Zahid Rza |
Adını “azərbaycanlı” qoyan antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları rolunda çıxış etməsi xəyanətkarlığın və əxlaqsızlığın ən pik nöqtəsidir.
Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, erməni lobbisi və onların nəzarətində olan təşkilatlar (“People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch”) və media qurumları ölkəmizə qarşı yeni qarayaxma kampaniyasına start veriblər. Əslində bu, yeni bir şey deyil. Ölkəmizin güclənməsini istəməyən, onun inkişafına qısqanclıqla yanaşan, ən əsası isə Azərbaycanın xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyata keçirməsini həzm edə bilməyən həmin dairələr respublikamızda keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşaraq öz çirkin əməllərinin miqyasını durmadan genişləndirirlər. Əsassız, absurd iddialarla, şər-böhtan, uydurma yalanlarla, həqiqətlə daban-dabana zidd olan məlumatlarla “silahlanan” həmin nihilist, qaragüruhçular həm ölkəmizin nüfuzuna zərbə vurmaq, həm də həmin beynəlxalq tədbirlərin əhəmiyyətini azaltmaq, onun imicinə ləkə yaxmaq süni ajiotaj yaratmaq üçün min bir oyundan çıxırlar. Ancaq onlar anlamırlar ki, bütün bunların hamısı əbəsdir. Çünki Osmanlı türk qardaşlarımızın dedikləri kimi, onlar atəş olsalar, özləri boyda yeri yakarlar.
Bu öz yerində. Ancaq bu məsələnin elə tərəfi vardır ki, ona toxunmamaq, münasibət bildirməmək, müzakirə etməmək, kənardan durub bu işlərə tamaşa etmək mümkün deyil. Məsələ orasındadır ki, Azərbaycana qənim kəsilən həmin qüvvələr öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün “sapı özümüzdən olan baltalar”dan bir qul kimi çox məharətlə istifadə edirlər. Mayın 13-də Brüsseldə 4-5 nəfər antimilli ünsürün “aksiya” keçirmək cəhdi bunun əyani sübutudur.
İstər ölkə daxilindəki dağıdıcı müxalifət düşərgəsinin təmsilçilərinin, istərsə də Avropanın ayrı-ayrı ölkələrində sərsəri, iyrənc həyat tərzi keçirən, adını “azərbaycanlı” qoyan bəzi antimilli ünsürlərin ölkəmizin əleyhinə aparılan bu şər-böhtan, “qara piar” kampaniyasının hərəkətverici qüvvəsi və siyasi trolları (bəzi dairələr tərəfindən böyük pullarla maliyyələşdirilən, şərəf, ləyaqət, əxlaq, milli qürur tanımayan sosial media canlıları) rolunda çıxış etməsi həyasızlığın və əxlaqsızlığın ən pik nöqtəsidir. Yeri gəlmişkən, sosial medianı zəbt edərək, sosial internet əxlaqını pozan trollar əslində mifoloji varlıqlardır. Skandinaviya ölkələrinin folklorunda əsasən, div və ya cücə kimi şəkillənən, mağaralarda yaşayan çirkin varlıqlar olan trollar, həm də çağdaş uşaq hekayələrində əsasən körpülərin altında gözləyən, yolçuları müxtəlif işlərlə oyalayan və ya xərac kəsən xarakterlər olaraq göstərilirlər.
Mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların üzdəniraq fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onlar bu anti-Azərbaycan təbliğatın yalnız vintcikləridir. Son vaxtlar sosial şəbəkələri, o cümlədən “You toube” və “Facebook”u izləyərkən bəlli olur ki, söyüş makinaları olan, Avropanın zibilliklərində eşələnən, özgələrin minnətli çörəyi ilə “zəhərlənən” Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid və digərləri Vətənimizə, dövlətimizə və onun simvollarına qarşı belə əxlaqsız, mənəviyyatsız hərəkətləri təpədən dırnağa qədər Azərbaycan əleyhdarları olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, ermənilərlə işbirliyində olması çoxdan təsdiq olunmuş Leyla Yunus kimilərin çirkin təlimatları ilə reallaşdırırlar.
Ölkədəki dağıdıcı müxalifət təmsilçiləri və xaricdə “siyasi mühacir” donuna bürünən antimilli ünsürlər, xəyanətkarlar “demokratiya, insan hüquqları, söz, vicdan azadlığı” və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yaydıqdan sonra onları donos şəklində anti-Azərbaycan qüvvələrə ötürürlər. Təpədən dırnağa, sümüyünə, iliyinə qədər Azərbaycan əleyhdarları olan, öz yaşamlarını erməni lobbisinin çirkli pulları ilə təmin edən həmin təşkilatlar məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairələrinə sızdırırlar. Bu dairələr isə həmin donoslardan həm cəmiyyətdə narazılıq yaratmaq, həm də hökumətə təzyiq vasitəsi kimi istifadə edirlər. Bütün bunlar satqınlığın, xəyanətkarlığın, mənəviyyatsızlığın təcəssümü və pik nöqtəsidir.
Özünə hörmət etməyən, heç bir dəyər tanımayan, vicdan ölçüsü daşımayan, əxlaqı pozuq, mənliyini, milli qürurunu, şərəf və ləyaqətini şəxsi maraqlarına, üç-beş qəpiyə satan bu xəyanətkar merkantillərin dövlətimizin mənafeyinə, milli maraqlarımıza zidd, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirən xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən çox ciddi təxribat kimi dəyərləndirilərək birmənalı şəkildə rədd edilir.