KÖŞƏ

Elçin Zaman

Əli İnsanovun ermənipərəstliyi

06 may 2019 10:36
3813

Və yaxud boynuna kəfən salan qocanın görüntüsü

Əli İnsanov ölkə vətəndaşlarının yaddaşnda regionçu, korrupsioner, jurnalistlərə qarşı tərbiyəsiz hərəkətlər edən və ən nəhayət, ulu öndər Heydər Əliyevin siyasi kursuna xəyanət edən birisi kimi qalıb və qalmaqdadır. Hətta Ulu Öndərin qurduğu dövlətə qarşı çıxmasını, ona xain mövqe tutmasını şərh edənlər Əli İnsanovu çörəyi dizinin üstündə olan adam kimi də qınayırlar.

Onun səhiyyə naziri işlədiyi dövrlərdə ölkə səhiyyəsində yaratdığı korrupsiya mexanizmi insanları haqlı olaraq narazı salırdı. Məhz bu riyakar əməllərinə görə ona  dövlət  başçısı Prezident İlham Əliyev tərəfindən dəfələrlə ciddi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o bu rəzil xarakerindən əl çəkmədi. Sonda isə nəinki  vəzifəsindən azad edildi, həm də cinayətlərinin cəzasını almaqla uzunmüddətli həbsə atıldı.

Bu, həmin Əli İnsanovdur ki, həbs olunmaq məqamında ölkə başçısına özünün bağışlanması üçün dəfələrlə yalvardı. Hətta həbsxanada etiraf etdi ki, o dövlətə qarşı xəyanətlərinin cəzasını çəkir.

Prezident İlham Əliyevin humanistliyindən yararlanaraq azadlığa çıxan Əli İnsanov dərhal buqələmun kimi rəngini dəyişdi. O, özünü azadlıq aşiqi və ana müxalifət kimi təqdim etdi. Siyasətdə çox aciz görünən Əli İnsanov çılız hərəkətləri ilə yadda qalmağa başladı. Belə ki, jurnalistlərin “ailəniz sizi həbsxanada ziyarət etdimi”  sualına çox səviyyəsiz, “vor zakon” sayağı cavab verdi: “Mən ailəmin həbsxanaya gəlməsinə razı olmadım, bu, türmə həyatına yaddır”.

Bu nadanın məntiqindən belə çıxır ki, həbsxanadakı həyat yoldaşını, oğlunu, qızını, qardaşını ziyarət edənlər türmə qayda-qanunları ilə hesablaşmayan əxlaqsızlardır. Siyasətçi olmağa iddialı olan Əli İnsanov bir daha göstərdi ki, o bu illər ərzində nəinki inkişaf edib, hətta gerizəkalılığı durmadan yüksəlib.

Əli İnsanov daha bir sərsəm bəyanatı isə belə idi ki guya onun azadlığa çıxmasında Qərbin təsiri və təzyiqi mühüm rol oynayıb. Çox gülməlidir: rüşvətxoru və korrupsioneri Qərbin dəstəkləməsi hansı məntiqə sığır? Bu adam azadlığa çıxdığına görə Prezident İlham Əliyevə deyil, Qərbə minnətdarlıq edirsə, demək riyakarlıq edir. Riyakarlığı isə ondan ibarətdir ki, özünü cəmiyyətə Qərbin adamı kimi göstərməyə çalışır.

Əli İnsanov təkcə dövlətə və xalqa deyil, həm də onu müdafiə edənlərə qarşı da xəyanətlərini davam etdirir. Onun əqidə sürüşkənliyinin nəticəsidir ki, həbsxanada olanda onu dəstəkləyən qondarma “Milli Şura”nı və onun rəhbərlərini azadlığa çıxandan sonra birləşmək üçün öz ayağına çağırır. 

Son zamanlar isə  Ə.İnsanovun xəyanətkarlıq mərəzi daha da şiddətlənib. Belə ki, o, “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə  özünü separatçı erməni ideoloqu kimi göstərir. Bu isə milli xəyanətdən başqa bir şey deyildir. Erməni separatçılarının ideoloji tezis kimi uydurduqları guya ermənilərin Azərbaycanda yaşamasının qeyri-mümkün olması haqqında əsassız şüarının Əli İnsanov tərəfindən dəstəklənməsinə ayrı cür ad vermək mümkün deyil.

Bütün hallarda Əli İnsanov siyasi meyitdir. Onun nə müxalifətə, nə də öz ətrafına bundan sonra da xeyri dəyməyəcək. Çünki simasızların, çörəyi dizinin üstündə olanların etibarı vələyaqəti sıfra düşür. Sıfırların dəyəri isə  elə sıfırdır...