KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin radikal müxalifət düşərgəsindəki məkrli oyunları

27 noyabr 2019 20:26
2465

Radikal düşərgənin lokomotivlərindən olan Müsavat Partiyasında miqrant alveri ilə bağlı üzə gizlinlər, müsavatçıların cəmiyyətin gözündə dəyərsizləşməsi, rəzil duruma düşməsi bineyi-qədimdən bu təşkilata qarşı gizli və açıq oyunları ilə daim gündəmin müzakirə mövzusuna çevrilən AXCP sədri Əli Kərimlini daha da fəallaşdırıb. Son vaxtlar Əli Kərimlinin hərəkət trayektoriyasına, Müsavat Partiyası ilə bağlı qurduğu çoxgedişli kombinasiyalarına və hiyləgər gedişlərinə diqqət etmək kifayət edər ki, onun bu fəallığının səbəbləri aydınlaşsın. Düzdür, o, həmişə olduğu kimi, öz çirkin niyyətlərini məkrli şəkildə pərdələməyə çalışsa da, necə deyərlər, cidanı çuvalda gizlədə bilmir.

Əslində Ə.Kərimlinin radikal düşərgədəki müsavatçı “əqidədaşlarına” qarşı xəyanətkarlığının, satqınlığının uzun bir tarixi olduğunu cəmiyyətimiz yaxşı bilir. Ona görə burada məlum həqitləri bir daha təkrarlamaqdan, AXCP sədrinin nəinki öz radikal “dostlarına” hətta öz liderinə qarşı xəyanətkarlığının, satqınlığının və simasızlığının ən kiçik detalları barədə sicilləmə yazmaq niyyətindən uzağıq.

 Ancaq Ə.Kərimlinin son vaxtlar Müsavat Partiyası üzərindəki çirkli oyunları, əl altından çevirdiyi işlər bir daha sübut edir ki, bu keçmiş komsomolçu xarici antiazərbaycan dairələrdən, havadarlardan alınan qrantları təkbaşına mənimsəmək üçün bu keçmiş komsomolçu öz bolşevik babalarının metod və üsullarından istifadə edərək radikal düşərgədəki yandaşlarını, xüsusi ilə Müsavat Partiyasını sıradan çıxarmağa, daha doğrusu, özünə tabe etməyə, təsir dairəsinə salmağa yönəlmiş hərəkətləri və həvəsi səngimək bilmədiyindən diqqəti daha çox cəlb edir.

Ə.Kərimli Müsavat Partiyasının bu il oktyabr ayında keçirilən qurultayında Tofiq Yaqublunu irəli verərək onun başqan seçilməsi üçün öz tərəfdarları vasitəsilə sosial şəbəkələrdə məqsədli şəkildə təbliğat aparıb, saxta adlarla yazılan statuslarda necə deyərlər, onu partlayanacan şişirtdi. Təbii ki, bütün bunlar Müsavat Partiyasının “başbilənləri”nə, xüsusi ilə İsa Qəmbər və Arif Hacılı yaxşı məlum olduğundan onlar da özlərinə xas üsullardan istifadə edərək qabaqlayıcı tədbirlər gördülər. Çirkli və məkrli oyunların qaydalarını Ə.Kərimlidən heç də pis bilməyən İ.Qəmbər məhz buna görə də tədbirli davranaraq Ə.Kərimlinin Müsavat Partiyasına uzanan yolunu “minaladı” və A.Hacılının təşkilata sədrliyini təmin etdi. Bundan sonra Ə.Kərimli çarxı başqa cür fırlatdı. Oktyabrın 19-da icazəsiz mitinqdə T.Yaqubdan trolları vasitəsilə yenidən bir “mücahid” obrazı yaratmaq üçün siyasi mübarizədə qəbul olunmayan, siyasi əxlaqa zidd “fəndlər” işlətdi. Bütün bunlar bir nəticə verməyəndə isə özünün marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənlini irəli verdi. C.Həsənlinin Ə.Kərimlinin təlimatı ilə bu qurumun sədrliyinə T.Yaqublunun namizədliyini irəli sürdü. Əslində Ə.Kərimlinin bu gedişi də Müsavat Partiyasının parçalanmasına hesablanmışdı. Ə.Kərimliyə görə T.Yaqublu amorf təşkilat olan, AXCP sədrinin göstərişlərini yerinə yetirən “Milli Şura”nın sədri olarsa, o zaman Müsavat Partiyasından qopmalar baş verər və oradakı İ.Qəmbər-A.Hacılı cütlüyünün idarəçiliyindən narazı olanlar T.Yaqublu ilə birlikdə “Milli Şura”ya gələrlər.

Göründüyü kimi, Ə.Kərimli öz xəyanətkar xislətinə uyğun olaraq yenə də çirkli oyunlar ssenariləşdirməkdə davam edir. Şübhəsiz bütün bunlar radikal müxalifət daxilindəki ziddiyyətləri gərginləşdirərək sonda onsuz da antimilli fəaliyyəti ilə cəmiyyətdən təcrid olunan bu düşərgənin parçalanmasına gətirib çıxaracaq. Bu öz yerində. Ancaq burada əsl məsələ Ə.Kərimlinin xəyanətkar, satqın, dağıdıcı, pozucu əməllərindən hələ əl çəkməməsindədir.

Ə.Kərimlinin iyirmi beş ildən artıq müddətdəki “siyasi” fəaliyyətinə, onun xəyanətkarlıqla dolu xronologiyasına yaxından diqqət edəndə məşhur rus yazıçısı Leonid Andreyevin bəşər oğlunun üzərində əsrlərdir baş sındırdığı mövzuya - insan xəyanətkarlığına həsr olunan “İuda İskariot” povestini xatırlamamaq olmur. Yazıçı bu əsərində ən qədim satqınlıq əməlinin mahiyyətini, bu əməli törədən İudanın daxili aləmini, onu belə addım atmağa sövq edən insani motivləri açıb göstərməyə cəhd edir. Müəllif öz əsəri haqqında deyirdi ki, burada əsas məqsədi xəyanətkarlığın psixologiyasını açmaq olub. Əsərin “qəhrəmanı” olan İudanı olduğu kimi göstərmək üçün onu digər həvarilərlə müqayisə edir. Bu həvarilərin heç biri İudaya ciddi yanaşmır, onu yalançı, hiyləgər və qeyri-səmimi sayır, eyni zamanda, ondan ehtiyat edirlər. Povesti yüksək qiymətləndirən Lev Tolstoy deyirdi ki, Andreyevin təsvir etdiyi İuda öz süniliyi və saxtakarlığı ilə adamı dəhşətə gətirir.

Antimlli radikal müxalifətin İudasının-Ə.Kərimlinin xəyanətkarlıq xronoligiyası isə ondan da betərdir...