantlara əl atsalar da, heç nəyə nail ola bilməyəcəklər. Sonda isə iflas edərək siyasi səhnədən silinib gedəcəklər.