KÖŞƏ

Zahid Rza

Xəyanətkarlıq və ləyaqətsizliyin ən son həddi

17 may 2019 10:31
3002

Azərbaycanın inkişafı, tərəqqisi yolunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub.  Bu gün sabitlik, inkişaf və tərəqqi adası olan Azərbaycan məhz ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində regionun lider dövlətinə çevrilib. Azərbaycanın təşəbbüsü, əzmi ilə dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən regional və qlobal enerji layihələri reallaşdırılıb. Beynəlxalq müstəvidə mövqeyini gündən-günə möhkəmləndirən, regionun lokomotivinə çevrilən Azərbaycan beynəlxalq birliyin əsas tərəfdaşı kimi qlobal təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.

Dünya nizamının yenilənməsi ilə müxtəlif bölgələrdə, xüsusilə Yaxın Şərqdə tüğyan edən xaos, anarxiya şəraitində,  beynəlxalq maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan məhz öz müstəqil siyasəti ilə həmin böhrandan ən az itkilərlə çıxaraq sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Son 15 ildə ölkə iqtisadiyyatı 3,2 faiz, büdcə gəlirləri 13,5 faiz, əmək haqqı və pensiyalar 8,6, strateji valyuta ehtiyatları 23, xarici ticarət dövriyyəsi 4,6, ixrac 6 dəfə artıb, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44 faizdən 5,4 faizə enib. Bu müddətdə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Son 15 il ərzində Azərbaycanda 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub, respublikamızda 30-dan çox elektrik stansiyası istifadəyə verilib, 15 min kilometr yol çəkilib.

Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP-ın, TAP-ın,  eləcə də Şimal-Cənub, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin icrası uğurla davam etdirilir. Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018-ci illər Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 137 dövlət arasında 35-ci yerdə, MDB ölkələri arasında  isə 1-ci yerdə qərarlaşıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın prinsipial mövqeyi daha da güclənib. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini azad edib. 2016-cı ilin aprel döyüşləri ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib.

Təbii ki, bütün bunlar Azərbaycan əleyhdarlarını, erməni lobbisini narahat etməyə bilməz. Məhz bu qüvvələr öz xislətlərinə sadiq qalaraq həmişə olduğu kimi, bütün qüvvələrini səfərbər edərək ölkəmizin əleyhinə  apardıqları təbliğat kampaniyasını yeni metod və vasitələrlə daha da gücləndiriblər. Bu qüvvələr öz çirkin əməllərinin rəngini bir az da tündləşdirmək üçün “sapı özümüzdən olan baltalar”dan, antimilli ünsürlərdən, ölkəmizdəki dağıdıcı müxalifət düşərgəsindən istifadə etməyə cəhd edirlər. Dünya erməniliyinin maliyyəsinə şirniklənən, Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə məskunlaşan səbatsız və əqidəsiz, mayası xəyanətkarlıqla yoğrulan,  milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum olan Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid və digərləri, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli,  ermənilərlə işbirliyində olması çoxdan təsdiq olunmuş Leyla Yunus, Arif Məmmədov, İsa Sadıqov kimiləri sosial şəbəkələrdə ölkəmizə qarşı savaş açaraq erməni dəyirmanına su töksələr də, heç nəyə nail ola bilmirlər.

Nəhayət, anti-Azərbaycan şəbəkənin maşasına çevrilən “sapı özümüzdən olan baltalar”a, xüsusilə də Orduxan Teymurxanlı kimi ləyaqətsiz antimilli ünsürlərə demək istərdik ki, özgələrin minnətli çörəyinə, tüpürcəkli tula payına şirniklənərək öz ölkəsi, milləti əleyhinə şər-böhtanla dolu  “qara piar” aparmaqdan əl çəkərək işıqlı gələcəyə doğru inamla irəliləyən xalqımızın cərgəsində yer tutsunlar. Şərlə, böhtanla, təhqirlə heç nəyə nail olmaq mümkün deyil.