KÖŞƏ

Məhərrəm Ağalaroğlu

Şakəri bollar və dollar...

04 sentyabr 2019 11:53
10205

Tibbdə “şəkər” xəstəliyi var. Daha doğrusu xəstəliyin adı şəkərli diabet olsa da, el arasında qısaca olaraq “şəkər xəstəliyi” adlandırılır. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu xəstəliyin daşıyıcıları mövcuddur. Bu xəstəliyi həkimlər qısaca olaraq həyat tərzi adlandırırlar. Yəni ömrünün sonuna qədər pəhriz saxlayaraq xəstəliyin inkişafının qarşısını almalısan.

Bir də şakər var, yəni vərdiş. Psixoloji xəstəlik adlandıra biləcəyimiz şakərin analitik, sintetik və avtomatlaşma kimi mərhələləri mövcuddur. Təlim və ya iş prosesi dövründə qazanılan şakər istənilən vəziyyətdə asanlıqla tətbiq edilən davranışdır. Eyni ilə şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutaraq anti-Azərbaycan təbliğatı aparan qüvvələr kimi... Onları şakəri bollar da adlandıra bilərik. Çünki çoxlu vərdişləri var.

İstər ölkəmizdə dağıdıcı mövqe tutmuş radikal müxalifət partiyalarında təmsil olunanlar, istərsə də xarici dövlətlərə sığınaraq dövlətimizə qarşı əxlaqsız üsullarla mübarizə aparan şəxslər böyük ehtimalla xarakterlərini elə tərbiyə ediblər ki, şakərləri şəkərli diabet xəstəliyi kimi həyat tərzinə çevrilib. Dərd burasındadır ki, şəkər xəstəliyinin davası olsa da şakərin dərmanı yoxdur.

Şakəri bolların bir neçə liderləri var. Onlardan biri var ki, şakəri bolların hamısı üçün lider olmasa da kiçik bir hissəsi üçün liderdir. Adı Əli, soyadı Kərimli olan həmin bu lider bir yerdə liderdir, başqa bir yerdə isə lider olmasa da liderini saymayıb özünü lider kimi aparır. Hə, bu liderin bir də alçaltmaq şakəri var. Yazdıq axı, bunların şakəri boldur. Nə isə, bu lider şakərindən qalmayaraq bir zamanlar lider olmaq üçün öz liderini alçaltdırırdı, indi yeni liderini aşağılatdırır. Təzəlikçə təzə bir şakəri də yaranıb. On milyonluq xalqı təhqir etmək şakəri. Adam gərək hər şeyi olduğu kimi deyə. Onun təxəyyülünə görə, bunu dəstəkləməyən vətəndaşlar şərəflərini əşya olaraq satıblar. Bunu dəstəkləyənlər isə şərəfli, ləyaqətli insanlardır. Az qala unutmuşdum. Şakəri bolların lideri çevrəsində nə qədər təkamüllü, təfəkkürlü insanlar varsa, hamısını özünə qarşı təhlükə görərək satqın damğası ilə çevrəsindən uzaqlaşdırır.

Bunların şakəri boldur. Yaz-yaz bitməz. Nəinki yaz, heç digər fəsillərdə də bitmir. Necə bitsin? Bir halda ki, onların avtomatlaşma mərhələsində olan şakərləri arzu çiçəklərini bitirmir, o zaman şakərləri niyə bitib tükənsin?

İllər əvvəl idi. Qərbin koalisiya qüvvələri hansısa Şərq ölkəsinə hərbi müdaxilə edirdi. Şakəri bollar da həvəslənmişdilər ki, həmin qüvvələr Azərbaycana da hərbi müdaxilə edərək xalqımızı bombalayacaq, bunlar da fürsətdən istifadə edib iqtidar olacaqlar. Bu niyyətlə də şakəri bolların yekələrindən biri mətbuat vasitəsilə koalisiya qüvvələrini dəstəkləyəcəklərinin mesajını vermişdi. Bu dəfə isə yekəsi yox, lap yekənin, yəni liderin qohumu olan çıqqılı şakəri bol İŞİD-i Azərbaycanda baş kəsməyə dəvət edib. Çıqqılı şakəribolun da dollarları havaya səpmək, silahlarla nümayişkaranə şəkildə şəkillər çəkdirmək kimi başqa böyük şakərləri var. Sonra da lideri şakərindən qalmayaraq əlində silah tutaraq şəkil çəkdirmiş başqasını hökumətin adamı kimi təqdim etməyə cəhd göstərir. Adama deyərlər, “öz gözündəki tiri görmürsənsə, başqasının gözündə tük axtarma. Az qala yadımdan çıxmışdı. Bu çıqqılı şakəri bolun başlarına dollarlar səpdiyi xaricdəki şakəri bollar da var. Oralardakı şakəri bolların da buralardakılar kimi anti-Azərbaycan təbliğatı aparmaq kimi şakərlə yanaşı, yalan məlumatları tirajlamaq, xarici dövlətdə olduqlarından “Sem”, “Con” “dayılarının” onları daha yaxşı qoruyacağına arxayın olduqları üçün tərbiyələrinə uyğun söyüş söymək şakərləri var. Öz aramızdır, onları qınamaq da olmur. Necə deyərlər, kimin qabında nə varsa, ondan istifadə edir.