Zahid Rza |
Uzun illərdən bəri, xüsusilə 2014-cü ildən başlayaraq davam edən tənəzzül Müsavat Partiyasının IX qurultayında bir daha təsdiq etdi ki, bu təşkilat 2014-cü ildən başlayan iflasın ən son nöqtəsindədir. Dağıdıcı müxalifət düşərgəsinin aparıcı təşkilatlarından olan Müsavat Partiyasının oktyabrın 13-də keçirilən ən ali tədbiri - qurultayı başda İsa Qəmbər olmaqla demokratiyadan, azad seçkidən, səmimiyyətdən dəm vuran “demokratların” bütün saxtakalıqlarını, riyakarlıqlarını və oyunbazlıqlarını yenidən ortaya çıxardı.
Qurultayda keçirilən səsvermənin nəticəsinə əsasən, Müsavat Partiyasının 2014-cü ilin sentyabrın 27-dəki qurultayında İ.Qəmbərin yerinə başqan seçilən A.Hacılı səslərin 262-sini alaraq növbəti dəfə bu vəzifəyə sahibləndi. Partiyanın Divan üzvləri Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs alaraq oyundankənar vəziyyətdə qaldılar.
“Billur” şadlıq sarayında keçirilən qurultayda heç də hər şey şəffaf və billur kimi olmadı. Əksinə qurultay əvvəlcədən hazırlanmış ssenari üzrə məntiqi sonluqla yekunlaşdı və həşəmətli “demokrat”, mahir intriqalar ustası İ.Qəmbərin gizli və açıq dəsətəyini alan A.Hacılı 2023-cü ilə qədər Müsavat Partiyasının başqanı oldu. Partiya rəhbərliyinə seçkilərin gizli səsvermə yolu ilə keçirilməsi, səslərin jurnalistlərin və müşahidəçilərin gözü qarşısında sayılması, bu prosesin canlı yayımda translyasiya edilməsi isə manipulyasiyadan başqa bir şey deyildi.
Əslində A.Hacılının qurultayda təşkilata yenidən başqan seçilməsi heç də sirr deyildi. Müsavat Partiyasının mətbəxinə az-çox bələd olanlar bunu əzbər bilirdilər. Məsələ bundadır ki, İ.Qəmbər-A.Hacılı cütlüyü başqanlığa namizəd olan Y.Sadıqlını ciddiyə almırdılar. Səsvermədə uduzan Y.Sadıqlı baş verənlərlə bağlı dərinə getmədi. O, hələlik sadəcə olaraq öz etirazını sosial şəbəkələrdə bildirərək, “Müsavat dəyişmədi, hamımıza keçmiş olsun” yazmaqla kifayətləndi. Bu cütlüyün əsas dərdi başqanlığa digər namizəd, partiyanın Divan üzvü, həm də “Milli Şura”nın üzvü T.Yaqublu idi. Ona görə də bütün qüvvələri səfərbər edərək, hətta öz tərəfdarlarını təlimatlandıraraq qurultayda “İsa bəəy”, Arif bəəy” qışqırdaraq T.Yaqublunu nokauta salmaq üçün əllərindən gələni etdilər. Yəni “STOP” T.Yaqublu-”Milli Şura” dedilər. Bu cütlük T.Yaqublunu neytrallaşdırmaqla, əslində AXCP sədri, “Milli Şura”nı öz marionetkasına çevirən Əli Kərimlini neytrallaşdırmış oldular. İstər İ.Qəmbər və A.Hacılı, istərsə də onların tərəfdarları T.Yaqubluya Ə.Kərimlinin adamı kimi baxır, sosial şəbəkələrdə sıravi müsavatçıların statuslarının dili ilə bunu açıq-aşkar büruzə verirdilər. Yazılan statuslarda onlar T.Yaqublunu nəzərdə tutaraq bildirirdilər ki, heç kimə icazə verməyəcəklər ki, Müsavat Partiyasını AXCP-nin marionetkası halına gətirsin. Heç Ə.Kərimlinin də trolları sakit durmadılar. Qurultaydan sonra trollar A.Hacılıya dəstək verən İ.Qəmbəri Müsavat Partiyasına, müsavatçılığa xəyanətdə ittiham etdilər.
Bütün bunlar onu göstərir ki, Müsavat Partiyasında sular bu tezliklə durulmayacaq və qısa müddətdə təşkilatdan güclü qopmalar olacaq. Sosial şəbəkələrdəki vəziyyət, yazılan statuslar bunu açıq-aşkar göstərir.
Deyəsən, Müsavat Partiyası da dağıdıcı düşərgənin digər bir təşkilatı, marginallaşaraq cəmiyyətdən təcrid olunan AXCP kimi özünün qurub çağını, iflas dövrünü yaşayır. Digər tərəfdən görünən odur ki, Ə.Kərimli tərəfindən, necə deyərlər, İ.Qəmbərin şəxsi obyektinə çevrilmiş Müsavat Partiyasına “desant” kimi atılmış T.Yaqublu ilə bağlı qurultayda baş verənlər, onun bütün vasitələrlə A.Hacılıya dəstək verən İ.Qəmbərlə qarşı-qarşıya gəlməsi AXCP ilə Müsavat Partiyası arasında uzun illərdən bəri davam edən ziddiyətləri bundan sonra daha da dərinləşdirəcək. Partiyanın sonuncu qurultay-şousunda baş verənlər buna dəlalət edir...