KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Zübeyr oğullarının “törəmələri”

10 sentyabr 2019 13:07
9762

Tarixi faktlar əsasında çəkilmiş “Muxtarnamə” adlı serial var. İmam Hüseynin (ə) intiqamını alan Muxtar Səqəfi Kərbəla dəhşəti baş verən zaman Kufədə məhbəs həyatı yaşayırdı. O, həbsdən çıxdıqdan sonra günahlarından arınmaq üçün Məkkəyə gedir.

Həmin dövrdə Məkkədə inqilab edərək özünü müsəlmanların xəlifəsi elan etmiş, müxtəlif fırıldaqlarla - fırlanıb baş gicəlləndirən kətil ilə, taxtı ilə tavandan aşağı enərək özünün seçilmiş olduğunu xalqa sırıyan Zübeyrin oğlu Abdullah Muxtar Səqəfini öz ordusuna dəvət edir. Zübeyrin oğlu da, Muxtar Səqəfi də Yezidi düşmən kimi qəbul etdiyindən - biri hökumətinin qorunması, digəri isə İmam Hüseynin (ə) intiqamını almaq üçün -  müəyyən şərtlərlə əməkdaşlıq edirlər. Yezidin ordusu Məkkəyə hücum edib müqəddəs Kəbə evini yandırdığı zaman Zübeyrin oğlu Abdullah gerçək simasını göstərir. Belə ki, o, Kəbə evinin söndürülməsinə nəinki çalışmır, əksinə, baş vermiş hadisəyə sevinir, alovun söndürülməsinə çalışanlara mane olurdu. Hesab edirdi ki, Kəbə evində yanğının miqyası nə qədər böyük olarsa, insanlar Yeziddən üz döndərib onun xilafətini qəbul edər. Necə ki, Azərbaycan siyasi siferasında dağıdıcı mövqeyi ilə öyünən AXCP-nin Zübeyrilərin təfəkkürünə sahib olan bir çox təmsilçisi üçün müqəddəs olan heç nə yoxdur. Onların yeganə dəyəri partiya sədridir. Nə vətəndaş, nə də dövlət bunlar üçün önəmli deyil.

Bunların cəmiyyətdə apardıqları təbliğata diqqət yetirsək görərik ki, fikirlərimdə nə dərəcədə haqlıyam. Siyasi mövqeyindən asılı olmayaraq, bunlar kimi düşünməyən hər kəsi təhqir edir, aşağılayır, xəyanətkar adlandırırlar. Millətimizin müqəddəs dəyərlərini ayaqlar altına ataraq dəyərsizlik mühiti yaradıb, ləyaqətli insanları mübarizələrdən çəkindirməyə cəhd edirlər. Hakimiyyəti qoyduq bir kənara. Bunlar müttəfiq adlandırdıqları müsavatçıları söymədilərmi? Bu gün  ReAl-çıları necə, söymürlər? Söyürlər. Həm də ən ağır formada. ReAl-çıları niyə söyürlər? Ona görə söyürlər ki, seçkilərdən boyun qaçıraraq ölkəmizin beynəlxalq imicinə xələl gətirmək istəyən AXCP-çilərdən fərqli olaraq seçkilərə qatılacaqlarını bəyan edib, seçkiləri boykot edənlərin ermənilərin əlaltısı olduqlarını bildiriblər. Onlar da deyirlər ki, ReAl satılıb. AXCP-çilərə görə, Azərbaycan maraqlarından çıxış edən hər kəs xain, xəyanətkar, satılmış insanlardır. Maraqlıdır, necə olur ki, öz dövlətinə, millətinə xidmət etmək xəyanətkarlıq kimi eybəcər əməl hesab edilir, amma ermənilərin maraqlarına xidmət edəcək fəaliyyətlər göstərmək şərəfli iş sayılır?

Hər vəchlə çirkin niyyətlərini reallaşdırmağa çalışan AXCP-çilər düşmənlə üzbəüz dayanan əsgərimizi ruhdan salmağa cəhd göstərir, erməni silahlılarını yeni işğallara ruhlandırmağa, əhalini iğtişaşlara, üsyanlara təhrik etməyə, dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Son zamanlar apardıqları anti-Azərbaycan təbliğatlarına yenisi əlavə olunub. Azərbaycanı terroru dəstəkləyən dövlət kimi təqdim etmək, silah qaçaqmalçılığı ilə rəsmi şəkildə məşğul olmaq imicini yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər. Niyə edirlər bunu? Nə üçün millətimiz üçün müqəddəs olan Azərbaycanın nüfuzuna xələl gətirmək, ölkəmizə qarşı beynəlxalq təzyiq və sanksiyaların qəbul edilməsinə çalışırlar? Cavabı çox düşünmək lazım deyil. Zebeyr oğlu Abdullah müqəddəs Kəbə evinin yanmasına niyə sevinirdisə, bunlar da yadellilərin Azərbaycana yuxarıdan aşağı baxmasına rəvac verirlər. AXCP-çilər hesab edirlər Azərbaycanı terroru dəstəkləyən dövlət kimi tanıdanda, rəsmi şəkildə silah qaçaqmalçısı kimi qəbul etdirəndə yadellilər ölkəmizə hücum edib xalqımızı qıracaq, hökuməti taxtdan salacaq. Bunlar da qarışıqlıqdan istifadə edib iqtidar olacaqlar. Bunlara etimad göstərməyən öz xalqına zilləti xidmətdən üstün tutan AXCP-çilər iqtidar olmaq üçün Azərbaycanı yandırıb günahını da mövcud hakimiyyətin üzərinə atmaq istəyirlər. Eyni ilə siyasi mənfəətləri üçün Kəbə evinin yanmasına sevinən Zübeyr oğulları kimi...