KÖŞƏ

Məhərrəm Ağalaroğlu

“Troya atı”nın əsgərləri”

30 iyul 2019 19:01
9516

Yaxud müxalifət əbasında erməni ədası

Məntiq və təcrübə deməyə əsas verir ki, adamlar adətən fəaliyyətlərinə maneə gördükləri insanlara qarşı mübarizə aparır, bunun üçün potensialı və ya adekvat cavab vermək üçün yetərli arqumentləri olmadıqda şər-böhtan atmağa, yalanlarla qaralamağa başlayarlar.

Revanşist, dağıdıcı müxalifət qüvvələri tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, digər ictimai nüfuzlu dövlət xadimlərinə qarşı qaralama kampaniyası aktiv fazada aparılır. Xüsusilə “Troya atı”nın əsgərləri” funksiyasını icra edən qüvvələrin dövlətimizin inkişafı, millətimizin rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini uğurla həyata keçirən, üzərinə düşən vəzifəni layiqincə icra edən dövlət xadimlərini hədəf seçməsi əbəs deyil. Hökumət nümayəndələrinin anti-Azərbaycan qüvvələrə qarşı barışmaz mübarizəsi, dövlətimizin əleyhinə fəaliyyət göstərən yerli və xarici birlik və qurumlara qarşı sərt mövqeyi əllərində tənkid etməyə heç bir arqumentləri olmayan qüvvələrin saxta ittihamlarla qaralama kampaniyası aparmalarına səbəb olub.

Nüfuzlu dövlət xadimlərimizə qarşı artan hücumların digər səbəbi isə Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan, heç bir dövlətin diqtəsi ilə hərəkət etməyən, dövlətimizin güclənməsi və xalqımızın rifahı naminə qarşılıqlı əməkdaşlıq prinsipini rəhbər tutaraq uğurla balanslaşdırılmış siyasət yürüdən Prezident İlham Əliyevi siyasi meydanda tək qoymaq, xalqın etimadını sarsıtmaqdır. Onlar belə hesab edirlər ki, Azərbaycanda bunların dövlət idarəçiliyi sahəsindəki səriştəsizliyinə nabələd olan yeni nəsil yetişib. Yetişən yeni gəncliyin təcrübəsizliyindən istifadə edərək dezinformasiyalarla, saxta ittihamlarla manipulyasiya edib öz tərəflərinə çəkəcək, milli maraqların müdafiəçisi olan dövlətimizin başçısına qarşı ayaqlandıra biləcəklər. Amma arzuları gözlərində qaldığı üçün dağıdıcılar yeni və çirkin proqram əsasında mübarizəyə başlayıblar. Diqqət yetirsək görərik ki, bu insanların hədəf və həmlələri çirkin olduğu qədər də millətimiz üçün təhlükəlidir. Belə ki, ilk növbədə dövlətimizin bütün sferalarda inkişafını təmin etmiş və bu istiqamətdə fəaliyyətini davam etdirən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də milli maraqların təmin edilməsində dövlətimizin baçısının tövsiyə və tapşırıqlarını uğurla icran edən kadrlara qarşı qaralama kampaniyası aparırlar. Sual olunur niyə? Cavab çox sadədir: Əgər kadrları qaralayıb ictimai nüfuzdan salsalar Prezidenti daha yaxşı hədəfə ala biləcəklər. Ətrafı boşalan Prezident isə bunlara təslim olacaq.

“Troya atı”nın əsgərləri” o qədər eybəcər informasiya savaşı aparırlar ki, əməlləri ancaq torpaqlarımızı işğal edən Ermənistan hökumətinin əlini gücləndirir. Diqqət yetirin, Azərbaycan Prezidentinin fəaliyyətinə kölgə salmaq, ictimai nüfuzuna xələl gətirmək üçün Silahlı Qüvvələrimizin 2016-cı və 2018-ci illərdəki uğurlu əməliyyatlarına kölgə salır, ermənilərin psixoloji sarsıntısını aradan qaldıraraq yeni işğalçılıq arzularını reallaşdırmalarına zəmin yaratmaq üçün Azərbaycan Ordusunun zəif olduğu fikrini formalaşdırırlar. Təəssüf ki, şəxsi maraqlarını hər şeydən üstün tutanlar, müxalifət əbasına bürünərək erməni ədası ilə dövlətimizin nüfuzuna, millətimizin mənafelərinə xələl gətirməyə çalışanlar bu günlərdə hər birimizi kədərləndirən hadisəni - “MİQ-29” hərbi təyyarəmizin təlim zamanı radardan itməsini siyasi manipulyasiya mövzusuna çevirməyə cəhd edirlər. Azərbaycanı Rusiyadan köhnə təyyarələri yeni adı ilə almaqda ittiham edənlər NATO ölkələrində, NATO standartlı təyyarələrin qəzaya uğramasını necə izah edə bilərlər? Ümumiyyətlə, izah edə bilərlərmi? Məsələn, ötən ay Almaniyada hərbi təlimlər zaman iki hərbi təyyarə havada toqquşmuşdur. Hər halda, Almaniya kimi dövlət köhnə təyyarə almaz. Yaxud, ötən ilin noyabrında ABŞ-da təlim zamanı “T-38C” tipli hərbi təyyarə qəzaya uğramışdır. Mən bilərəkdən siyahını uzatmıram, lakin qeyd etdiyim iki superdövlət Rusiyadan təyyarə almayan, hansısa dövlətin köhnə hərbi texnikasına ehtiyac duymayan NATO ölkələridir ki, hərbi təyyarə qəzaları baş verib. Hesab edirəm ki, bu iki faktın özü “Troya atı”nın əsgərləri” funksiyasını icra edənlərin iddia və ittihamlarını iflasa uğradır.