KÖŞƏ

Zahid Rza

Radikalların 19 oktyabr rəzaləti: xalq dağıdıcılığı qətiyyətlə rədd edir

22 oktyabr 2019 10:15
2613

Oktyabrın 19-da Bakı şəhərində baş verənlər bir daha sübut etdi ki, ötən 25 ildə dünya dəyişsə də, nə dağıdıcı müxalifətin mahiyyəti, nə də fəaliyyət prinsipləri, üsul və “taktikaları” dəyişməyib. Xarici anti-Azərbaycan dairələrin dirijor çubuğu ilə hərəkət edən “Milli Şura”nın və AXCP-nin şənbə günü paytaxtın küçələrində törətdiklərini əslində küçə aktyorlarının antimilli tamaşası kimi dəyərləndirmək lazımdır. 19 oktyabr hadisələri bir daha təsdiq etdi ki, Azərbaycan əleyhdarlarının çirkli pullarının, xam xəyallarının köləsi olan bu marginallar öz ambisiyalarını reallaşdırmaq naminə nəinki paytaxtı, hətta bütün ölkəni xaos və anarxiya girdabına sürükləməyə hazırdırlar. Bütün bunlar onların dağıdıcı mahiyyətindən və siyasi cəhalətindən, eləcə də məkrli qüvvələrin əlində alət olmalarından  irəli gəlir.

Hələ bu qanunsuz aksiyaların anonsunun verildiyi vaxt yazmışdıq ki, Ə.Kərimlinin məqsədi mitinq yox, ölkədə sabitliyi pozmaqdır. “Milli Şura”nın bir neçə gün bundan əvvəl mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti müsbət cavablandırılmış və  mitinq üçün Lökbatan qəsəbəsində yer ayrılmışdı. Ancaq “Milli Şura” və AXCP zor və qarşıdurma yolunu seçərək şəhərin mərkəzi küçələrində, xüsusilə metronun “28 may” stansiyası ətrafında ictimai asayişi pozmaq, nəqliyyatın hərəkətini iflic etmək üçün bütün qüvvələrini səfərbər etdilər. Bakı Nəqliyyat Agentliyi məcbur qalıb14 marşrutun istiqamətini dəyişdi. Təbii ki, bunun nəticəsində onminlərlə insanın rahatlığı pozuldu, onların mənzilbaşına çatmasında problemlər yaşandı. Bakı Metropoliteninin “28 May”, “Ş.İ.Xətai”, “C.Cabbarlı” stansiyalarının fəaliyyətinin dayandırılması nəticəsində isə yüz minlərlə insan mənəvi və fiziki əziyyətlər çəkdi.

Oktyabrın 19-da siyasi cəhətdən tamamilə tükənmiş Ə.Kərimlinin və 100-150 nəfər tərəfdarının oyunbazlıqları bir daha göstərdi ki, bu antimilli qüvvələr üçün mitinqlər bəhanədir. Onların əsl məqsədi ölkəni yenidən ötən əsrin 90-cı illərində olduğu kimi, xaos və anarxiyaya sürükləmək, vətəndaş qarşıdurması yaratmaqdır. Ancaq vətəndaşlarımızın, şəhər əhalisinin qaragüruhçulara olan etinasız münasibəti isə bir daha təsdiq etdi ki, xalqımız dağıdıcı müxalifətin bütün bu çirkin əməllərini ikrahla qarşılayır.

Tamamilə reallıq hissini itirmiş Ə.Kərimlinin icazəsiz aksiyalar zamanı saxlanılarkən guya polislər tərəfindən döyülməsi isə ağ yalandan və onun “əzabkeş” obrazının yaradılmasından başqa bir şey deyil. Həmin gün axşam Ə.Kərimli tələsik Sevinc Osmanqızının internet TV-nə çıxaraq zarıya-zarıya saxlanılan zaman guya polislərin onunla kobud davranmalarından, avtobusun içərisində ona zor tətbiq etmələrindən, hətta bir neçə nəfərin onu amansızlıqla döyməsindən danışdı. AXCP sədri zavallı görkəm alaraq daxili orqanlarının zədələnməsindən, hətta onun müayinə zamanı xərəklə daşınmasından da şikayət etdi.

Əslində bütün bunların yalan və uydurma olması kənardan açıq-aşkar hiss olunurdu.  Daxili İşlər Nazirliyi ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib. Belə ki,  DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov Əli Kərimlinin hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxıldığını deyərək bildirib ki, onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Ə.Kərimli hospitalda baş beyin kompyuter tomoqrafiyası, abdominal və torakal kompyuter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılıb və müayinə protokolları ona təqdim olunub. Hospitalın rəisi onu da deyib ki, o, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb. O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib. Beləliklə də, Ə.Kərimlinin yalanları üzə çıxdı və o, növbəti dəfə ifşa olundu.

Cəmiyyətimiz yaxşı bilir ki, dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir. Şənbə günü hüquq mühafizə orqanlarımız tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alındı. Hadisələr zamanı qaragüruhçuların bütün təxribatçı hərəkətlərinə rəğmən təmkinlə davranan polis öz peşəkarlığını bir daha nümayiş etdirdi.

Oktyabrın 19-da həm anti-Azərbaycan dairələr, həm də onların ölkəmizdəki əlaltıları bir daha gördülər ki, xalqımız dağıdıcılığı, pozuculuğu, inkarçılığı qətiyyətlə rədd edərək ölkədəki inkişafı, sabitliyi, əmin-amanlığı birmənalı olaraq dəstəkləyir, Prezident İlham Əliyevin və onun yeritdiyi siyasətin ətrafında sıx birləşir. Cəmiyyətimizin bütün təbəqələri hüquq mühafizə orqanlarından, aidiyyətı qurumlardan dağıdıcı qüvvələrin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət verilməsini tələb edir.