KÖŞƏ

Zahid Rza

Şərin nökərləri

28 avqust 2019 11:46
3308

Bu gün Azərbaycana qarşı planlı və xüsusi ssenari əsasında həyata keçirilən məkrli oyunların əsas təşkilatçılarının, ssenari müəlliflərinin erməni lobbisi və onun təsirində olan təşkilatların çirkli pulları ilə hərəkət edən qüvvələrin olduğu hər kəsə aydındır.  Erməni lobbisi tərəfindən maliyyələşdirilən, anti-Azərbaycan qüvvələrin əlaltısı olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və onların marionetkalarının əsl antimilli sifəti  yenidən ortaya çıxdı.

“Demokrat” maskasına bürünmüş bu marginallar  ətraflarına özləri ağılda olan beş-üç nəfəri, siyasi cəhətdən yetkinləşməmiş, müxtəlif vədlərlə aldadılmış gəncləri, ayrı-ayrı məkrli dairələrin toruna salınmış  adamlarla gündəmdə qalmağa cəhd etsələr də, növbəti dəfə fiaskoya uğradılar. Onların sosial şəbəkələrdə səsləndirilən fikirləri bir daha sübut etdi ki, bu antimilli ünsürlər “demokratiya” anlayışını, onun dəyərini öz əxlaq tərzləri ilə ölçürlər.

Milli maraqları, dövlət, xalq təəssübkeşliyini vəzifə, kreslo hərisliyinə, Azərbaycan əleyhdarlarının bəşəriyyətin bəlalarına çevrilən “ağ ölüm”dən, silah alverindən qazandıqları çirkli pullarından ayrılan tulapayına dəyişən əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, tofiq yaqublular  dünya erməniliyinin və ermənipərəst dairələrin ocağına odun  daşıyaraq onu körükləməkdən əl çəkmirlər. Milli mənliyi, ruhu qısırlaşmış bu dönük məxluqatlar erməni lobbisinin və onların havadarlarının inhisarında olan media orqanlarının, neoimperialist ölkələrin gizli xidmət orqanlarının şübhəli qaynaqlarından maliyyələşən beynəlxalq QHT-lərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasına züy tutmaq üçün dəridən-qabıqdan çıxırlar.

Azərbaycan əleyhdarları bu günlərdə öz xislətlərinə sadiq qalaraq həmişə olduğu kimi, bütün qüvvələrini səfərbər edərək ölkəmizin əleyhinə  apardıqları təbliğat kampaniyasını yeni metod və vasitələrlə daha da gücləndiriblər. Anti-Azərbaycan dairələrin ruporu olan qüvvələr öz çirkin əməllərinin rəngini bir az da tündləşdirmək üçün “sapı özümüzdən olan baltalar”dan, antimilli ünsürlərdən, ölkəmizdəki dağıdıcı müxalifət düşərgəsindən istifadə etməyə cəhd edirlər.

Bu gün özlərini “siyasətçi”, “müstəqil bloqger”, “müxalifət liderləri” adlandıran bu qaragüruhçuların, milli maraq və mənafelərimizi anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən xəyanətkarların Avropanın müxtəlif ölkələrində məskunlaşan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, milli düşüncədən məhrum, orduxan teymurxanlarla, məhəmməd mirzəlilərlə, tural sadıqlılarla, vidadi isgəndərlilərlə, türkel kərimlilərlə işbirliyi içərisində olmaları da hamımıza məlumdur.

Mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların  üzdəniraq fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onlar bu anti-Azərbaycan kampaniyasının bir parçasıdırlar.