Zahid Rza |
Müxtəlif vasitələrlə Qərbin bəzi ölkələrində “siyasi mühacir” adı altında məskunlaşan “mühacir müxalifəti”nin son dövrlərdəki fəaliyyətini yalnız və yalnız Azərbaycana, xalqımıza, dövlət və dövlətçiliyimizə qarşı aparılan mənəvi terror kimi qiymətləndirmək olar. Əslində onlara heç siyasi mühacir də demək olmaz. Çünki bu şəxslərin çoxunun əvvəllər ölkəmizdə siyasi fəaliyyətdən uzaq olmaları hamımıza məlumdur. Siyasi mədəniyyətdən uzaq olan Tural Sadıqlı, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Rəfael Piriyev, Səid Nuri kimi səviyyəsiz, mənəviyyatsız və mayası xəyanətkarlıqla yoğrulmuş başıpozuq dəstə bəzi xarici kəşfiyyat xidmətlərinin və erməni lobbisinin təsiri altında olan qurumların çirkli pulları və sifarişləri ilə hərəkət edərək Azərbaycana qarşı ləyaqətsiz bir qarayaxma kampaniyası aparsalar da heç nəyə nail ola bilməyəcəklər. Milli maraq və mənafelərimizi tapdalayan, bütün əxlaqi-mənəvi dəyərləri ayaqlar altına atan, dövlətçilik maraqlarımızı dünya erməniliyinin və anti-Azərbaycan dairələrin çirkli pullarına satan bu xəyanətkarlar çox qısa zamanda cəmiyyətimizin dərin nifrətini qazanıblar.
Erməni lobbisinin və Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin maşasına çevrilən bu yaramaz ünsürlərin siması, daha doğrusu simasızlığı artıq hamıya bəllidir. Azərbaycan əleyhdarı olan dairələrin maliyyə yardımı ilə internet TV-lər yaradıb sosial şəbəkələrdə meydan sulayan, Azərbaycan dövlətini, dövlətçiliyini, ayrı-ayrı ləyaqətli və vətənpərvər insanları hədəfə alanların əsl himayədarlarından biri də ölkə daxilindəki dağıdıcı müxalifətdir. Ortada çox ciddi faktlar var, necə deyərlər, artıq xoruzun quyruğu çoxdan görünür. Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları tərs mütənasib olan dağıdıcı müxalifətin siyasi mühacir adı ilə fəaliyyət göstərən anarxistlərə dəstək verməsi artıq bir reallıqdır və hər addımda özünü büruzə verir.
Xalqın dəstəyindən məhrum olaraq siyasi proseslərdə uzun illərin acı məğlubiyyətini yaşayan dağıdıcı müxalifətin hakimiyyət iddialarını gerçəkləşdirmək üçün bütün vasitələrdən istifadə etmək “taktikası” məhz onun sözdə siyasi mühacir adlanan başıpozuq dəstə ilə işbirliyinə gətirib çıxarıb. Dağıdıcı müxalifətin başbilənlərindən olan AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və onların ətrafındakı Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilərin fəaliyyətlərinə diqqət edəndə açıq-aşkar görünür ki, bu merkantillər öz çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə, hətta radikal dini qruplarla, anarxist dəstələrlə belə işbirliyinə getməyə hazırdırlar. Dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan, AXCP sədri Ə.Kərimlinin trollarının köməyi ilə sosial şəbəkələrdə ölkəmizin əleyhinə at oynadan “siyasi mühacirlər” də məhz bu “demokratlar” üçün ən yaxşı vasitələrdən biridir.
Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çox haqlı olaraq qeyd edir ki, müxalifətin mahiyyətinin və siyasi davranış (yaxud mübarizə) üsullarının radikal şəkildə dəyişməsinin geniş yayılmış formalarından biri mühacir müxalifətçilikdi: “Ölkədaxili siyasi proseslərə kənar müdaxilələrin sınaqdan keçmiş vasitəsi rolunda çıxış etməsi onun ən başlıca təhlükəsidir. Mahiyyət etibarilə mühacir müxalifət və məlum “beşinci kolon” hadisələri bir medalın iki üzüdür: hər ikisi ölkədaxili siyasi proseslərdə xarici maraqların təmsilçisi rolunu oynayır, hətta həmin maraqların həyata keçirilməsində vasitəçilik xidməti göstərir”.
Əslində Qərb ölkələrində məskunlaşaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan “mühacir müxalifəti”nin nümayəndələrini anti-Azərbaycan dairələrin əlində bir vasitə olmaqla yanaşı, həm də beynəlxalq cinayətkar şəbəkənin üzvləri də adlandırmaq olar. Bunu onların həm əvvəllər ölkə daxilindəki, həm də müxtəlif saxta yollarla Azərbaycandan getdikdən sonra xaricdə göstərdikləri fəaliyyət sübut edir.
Bütütn cəmiyyətimiz söyüş, təhqir, böhtan ritorikası ilə hərəkət edən bu xəyanətkar və cinayətkar şəbəkənin yalnız və yalnız Azərbaycanın güclənməsini, inkişafını gözü götürməyən qüvvələrin, xarici anti-Azərbaycan dairələrin sifarişlərini canla-başla yerinə yetriməsini yaxşı bilir. Xalqın nifrət və qəzəbini qazanan bu antimilli ünsürlərin Azərbaycan əleyhinə fəaliyyəti tezliklə iflasa uğrayacaq.
Özünü azərbaycanlı adlandırıb Azərbaycan əleyhinə total “qara piar”, şər, böhtan kampaniyası aparan, bəzi xarici güclərin əlində dövlətimizə və dövlətçiliyimizə qarşı bir vasitəyə çevrilən bu antimilli ünsürlər tarixin və xalqın yaddaşında əbədi olaraq satqın, cinayətkar və xəyanətkar kimi qalacaqlar.